İspaniya millisinin və İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri karyerasını İspaniya nəhəngi “Real Madrid”də davam etdirmək istəyir.
Vətəninfo.az xəbər verir ki, transferin baş tutması hazırda “Real Madrid”in prezidenti Florentino Peresin qərarından asılıdır. Hazırkı mərhələdə Madrid klubunun rəhbərliyi bu keçidə yekun razılıq verməyib və vəziyyətdə hər hansı dəyişiklik baş verməyib.
Bununla yanaşı, “Mançester Siti” Rodriyə yeni müqavilə təklifini qüvvədə saxlayır. İngiltərə klubu futbolçunun komandada qalacağına ümid edir və tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar artıq başlayıb.
Bildirilir ki, “Mançester Siti” 29 yaşlı yarımmüdafiəçinin transferi üçün 100 milyon avro tələb edir. “Real Madrid” isə bu keçidə görə təxminən 60 milyon avro ödəməyi planlaşdırır.
Mənbələrin məlumatına əsasən, Rodri 2027-ci ilin iyununa qədər qüvvədə olan müqaviləsini uzatmağı düşünmür. Bu isə “Mançester Siti”ni futbolçunu gələcəkdə sərbəst buraxmamaq üçün onu satmaq variantını nəzərdən keçirməyə vadar edə bilər.


























