Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda (1 və 2), Gəncə şəhərində, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (3), Gəncə və Naftalan şəhərlərində, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında (4), Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında (5), eləcə də Gəncə şəhərində (6) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi 6 açıq tenderə yekun vurub.
Veteninfo.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Az-Caspian Construction”, “Real-İnşaat”, “Az Graft Construction”, “Parlaq-N” MMC-lər, “Rabitəinşaat” ASC, “Conco” QSC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 3 490,3 min manat, 2 950,2 min manat, 3 118,7 min manat, 2 035,1 min manat, 2 113,4 min manat və 1 030,8 min manat, ümumilikdə isə 14 738,5 min manat ödəniləcək.