Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əldə olunmasının Ermənistan-Rusiya münasibətlərinə təsir göstərəcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Paşinyan bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı danışıb.
Ermənistan hökumətinin başçısı Rusiya ilə münasibətlərin hazırda transformasiya mərhələsində olduğunu deyib. Onun sözlərinə görə, bu proses təbii xarakter daşıyır.
“Bütün əvvəlki dövrdə Ermənistanla Rusiya arasındakı münasibətlərə təsir edən ən böyük amil Ermənistan-Azərbaycan münaqişəsi olub. Artıq Azərbaycanla sülh qurduğumuz üçün Ermənistan-Rusiya münasibətləri təbii olaraq dəyişəcək”, – Paşinyan bildirib.
O, Ermənistanın Rusiya ilə münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Paşinyan, həmçinin Ermənistanın ölkədən uzaqda yerləşən digər tərəfdaşlarla əlaqələri inkişaf etdirməyə davam edəcəyini qeyd edib. Baş nazir bu kontekstdə Ermənistanın Orta Asiya ölkələri ilə münasibətlərinin yüksək dinamika ilə inkişaf etdiyini bildirib.
“Qonşularımızla münasibətlərin normallaşması və dərinləşməsi xarici siyasət vizyonumuz üçün əsas əhəmiyyət kəsb edir”, – deyə Paşinyan əlavə edib.


























