Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Cənubi Asiya qonşuları arasında sülh danışıqları İstanbulda davam edəcək. Tərəflər atəşkəsin monitorinqi və yoxlama mexanizmi yaratmaq barədə razılığa gəliblər.
Əfqanıstan və Pakistan 6 noyabrda İstanbulda sülh danışıqlarını bərpa etmək və o vaxta qədər atəşkəsi qorumaq barədə razılığa gəliblər.
Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, tərəflər atəşkəsi qorumaq barədə razılığa gəliblər. Atəşkəsin tətbiqi ilə bağlı əlavə prinsiplər 6 noyabrda İstanbulda keçiriləcək yüksək səviyyəli görüşdə müzakirə olunacaq və razılaşdırılacaq.
Açıqlamada həmçinin tərəflərin sülhü və pozanlara qarşı cəzaları təmin etmək üçün monitorinq və yoxlama mexanizmi yaratmaq barədə razılığa gəldikləri bildirilir.
Açıqlamada “Türkiyə və Qətər vasitəçi kimi hər iki tərəfin fəal töhfəsini yüksək qiymətləndirir və davamlı sülh və sabitlik üçün hər iki tərəflə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirirlər” deyilib.
Qeyd edək ki, Əfqanıstan və Pakistan rəsmiləri arasında danışıqlar Ankara və Dohanın rəhbərliyi ilə bir neçə günlük vasitəçilikdən sonra İstanbulda başa çatıb. Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid hər iki tərəfin danışıqları davam etdirmək barədə razılığa gəldiyini bildirib.
Pakistan-Əfqanıstan sərhədində baş verən ölümcül toqquşmalardan sonra, 19 oktyabrda Dohada İslamabad və Kabil arasında Qətər və Türkiyənin vasitəçiliyi ilə danışıqlar aparılıb və tərəflər hazırda qüvvədə olan atəşkəs razılaşmasına nail olublar.
Tərəflər ötən həftə İstanbulda görüşərək danışıqları davam etdiriblər. Davamlı sülhə nail olmaq üçün səylər davam edir.
Gərginliyin əsas mənbəyi: TTP
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif “Geo News” kanala bildirib ki, Qətər və Türkiyənin tələbi ilə Pakistan sülhə daha bir şans vermək qərarına gəlib. O bildirib ki, oktyabrın 30-da gecə qayıtması planlaşdırılan Pakistan nümayəndə heyətindən İstanbulda qalmaları istənib.
Sovet İttifaqının Əfqanıstana işğalı zamanı Pakistan təxminən dörd milyon əfqan qaçqınına ev sahibliyi edib. Lakin Pakistan daxilində, xüsusən də Tehrik-i Taliban Pakistan (TTP) kimi terror təşkilatları tərəfindən törədilən zorakılıqlar əfqan Talibanı ilə münasibətləri xeyli gərginləşdirib.
ABŞ-ın rəhbərlik etdiyi qüvvələr 2021-ci ildə ölkədən çıxdıqdan sonra Əfqanıstan Talibanı Kabildə hakimiyyətə qayıtdı. Pakistan hərbi rəsmilərinin məlumatına görə, bu il hücumlarda 311-dən çox əsgər də daxil olmaqla 500-dən çox insan həlak olub. Hücumların əksəriyyəti TTP tərəfindən həyata keçirilib.
Pakistan Əfqanıstanı öz ərazisində TTP terrorçu qrupunu gizlətməkdə ittiham edir, Kabil isə bu iddianı rədd edir.


























