image-img-20210516-wa0040backend

Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir.

image-reklam_sirab_01

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan, eyni zamanda dünyanın da ən qədim mədəniyyət mərkəzlərindəndir. Azərbaycanın digər bölgələri kimi Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoymuşdur. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.
Naxçıvan Muxtar Respublikası yarandıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin yalnız 5.988 kv.km-ni əhatə edirdi. 1929-1930-cu illərdə və bundan sonra, Kreml rejimi 1921-ci il Moskva və Qars müqavilələrinin qərarlarına zidd olaraq Naxçıvana qarşı ermənilərin yeni ərazi iddialarmı həyata keçirdi. Nəticədə Muxtar Respublikanın ərazisi daha da azaldıldı. Hazırda Naxçıvan Muxtar Respublikasının ərazisi 5.365 kv.km-dir. Bu, Azərbaycan Respublikası ərazisinin 6,2%-nə bərabərdir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiya Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasında demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib. Bu səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. 2000-ci illərin ikinci yarısından etibarən Naxçıvan Muxtar Respublikasının büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə olunmağa başlanıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Süni Mayalanma Mərkəzinin açılışı nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir;
Kənd təsərrüfatının inkişafı üçün də geniş imkanlar açılıb, fermer və torpaq mülkiyyətçiləri hərtərəfli qayğı ilə əhatə olunub. Yerli istehsalın həcmi artırılıb, sağlam rəqabət mühiti yaradılıb. Əgər əvvəllər Naxçıvanda əkilən ərazilər məhdud ölçüdə idisə, indi bu ərazilər muxtar respublikanın böyük bir hissəsini əhatə edir. Min hektarlarla torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin qurulması, qəbul edilən dövlət proqramlarının uğurlu icrası kənd təsərrüfatı məhsullarının artımına imkan yaradıb. Suvarılan torpaqların sahəsi dəfələrlə genişlənib, texnika və gübrə təminatı ən yüksək səviyyəyə çatıb. Naxçıvanda kənd təsərrüfatı əhalinin əsas məşğuliyyət sahəsinə çevrilib. Nəticədə, fərdi təsərrüfatların sayı çoxalıb, onlar inkişaf edərək çoxsaylı ailə təsərrüfatlarına çevriliblər.
Naxçıvan Muxtar Respublikası bu gün yaşıllıqlar, gülkarlıqlar diyarıdır. Ərazisinin 14 faizindən çoxu yaşıllıqdır. Bütün bu yaşıllıqlar torpağını sevən naxçıvanlıların zəhmətinin bəhrəsidir. Keçirilən ümumxalq iməciliklərinin nəticəsidir. Nahaq yerə demirlər ki, vaxtilə torpaqları cadar-cadar olmuş Naxçıvan indi canlı təbiət abidəsi, təbiət muzeyidir. Bunlar insan əlinin, insan zəkasının məhsuludur.
Sabitlik və inkişaf müasir Naxçıvanın əsas göstəricisidir. Burada cinayət hadisələri, demək olar ki, qeydə alınmır. İnsanlar rahat və firavan yaşayırlar. Sabitliyin bir göstəricisi də söz, fikir və mətbuat azadlığının təmin edilməsidir. İnsanlara sərbəst yaradıcılıq imkanları yaradılıb. Teleradiolar və qəzetlər üçün müasir maddi-texniki baza istifadəyə verilib, yeni informasiya agentliyi fəaliyyətə başlayıb, media nümayəndələri hərtərəfli qayğı ilə əhatə olunub.
Muxtar respublikada görülən bütün işlərin mərkəzində insan amili dayanır. İnsanların rahat yaşayışı, məşğulluğunun təmin olunması qarşıda duran əsas vəzifələrdir. Bu sahədə dövlət proqramı icra olunur, gənc ailələrin sosial müdafiəsi gücləndirilir, sahibkarlığa diqqət artırılır, fiziki imkanları məhdud insanların sosial layihələr çərçivəsində məşğulluğu təmin edilir.
Bu gün muxtar respublikada yeni sahibkarlar sinfi formalaşıb. Özəl bölmənin inkişafına hərtərəfli qayğı göstərilir. Ümumi daxili məhsul istehsalında bu sahənin payı artır, hər il yeni istehsal müəssisələri fəaliyyətə başlayır. Dövlət sahibkara güzəştli kreditlər verir, şərait yaradır, daxili bazarı qoruyur. Sahibkar da keyfiyyətli məhsul istehsal edərək tələbatın ödənilməsinə və iqtisadi inkişafa öz töhfəsini verir.
İnsan sağlamlığı hər bir ölkənin inkişafında qarşıda duran əsas öhdəlikdir. Çünki sağlam insan sağlam cəmiyyət, inkişaf edən dövlət deməkdir. Muxtar respublikada insanların sağlamlıqlarının qorunması istiqamətində kompleks tədbirlər görülür. Son illər burada 200-dən çox tibb müəssisəsi istifadəyə verilmiş, ixtisaslı tibbi kadrların hazırlanmasına başlanılmışdır. Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi, Uşaq Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzləri, rayon mərkəzi xəstəxanaları, kəndlərdəki sahə xəstəxanaları və həkim ambulatoriyaları ən müasir tibbi avadanlıqlar və yeni binalarla təmin olunmuş, əhalinin müalicə və müayinəsi üçün bütün şərait yaradılmışdır.
Düşmən qarşısında alınmaz qalaya çevrilmiş müasir Naxçıvanın hərtərəfli inkişafı müstəqillik dövrünün qiymətli quruculuq və dövlətçilik salnaməsidir. Bu gün muxtar respublikada görülən işləri, sosial-iqtisadi, elmi-mədəni, tikinti, sənaye və kənd təsərrüfatı, həmçinin turizm, nəqliyyat və kommunikasiya, infrastruktur sahələrində qazanılan uğurları hər kəs görür və qiymətləndirir. İndi bu qədim diyara yolu düşən yerli və xarici qonaqlar da muxtar respublikanın bütün sahələr üzrə nümunə gücündə olduğunu söyləyirlər. Bu inkişafın, sabitliyin və yüksək rifahın bir səbəbi var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, məni çox sevindirir. Çünki bu, Heydər Əliyev siyasətinin təntənəsidir”.

Abasov Orxan
Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki