İyunun 6-da Prezident İlham Əliyevin TÜRKPA nümayəndə heyəti ilə görüşündə söylədiyi fikirlər, ideyalar Türk dünyasının təkcə bu günü deyil, gələcəyi üçün də əhəmiyyətlidir. Dövlətimizin başçısı bildirdi ki, əsas vəzifələrdən biri türk dövlətləri arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirməkdir. Onun da qanadlarından biri qanunverici orqandır.
Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Ermənistanla açıq qalan iki əsas məsələni xatırladıb. Birinci məsələ Azərbaycana ərazi iddiasını ehtiva edən Ermənistan Konstitusiyasıdır, ikinci məsələ ATƏT-in Minsk Qrupunu de-yure mövcudluğunun davam etdirilməsidir. Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibliyi barədə baş nazir Nikol Paşinyanın mövqeyi bəllidir, o da hesab edir ki, əsas qanunda qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər olmamalıdır. Ancaq Nikol Paşinyanın Minsk Qrupunun ləğvi ilə bağlı mövqeyi bəlli deyil. İlham Əliyev Nikol Paşinyana iki dövlətin Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətini təklif edib. “Biz Minsk Qrupunun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik” deyən İlham Əliyev Ermənistanın Minsk qrupunun saxlanmasına üstünlük verməsini qonşu dövlətin Azərbaycana qarşı ərazi iddialarının davamı kimi qiymətləndirib.
Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıbsa, Minsk Qrupundan imtinası ona problem yaratmayacaq, radikal müxalifətin bir az çığırıb-bağırması heç nəyi dəyişməyəcək. Digər tərəfdən Rusiya, ABŞ, hətta Fransanın “Minsk Qrupu fəaliyyətini davam etdirməlidir” iddiası yoxdur. Bu amil də Paşinyanın Minsk Qrupunu ləğvi ilə bağlı qərar verməsini asanlaşdırır.
Prezidentin Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına və digər qurumlara üzv olması ilə bağlı söylədiyi fikir Şimali Kipr Türk Respublikasının və xalqının taleyində bir dönüş anıdır. Bu deyilənlər təkcə Şimali Kipr Türk Respublikası üçün deyil, eyni zamanda, müstəqil dövləti olmayan türk xalqları üçün böyük bir mesajdır. Prezidentin Türk dünyası ilə bağlı söylədikləri əbədiyyən mövcud olacaq Türk dünyasının yol xəritəsidir. Prezident çıxışında Ermənistanla bağlı məsələləri bir daha gündəliyə gətirdi və aydın olaraq bildirdi ki, əgər Ermənistan və ondan ötrü zəng edib xahiş edən dövlətlər regionda sülh istəyirlərsə, Ermənistan Konstitusiyasında mütləq dəyişiklik etməlidir. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı olan əsassız ərazi iddiaları çıxarılmalıdır. Revanşizmə son qoyulmalıdır. Ermənistan Konstitusiyasındakı dəyişikliklər regionda gələcəkdə möhkəm sülhün təməlini qoyar.
Qeyd edilib ki, Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Zirvə görüşünün ildə bir dəfə keçirilməsi kifayət etmir. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur.
Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac vardır.
Bildirilib ki, bu gün iqlim məsələləri Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Azərbaycan bu ilin noyabr ayında COP29 konfransına ev sahibliyi edəcək. Bu, ölkəmiz üçün həm böyük məsuliyyət, həm də böyük şərəfdir.
Prezident İlham Əliyevin görüşdə söylədikləri fikirlər prinsipial əhəmiyyət daşıyır. Həm regionumuzun, həm də Türk dünyasının gələcəyinə işıq tutur.
Tufan Məmmədov – iqtisadçı ekspert