“Bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfərləri Azərbaycan-Avropa münasibətlərində yeni siyasi dinamikanın formalaşdığını göstərdi. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri də yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycan – Avropa əməkdaşlığının perspektivləri baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Bu fikirləru Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib:

“Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri ilk növbədə iki ölkə arasında münasibətlərin dinamikasını canlandırmaq baxımından olduqca əhəmiyyətlidir. Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər Bakı ilə Berlin arasında əməkdaşlığın ənənəvi iqtisadi münasibətlər çərçivəsini aşaraq strateji maraqları hədəflədiyi görünməkdədir. Bu, həm Azərbaycanın xarici siyasətində çoxşaxəli tərəfdaşlıq xəttinin davamı, həm də Avropanın Cənubi Qafqaz siyasətində yaranan yeni reallıqların göstəricisidir.
Ölkəmiz son illərdə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Avropa İttifaqının aparıcı dövləti kimi Almaniya ilə sıx əməkdaşlıq da Azərbaycanın xarici siyasət prioritetləri sırasındadır. İqtisadi əməkdaşlıq bu münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Hazırda 200-dən çox Almaniya şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi ölkənin investisiya mühitinə olan etimadın göstəricisidir. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırır. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 ölkəsinə çatdırılır. Bununla yanaşı, Azərbaycanın Almaniyaya neft ixrac etməsi və gələcəkdə yaşıl enerji layihələrinin də Avropa bazarına çıxarılması planları enerji tərəfdaşlığının uzunmüddətli və strateji xarakter daşıdığını göstərir. Avropanın enerji mənbələrinin şaxələndirilməsi fonunda Azərbaycanın rolu daha böyük əhəmiyyət qazanır. Qarşılıqlı sərmayələrin artırılması istiqamətində aparılan müzakirələr və Alman şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün irəli sürülən konkret təkliflər gələcəkdə iqtisadi əlaqələrin daha da dərinləşəcəyindən xəbər verir”.
Deputat qeyd edib ki, bu əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi məqsədilə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması, iki ölkə arasında strateji dialoqun başlanmasını və iqtisadi əməkdaşlığın inkişafını nəzərdə tutan Birgə Bəyannamənin imzalanması çox əhəmiyyətli bir hadisədir:
“Bu sənəd ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı həm də bütövlükdə Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edən siyasi iradənin ifadəsidir.
Rəsmi səfər zamanı nəqliyyat və logistika sahəsində əməkdaşlıq da müzakirə predmeti olmuşdur. Azərbaycanın nəqliyyat infrastrukturunu davamlı şəkildə modernləşdirməsi və Mərkəzi Asiya dövlətlərinin Məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit körpüsünə çevrildiyini bir daha nümayiş etdirir. Bu kontekstdə Almaniyanın geostrateji maraqları ilə Azərbaycanın geostrateji mövqeyinin uzlaşması yeni nəqliyyat marşrutlarının inkişafına ciddi təkan verə bilər. İmzalanmış sənədlərin daha çevik rejimdə icrası üçün işçi qrupların yaradılması isə tərəflərin nəticəyönümlü əməkdaşlıq niyyətini nümayiş etdirir.
Azərbaycan-Almaniya münasibətlərinin siyasi əhəmiyyətini artıran əsas amillərdən biri də regionda formalaşan yeni sülh reallığıdır. Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə olunan nəticələr, Vaşinqtonda Prezident Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanması və beləliklə də uzun illər davam etmiş münaqişəyə faktiki olaraq son qoyulması regionda tamamilə yeni geosiyasi vəziyyət yaradıb. Azərbaycanın sülh gündəliyini yalnız siyasi bəyanatlarla deyil, praktiki addımlarla dəstəkləməsi, Ermənistana enerji məhsullarının tədarük edilməsi və işğal dövründə Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına qoyulmuş məhdudiyyətlərin birtərəfli qaydada aradan qaldırılması ölkəmizin regional sabitliyə verdiyi real töhfələrdir.
Bu prosesdə Almaniyanın dialoqu təşviq edən mövqeyi də Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər, Almaniyanın sülh prosesinə verdiyi dəstək və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra irəli sürdüyü sülh təşəbbüslərinə göstərilən münasibət Berlinin bütövlükdə regiona konstruktiv yanaşmasının göstəriciləridir.
Prezidentin rəsmi səfəri göstərdi ki, qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji baxışa əsaslanan Azərbaycan-Almaniya tərəfdaşlığı yaxın illərdə həm regional sabitliyin, həm də Avrasiyanın yeni iqtisadi və siyasi əməkdaşlıq modelinin formalaşmasında mühüm rol oynayacaq. Bütün bunlar Azərbaycan – Almaniya münasibətlərində yeni geosiyasi çalarları üzə çıxarır”.


























