image-img_20220917_194108_228-3326859142backend

Nensi Pelosini İrəvana gətirən səbəb: Erməni sevgisi, yoxsa siyasi bazarlıq?

image-reklam_sirab_01

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri bölgədə səngiməyə başlayan gərginliyi yenidən alovlandıra bilər. Çünki xanım Pelosi daima erməniləri Azərbaycana və Türkiyəyə qarşı təxribata təhrik edən mövqeyi ilə tanınıb. Onun İrəvana gəlməkdə əsas məqsədi də erməniləri növbəti dəfə münaqişəyə ruhlandırmaqdır. Bu, Nensi Pelosiyə siyasi divident gətirir. Bütün siyasi karyerası erməniçiliyə rəğbət və dəstək üzərində qurulan spiker bunu qarşılıqsız etmir. Ermənilər 1987-ci ildən bəri N.Pelosinin seçki kampaniyası üçün ianə toplayır, maliyyələşdirir, təbliğat aparır. 2007-ci ildən başlayaraq Pelosi erməni diasporunun sayəsində Nümayəndələr Palatasına dörd dəfə sədr seçilib. ABŞ-da ermənilərin ən fəal lobbiçilərindən sayılan Nensi Pelosi son 30 ildə Ermənistanın işğal faktına dəstək verib, Konqresdə Azərbaycan əleyhinə qərarların qəbulunda iştirak edib. Qondarma erməni soyqırımının tanınmasına dair qətnamənin əsas müəlliflərindən biri də məhz Nensi Pelosidir. Bu gün Pelosi Ermənistana səfərini ABŞ-ın regiondakı maraqları ilə əsaslandırmağa çalışsa da reallıq başqadır. 82 yaşlı spiker noyabrda ABŞ-da keçiriləcək növbəti aralıq seçkilərə hazırlaşır. Həmişə olduğu kimi, bu dəfə də onun ermənilərin səsinə və dəstəyinə ehtiyacı var. Buna nail olmaq üçün xanım Pelosi Azərbaycanı “işğalçı”, Ermənistanı “sülhsevər və təcavüzə məruz qalan ölkə”, Araikin cinayətkar dəstəsini “müstəqil dövlət” adlandırmağa hazırdır. Yəni Pelosinin İrəvana səfəri heç də Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Vaşinqtonun geosiyasi rolunu artırmağa hesablanmayıb. Pelosini Ermənistana gətirən yeganə səbəb korporativ siyasi maraqlardır. Noyabr ayında keçiriləcək seçkilərdə o, erməni diasporunun səsini qazanmaq istəyir. Ona görə də konqresmenin səfər proqramı yalnız Ermənistanla yekunlaşır. Hətta Pelosi bunun üçün münasib vaxt da tapa bilib. Ermənistanın Azərbaycan sərhəddində hərbi təxribat törətdiyi bir dönəmdə Nensi Pelosi qəfil Almaniyadakı səfər proqramına korrektələr edərək İrəvanın “Zvarnots” hava limanında peyda olur. Bölgədə hərbi və geosiyasi qarşıdurmanın artması fonunda Azərbaycanla Ermənistan arsında baş verən döyüşlər Pelosi üçün ciddi manipulyasiya imkanı açıb. Erməni cəmiyyətində revanşizmin alovlanmasından istifadə edən amerikalı spiker seçkilərdə qalib gələcəyi təqdirdə, Azərbaycanı “işğalçı dövlət”, Ermənistanı “təcavüzə məruz qalan” tərəf kimi tanıdacağını, Qarabağ ermənilərinə isə özünüidartəetmə statusu vəd edir. Təbii ki, bunları etmək bir konqresmenin səlahiyyətində deyil. ABŞ-ın Cənubi Qafqazla bağlı strateji maraqları Nensi Pelosinin şəxsi mənafeyindən çox fərqlənir. Yəni Pelosi ABŞ-ın deyil, öz adından danışır. Ancaq onun təhrikçi addımları radikal erməni cəmiyyətini yenidən münaqişəyə sürükləyə bilər. Bu isə bölgədə yaxın perspektivdə növbəti silahlı toqquşmaların baş verməsi və sülh prosesinin iflasa uğraması deməkdir. Revanşistlər Nensi Pelosini Qarabağın ermənilər yaşayan hissəsinə dəvət ediblər. Onun Xankəndiyə istənilən səfər etmək cəhdi Azərbaycanın suveren ərazisində separatizmi alovlandırmaq anlamına gəlir. Bu da öz növbəsində, Azərbaycan-ABŞ münasibətlərinə zərbə vuracaq addımdır. Hətta Rusiya da amerikalı spikerin nəinki sülhməramlıların müvəqqəti nəzarət zonasına, o cümlədən Ermənistana səfərini belə normal qarşılamayacaq. Ona görə də Azərbaycan tərəfi Rusiya sülhməramlılarından Nensi Pelosini yeni dəhlizdən keçməklə Xankəndiyə getmək cəhdinin qarşısını almağı tələb etməlidir. Çox güman ki, ermənilər Prezident Co Baydenə yaxınlığı ilə seçilən Pelosinin siyasi nüfuzundan istifadə edib onu Qarabağa aparmağa və bu yolla status məsələsinin ABŞ-ın da daxil olduğu ATƏT-in Mİnsk Qrupu çərçivəsində həllini gündəmə gətirməyə çalışacaq. Lakin buna Rusiyanın və Türkiyənin reaksiyasının sərt olacağı gözlənilir. Ona görə də maraqlar toqquşması bölgədə atəşkəsin yenidən pozulmasına yol aça bilər. Azərbaycan Pelosinin bölgəni qarışdırmaq niyyətinə qarşı hazır olmalıdır.
Amerika mətbuatında Pelosinin noyabrda partiyasının qalib gəlməsinə kömək edəcəyi, daha sonra başqa işə (səfirliyə) keçəcəyi ilə bağlı xəbərlər də yayılmışdı. Konqresə keçiriləcək aralıq seçkilərdə demokratlara ermənilərin səsi lazımdır. Lakin Pelosi Konqresdəki ermənilərin ən yaxşı dostlarından biri olduğundan onun Ermənistana gəlmək üçün şəxsi imkanları var. Ancaq seçkilərə az qalmış Nensi Pelosinin əri Pol Pelosinin sərxoş vəziyyətdə avtomobil idarə edərək qəza törətdiyinə görə məhkum edilməsi spikerin karyerasına ciddi zərbə vurub. Həyat yoldaşının 5 sutka həbs və 3 il sınaq müddətinə məhkum edilməsi, eyni zamanda, məhkəmənin qərarı ilə cərimə olunması demokrat spikerin reytinqini kəskin aşağı salıb. Bu səbəbdən, Nensi Pelosi ümidini Ermənistan səfərinə bağlayıb. Burada ədalət prinsilərinə və beynəlıxalq hüquqa əsaslanan səmimi dostluq müşahidə olunmur. Tərəflərin bir-birindən faydalanmaq niyyətini erməni politoloq Suren Sarkisyan da etiraf edir. “Bu yaxınlarda ABŞ-da əri ilə bağlı qalmaqal yaşanıb. Lakin Pelosi müharibəyə və daxili siyasi proseslərə baxmayaraq, Ermənistana gəlmək qərarına gəlib və biz bu vəziyyətdən öz xeyrimizə istifadə etməliyik”-deyə Sarkisyan bildirib.
Rusiyalı məhşur politoloq Sergey Markedonov qeyd edir ki, Nensi Pelosinin fəal iştirak etdiyi ABŞ Konqresinə qarşıdan gələn seçkilərdə ermənilərin səsləri, xüsusilə Kaliforniya, San-Fransisko, Fresno və Los-Ancelesdə mühüm rol oynayır. Lakin politoloq əlavə edib ki, digər məqam seçkilərlə deyil, ABŞ-ın Qafqazdakı mövqeyi ilə bağlıdır.
Qeyd edək ki, ABŞ-ın Cənubi Qafqazda mövqeyini möhkəmlətmək üçün üzünü Azərbaycana deyil, Ermənistana tutması siyasi paradoksdur. Çünki bu regionun açar dövləti Ermənistan deyil, Azərbaycandır. ABŞ Azərbaycanın iştirakı olmadan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda istər geosiyasi, istərsə də geoiqtisadi cəhətdən güclənə bilməz. Bu gün Vaşinqton bölgənin ən zəif dövləti olan Ermənistanın vasitəsilə ATƏT-in Minsk Qrupunda fəallığını bərpa etmək və bu format üzərindən 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra itirdiyi mövqelərə qayıtmaq istəyir. Lakin Bayden administrasiyası və Nensi Pelosi regionda yeni geosiyasi şərtləri diqtə edən tərəfin Ermənistan deyil, Azərbaycan olduğunu nəzərə almadığından Ukrayna cəbhəsindən fərqli olaraq, Cənubi Qafqazda təşəbbüsləri Rusiya-Türkiyə tandeminə uduzur. Bu da həm taktikanın, həm də strategiyanın səhv seçilməsi ilə bağlıdır. Nensi Pelosi İrəvandakı danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədri və Ermənistanın çoxdankı dostu kimi ABŞ-ın “Dağlıq Qarabağ” münaqişəsinin davamlı həllinə qəti və daimi dəstəyini ifadə edəcəyini bildirib. Burada Pelosi erməniləri məmnun edəcək və əvəzində onların səsini almağa hesablanmış konkret mesajlar verir. Birincisi, spiker ermənilərə ümid verir ki, həmsədr və dost ölkə kimi ABŞ Ermənistanın mövqeyini müdafiə edəcək. Halbuki, bununla N.Pelosi bitərəflik prinsipinin pozulmasına yol verib. Belə ölkə isə heç bir halda vasitəçi ola bilməz. İkincisi, amerikalı spiker “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməklə “Dağlıq Qarabağ”ın hələ inzibati-ərazi vahidi kimi mövcud olduğuna işarə edir. Bununla da o, erməniləri seçiləcəyi təqdirdə, Qarabağdakı separatçıların status məsələsinin ABŞ səviyyəsində həllinə kömək edəcəyini inandırmağa çalışır. Üçüncüsü, Pelosi münaqişənin hələ başa çatmadığına eyham vurur. Yəni Pelosi ermənilərin maraqlarından çıxış edərək münaqişənin həllinin yalnız ABŞ-ın iştirakı ilə Minsk Qrupu çərçivəsində mümkün olduğuna və cinayətkar rejimə status verilməsindən keçdiyini demək istəyir. Halbuki, 44 günlük müharibədən sonra Azərbaycan Prezidenti İlahm Əliyev Minsk Qrupunun vasitəçiliyinə ehtiyac olmadığını və ermənilərə heç bir status, yaxud imtiyaz verilməcəyini dəfələrlə bəyan edib. Pelosi kimi Vaşinqton rəsmilərinin Azərbaycanın mövqeyini nəzərə almaması isə ABŞ-ın proseslərdən təcrid vəziyyətinə düşməsi ilə nəticələnib.
Nensi Pelosinin Ermənistana səfəri eyni zamanda, Nikol Paşinyan hakimiyyətinə dəstək məqsədi daşıyır. O, Paşinyanı devirməkdə maraqlı olan Rusiyaya sorosçuların hakimiyyətdə qalması üçün ABŞ-ın hər cür dəstək verməyə hazır olduğunu nümayiş etdirir. Milyarder Corc Sorosun Açıq Cəmiyyət Fondunun Ermənistan nümayəndəliyinin əsas rəhbərlərindən olan, müdafiə naziri Suren Papikyanın ötən həftə ABŞ-a səfəri də bu dəstəyin alınmasına hesablanmışdı. Pelosinin bu köməyi müqabilində Paşinyan ABŞ-ın istəyi ilə Zəngəzur dəhlizinin açılmasından imtina edəcək. Çünki Zəngəzurdan nəqliyyat və kommunikasiya yollarının açılması Qərb bazarlarına çıxışı bağlanmış Rusiyanın cənub və cənub-qərb ölkələrilə ticarət əlaqələrini gücləndirməsi Moskva üçün həyati əhəmiyyət daşıyır. Bu, marşrutda Türkiyə xüsusi çəkiyə malikdir. Çünki Türkiyə şimal-cənub nəqliyyat dəhlizində Türkiyə Rusiya üçün quru yol əlaqəsi olacaq ticarət tərəfdaşı, həm də tranzit ölkə kimi çıxış edir. Ona görə də bu gün istər Azərbaycan-Ermənistan sərhəddində, istərsə də Qarabağda baş verən proseslərdə Rusiya Türkiyənin maraqlarına qarşı çıxmaq istəmir.
Baş nazir Nikol Paşinyan amerikalı konqresmenləri, o cümlədən Pelosini İrəvana dəvət etməklə Azərbaycanla sərhəddəki təxribatlar zamanı Ermənistana hərbi dəstək verməkdən imtina etmiş Rusiyaya qarşı təzyiq mövqeyi nümayiş etdirir. Əgər Rusiya müttəfiq kimi üzərinə düşən öhdəliyi yerinə yetirməsə, Ermənistan üzünü Qərbə və ABŞ-a çevirə bilər. Lakin bu təhdidlər qarşılığında Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətləri pozacağı inandırıcı görünmür. Əksinə, Pelosinin səfəri Rusiya və Ermənistan arasında ziddiyyəti dərinləşdirə bilər. Ona görə də Nensi Pelosinin Ermənistana səfəri və onun nəticələri şübhəsiz ki, bölgədə gərginliyi yenidən artıracaq. Hətta ermənilər son təxribatlarda çoxsaylı itki verməsinə baxmayraq, yenidən atəşkəsi pozmağa cəhd edə bilər. Bu isə sülh prosesinin yenidən pozulması, Ermənistanın isə müəyyən dövr üçün bir daha blokada şəraitində qalması deməkdir. Qarşıdan gələn qış aylarında Yuxarı Lars yolunun bağlanması Ermənistanı növbəti blokadaya salacaq. Ukraynadakı müharibədə ağır duruma düşən və iqtisadi sanksiyalara məruz qalmış Rusiya isə Ermənistana əvvəlki kimi yardım göstərmək imkanında deyil. Pelosinin siyasi fitnəsi qış mövsümündə kəskin soyuq dağlıq relyefə malik Ermənistanda və Qarabağda yaşayan erməniləri enerji və ərzaq böhranından xilas edə bilməyəcək. Çünki artıq seçkilər hələ noyabr ayında, yəni payızda başa çatmış olacaq. O zaman Pelosi seçki kampaniyası dövründən fərqli olaraq, Ermənistana gəlməyə ehtiyac duyacaq qədər ermənipərəst olmayacaq. Ermənistanı Pelosinin saldığı durumdan yalnız Azərbaycan və Türkiyə ilə sülhə nail olmaq, kommunikasiyaların açılmasına razılıq vermək çıxara bilər. Bu gün isə Pelosi və Demokratlar Partiyasından Adam Şiff, Frenk Pallone, Anna Eşu, Ceki Speyer kimi konqresmenlərin qondarma erməni soqyrımının tanınmasına dair 296 saylı qətnaməyə sadiq qaldıqlarını bəyan etməsi onların seçkiöncəsi Ermənistana siyasi bazarlığa gəldiyini bir daha isbat edir.

Nahid Canbaxışlı

Vətəninfo.az İA baş redaktor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki