1947-cü ildə Nyu Yorkda doğulan Dominik Montilyonun 10 yaşı olanda sinif nümayəndəsi seçildi. O da sevincək evə gələrək bu barədə dayısı Entoni (Nino) Qaggiyə danışır (atası onları atdığından ailələrinin böyüyü dayısı idi). Nino dayı sinif nümayəndəsinin nə işlə məşğul olduğunu soruşur. Dominik də vəzifə və səlahiyyətlərini sadalayır, arada deyir ki, müəllim sinifdə olmayanda şuluq salanların adını yazıb müəllimə verməlidir.
Nino Qaggi isə mafiozi idi. Bacısı oğluna dedi ki, dayın qurban, bizim nəsildən heç vaxt xəbərçi çıxmayıb, sabah get denən ki, sinif nümayəndəsi ola bilməzsən. Dominik də dayısının sözünə qulaq asıb kor-peşman istefa verdi.
O, Vyetnam müharibəsi zamanı ABŞ ordusunda snayper kimi xidmət etdi. Deyilənlərə görə, 93 vyetnamlını öldürdü.
Hərbidən qayıdandan sonra dayısının təsiri ilə mafiyaya qoşuldu, Qambino ailəsinin üzvü oldu. Məşhur Roy Demeonun killer dəstəsi ilə dayısı arasında rabitəçi idi, reket, qətl və başqa cinayətlərdə iştirak edirdi.
Dominik 1983-cü ildə həbs edildi və uzunmüddətli həbsdən qurtulmaq üçün istintaqla əməkdaşlığa razı oldu. Verdiyi ifadələr əsasında 56 mafiozi, o cümlədən dayısı Nino Qaggi həbsə yollandı və elə həbsdə də öldü.
Yadigar Sadıqlı