Bu ilin dekabr ayından KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə yeni layihəyə başlanılıb.
Vətəninfo.az-ın məlumatına görə, bunu bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Gənc sahibkarların II Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, gənclərin biznes emalatxanası adlanan layihənin məqsədi peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır.
O bildirib ki, 2021-2023-cü illəri əhatə edəcək layihənin ilkin mərhələlərində Qəbələ, Ağdam və Cəlilabad rayonlarında peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edəcəklər: “Layihə çərçivəsində müxtəlif sahələrdə peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində mikro biznesin qurulması üçün müvafiq avadanlıqlar veriləcək”.