image-1backend

“Naxçıvanbank”ın lisenziyası LƏĞV EDİLDİ

image-reklam_sirab_01

Azərbaycanın yeganə regional bankı olan “Naxçıvanbank”ın lisenziyası ləğv edilib.

Vətəninfo.az xəbər verir ki, qərar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən 24 iyul 2024-cü il tarixində qəbul edilib.

Mərkəzi Bankın Qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilib, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə (BOKT) kreditlərin verilməsi üçün lisenziya verilib.

Cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən “Naxçıvanbank” ASC-nin maliyyə göstəriciləri qənaətbəxş olub, likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələyib. Beləliklə, “Naxçıvanbank” ASC-nin BOKT-a çevrilməsi bankın səhmdarları tərəfindən qəbul edilmiş biznes qərarından irəli gəlib və Qaydalar əsasında həyata keçirilib. Bununla bağlı 22 may 2024-cü il tarixində Mərkəzi Bank tərəfindən Qaydalarla nəzərdə tutulmuş formada “Naxçıvanbank” ASC-yə qabaqcadan razılıq verilib.

Yenidən təşkil prosesi çərçivəsində “Naxçıvanbank” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilərək icrasına başlanılıb, bankın kreditorlarının məlumatlandırılması təmin edilib. Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (cəmi 342 858.16 manat ekvivalenti) Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülüb, digər kreditorlar qarşısında olan öhdəliklər isə “Naxçıvanbank” ASC tərəfindən icra edilib.

“Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülmüş qalıqlar 45 hüquqi şəxs (cəmi 5 794.14 manat ekvivalentində), 297 fərdi sahibkar (cəmi 66 543.35 manat ekvivalentində) və 1918 fiziki şəxsə (cəmi 270 520.67 manat ekvivalentində) məxsusdur. Fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə 25.07.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bül-Bül prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər.

Bildiririk ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Naxçıvanbank” ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə keçmişdir. “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC öz fəaliyyətini lisenziyası ləğv edilmiş “Naxçıvanbank” ASC-nin əvvəlki hüquqi ünvanında (Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 27) həyata keçirəcəkdir”, – qurumdan bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image