image-narbackend

Nar bazarının ağır vəziyyəti – Müharibə ixracatı yarıbayarı azaldıb

image-reklam_sirab_01

Əkin sahəsi artmasa da, istehsal çoxalıb
Son illərdə Azərbaycanda nar istehsalında artım qeydə alınır. Ötən il ölkədə toplam 185 min ton nar yetişdirilib. Cəmi 5 il öncə – 2016-cı ildə qeydə alınan göstərici bundan 40 min ton az – 145 min tona yaxın idi. Bu 5 ildə məhsuldarlıq 30 faiz artsa da, əkin sahələrinin həcmi dəyişməyib. İstər 2016-cı, istərsə 2021-ci ildə nar əkinlərinin sahəsi 2 min hektar olub. Bu baxımdan, məhsuldarlığın artımı göz önündədir: Əgər 2016-cı ildə bir hektarda 79 ton nar yetişdirilmişdisə, ötən il bu göstərici 102 tona yüksəlib.

Azərbaycanda yetişdirilən narın 23 faizi təkcə bir rayonun – Göyçayın payına düşür. Ötən il ölkədə istehsal edilən 185 min ton narın 43 min tonu məhz Göyçayda yetişdirilib. İkinci yeri Kürdəmir rayonu tutur. Ötən il Kürdəmirdə 32 min ton nar yetişdirilib. Bu, ölkə üzrə toplam istehsalın 17 faizi deməkdir. Şəmkir (7.5 faiz), Sabirabad (7.3 faiz), və Hacıqabul rayonları (6 faiz) da nar istehsalına görə ölkədə ilk beşlikdədir. Ölkə üzrə qeydə alınan toplam nar istehsalının 50 faizdən bir qədər artıq hissəsi Mərkəzi Aran iqtisadi rayonunun payına düşüb.

Rusiyaya ixracda 45 faiz azalma var
Rusiyanın Ukraynaya hücumu ilə başlayan və hələ də davam edən müharibə qlobal bazarlarla yanaşı, yerli istehsalçılara da təsir edib. Azərbaycanın nar istehsalçıları da müharibədən təsirlənənlər arasındadır. Axı hər iki ölkə Azərbaycanın ixracında mühüm yer tutur. Özəlliklə kənd təsərrüfatı məhsullarının ixracatçıları üçün hər iki ölkə ayrıca önəm daşıyır. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının son açıqlaması da bu fikri dəstəkləyir. Qurumun rəsmi təmsilçisi mediaya açıqlamasında bu il nar ixracatında ciddi azalma qeydə alındığını dilə gətirib. Ötən il Azərbaycan 22 min tona yaxın nar ixrac edib. Bu, ölkədə yetişdirilən narın təxminən 12 faizi deməkdir.

Qurumun açıqlamasından aydın olur ki, Azərbaycanın ixrac etdiyi narın 15 min tonu, yəni 70 faizi Rusiya bazarlarına göndərilir. Müharibə ucbatından bu il Azərbaycanın Rusiyaya nar ixracı düz 45 faiz azalıb. Nar ixracatçılarının fikrincə, Rusiyanın müharibə aparması və səfərbərlik alıcılıq qabiliyyətini azaldıb. Ölkə sanksiyalara məruz qaldığından, təbii ki, iqtisadiyyat da təsirlənib. Üstəlik, nar premium məhsuldur.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası Rusiyaya nar ixracının azalmasını rəqiblərlə də əlaqələndirir. Belə ki, Rusiya bazarına ən çox nar çıxaran ölkələrdən biri də Türkiyədir. Türkiyədə son illərdə milli valyuta – lirə ucuzlaşır və onun dəyərsizləşməsi ixrac edilən məhsulu da ucuzlaşdırır. Beləcə, Türkiyə məhsulları rəqabətdə üstünlük qazanır. Digər tərəfdən, Türkiyə Azərbaycandan 3 dəfə çox nar yetişdirir (600 min ton). Rusiyanın illik nar istehlakı isə 140-150 min ton arasında dəyişir.

Türkiyə ilə yanaşı, Özbəkistan da Rusiya bazarında Azərbaycan narının əsas rəqiblərindən sayılır. Özbəkistanda da nar əkinlərinin sahəsi və istehsalı Azərbaycanla müqayisədə daha çoxdur.

Ukraynaya nar ixracı, demək olar, dayanıb
Rusiya ilə yanaşı, müharibənin digər iştirakçısı olan Ukraynaya da nar ixracı kəskin azalıb. Ukraynaya ixrac edilən narın həcmi Rusiyaya nəzərən daha azdır. Ötən il Azərbaycandan Ukraynaya təxminən 5 min ton nar göndərilib. Bu il Azərbaycanın Ukraynaya nar ixracı 83 faiz azalıb. İndi Ukraynanın yalnız bəzi qərb vilayətlərinə nar ixracı gerçəkləşdirilir.

Bu iki ölkədən fərqli olaraq Gürcüstana nar ixracında artım qeydə alınıb. 2022-ci ildə Azərbaycanın Gürcüstana nar ixracı 3 dəfəyə yaxın artıb.

İlk 9 ayda nar ixracından toplam 3 milyon 727 min dollar gəlir götürülüb. Ötən ilin eyni dövründə bu rəqəm 5 milyon dolları aşırdı. Bu baxımdan, bir il ərzində nar ixracından əldə edilən gəlirdə 47 faiz azalma qeydə alınıb.

Azərbaycanın nar ixracında çəki olaraqsa 50 faiz azalma var. Bu ilin ilk 9 ayında Azərbaycan toplam 2 min 373 ton nar ixrac edib. Həmin narın 2 min 40 tonu – 86 faizi Rusiyaya göndərilib. İxracın 152 tonu Gürcüstanın, 145 tonu Ukraynanın payına düşür. Bu baxımdan, aydın olur ki, 2022-ci ildə Gürcüstana nar ixracı Ukraynanı ötüb.

Xaricə satılmayan narın aqibəti
Nar ixracatçıları yaranmış durumdan, təbii ki, məmnun deyillər, axı xaricə satıla bilməyən məhsulun daxili bazara çıxarılmasında da çətinliklər var. Xaricə satılmayan məhsulun daxili bazara təklif edilməsi gəliri xeyli azaldır. Bu da bağlarda nar israfına səbəb olur. Emal müəssisələri narın kiloqramını 5-7 qəpiyə qəbul edir. Qurumun fikrincə, bu, narın yetişdirilməsinin heç maya dəyəri etmir. Bu səbəbdən də fermerlərin rifahının pisləşməsinə səbəb olur. Digər tərəfdən, nar istehsalı ilə bağlı dərman, gübrə və s.-in bahalaşması fermerlərin durumunu daha da çətinləşdirir.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fikrincə, mövcud problemləri çözmək üçün ixrac coğrafiyası artırılmalıdır. Özəlliklə Avropa bazarlarına çıxış vacib sayılır. Bundan ötrü gərəkən addımlardan biri “Global Gap” sertifikatının alınmasıdır. Deməli, fermerlər üçün standartlara cavab verən ortam qurulmalı və bütün texniki şərtlər Avropa bazarlarına uyğun olmalıdır. Nar istehsalçıları bir müddət tətbiq olunmuş 3 faizlik ixrac təşviqinin də yenidən tətbiqini təklif edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki