image-image_750x_63c136dc1ea00backend

“Paşinyan Ermənistanı KTMT-dən, rus bazasını da ölkəsindən çıxara bilsə…”

image-reklam_sirab_01

Politoloq: “Kreml Əliyevin sülhməramlılarla bağlı bəyanatına münasibət bildirməzkən, Paşinyanın açıqlamasına dərhal reaksiya verdi”

Ermənistanla Rusiya arasında gərginlik artan xətt ilə inkişaf etməkdədir. Laçın yolunda azərbaycanlı ictimai fəalların bir aydan artıqdır keçirdikləri aksiya rəsmi İrəvanın Moskvaya qarşı ittihamlarını artırıb. Ermənistan rəhbərliyi hesab edir ki, Laçın yolunda baş verənlərin qarşısını Rusiya sülhməramlı kontingenti almalıdır, amma Moskva bunda maraqlı deyil.

Bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı ittiham etmişdi, indi isə Baş nazir Nikol Paşinyan tərəfindən ittihamlar səslənir. Bir neçə gün əvvəl Paşinyan hökumətin iclasında Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini Laçın yolunda vəziyyətlə bağlı aydın izahat verməyə çağırmışdı. Onun sözlərinə görə, Qarabağ qarşısında konkret öhdəliklər götürmüş Rusiya vəziyyəti necə qiymətləndirdiyini, yol boyu hərəkətin bərpası üçün plan və yol xəritəsinin nədən ibarət olduğunu izah etməlidir.

“Sizə xatırlatmaq istəyirəm ki, Rusiya həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman Kreml BMT sülhməramlı kontingentinin mandatını almaq barədə BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent yerləşdirilməlidir”, – deyə Paşinyan bildirib.

O, bu günlərdə keçirdiyi mətbuat konfransında Rusiyaya qarşı ittihamlarını genişləndirib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana kömək etmədiyini deyib, sülhməramlıların fəaliyyətindən narazılığını ifadə edib və BMT sülhməramlılarının rus sülhməramlıları ilə əvəzlənməli olduğu fikrinə toxunub.

İrəvandan verilən bəyanatlar Ermənistanın indiki hakimiyyətinin Rusiyadan birdəfəlik qopmaq niyyətində olduğu ehtimalını gücləndirir. Amma ekspertlər hesab edirlər ki, Rusiyanın bu niyyətə qarşı cavabı sərt ola bilər. Moskvadan verilən bəyanatlar da bunu göstərir. Əvvəl Kremlin sözçüsü Dmitri Peskov Qriqoryanın ittihamlarının əsassız olduğunu qeyd etmişdi. Paşinyanın ittihamlarına isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səviyyəsində cavab verildi və bildirildi ki, İrəvandan verilən bəyanatlar əsassızdır.

Yeri gəlmişkən, sülhməramlıların fəaliyyəti ilə bağlı Azərbaycan tərəfinindən də bəyanat verildi. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı Ermənistana 2023-cü ilin son şans olduğunu bildirdi və qeyd etdi ki, 2025-ci ildə sülhməramlı kontingentin fəaliyyət müddəti bitir. Rəsmi Bakı hesab edir ki, 2025-ci ilədək sülh müqaviləsi imzalanmalıdır. Bununla yanaşı, Azərbaycan sülhməramlı missiyanın Qarabağda qalma müddətinin uzadılması niyyətində olmadığını açıq şəkildə bəyan etmiş oldu.

Baş verən proseslərin Cənubi Qafqaza nə vəd etdiyi barədə AYNA-nın suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb.  Analitik qeyd edib ki, Azərbaycanın Laçın yoluna nəzarəti gücləndirməsi, davam edən etiraz aksiyası Ermənistan hakimiyyəti ilə Rusiya arasında münasibətləri gərginləşdirib:

– Baş verənlərin Azərbaycana faydası var. Ermənistan hakimiyyətinin başında duranlar ard-arda Rusiyanı ittiham edirlər, vəziyyət o həddə çatdı ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan rəsmilərinin təxribatla məşğul olduğunu bəyan elədi. Eyni zamanda, Zaxarova da bu səpkili açıqlama verdi. Yəni münasibətlər açıq-aşkar gərginləşib. Gündəmə daha bir məsələ gəlib – Rusiyanın Gümrüdəki 102-ci bazasının bloklanması. Əgər Ermənistan hökuməti bazanı bloklamağa cəhd edərsə, İrəvan-Moskva münasibətləri daha da gərginləşəcək. Təbii ki, Kreml bu cəhdi Ermənistana bağışlamaz.

Paşinyan faktiki olaraq, Rusiyanın ölkəsindəki hərbi mövcudluğunu təhdid adlandırdı. Ukraynadakı müharibənin fonunda Qərb ölkələrinin Rusiyaya münasibətinin dəyişdiyini vurğulayan Paşinyan belə şəraitdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun Ermənistanın təhlükəsizliyini təmin etmədiyini, əksinə, ona təhdid yaratdığını bildirdi. Düzdür, Paşinyan hakimiyyətdə olduğu dövrdə çoxlu ziddiyyətli bəyanatlar verib, amma Rusiyanın ünvanına hələ belə ittihamlar səsləndirməmişdi. Onu bu açıqlamalara son bir neçə il ərzində görüşdüyü Qərb liderləri, diplomatları və kəşfiyyat rəhbərləri həvəsləndirib.

Paşinyanın məntiqinə görə, Rusiya Ermənistanın düşməni Azərbaycana təzyiqi lazım bilməyibsə, Ermənistanla Qarabağı birləşdirən yolda azərbaycanlı etirazçılara qarşı güc tətbiq etməyibsə, üstəlik Azərbaycanla təmas xəttindəki döyüşlərdə Ermənistanı dəstəkləməyibsə, demək, İrəvanın belə bir müttəfiqə ehtiyacı yoxdur. Ancaq Paşinyan daha da irəli gedərək “Rusiyanın Ermənistanda hərbi bazasına ehtiyac yoxdur” fikrini təlqin etməyə başlayıbsa, bu, Kremldə İrəvanın Rusiya ilə münasibətlərdə “qırmızı xətt”i aşması kimi dəyərləndiriləcək.

– Ermənistan tərəfindən KTMT-nin ünvanına ittihamlar son aylarda artmışdı. Paşinyan da bu barədə danışdı. Eyni zamanda, sülhməramlılarla bağlı da ittihamlar səsləndirdi. Bunlar o deməkdirmi ki, İrəvan Moskva ilə hərbi əlaqələri birdəfəlik kəsmək siyasəti aparır?

– Sülhməramlılarla bağlı dediklərinə Rusiyadan cavab verildi. Ermənistan BMT sülhməramlılarını da bölgəyə gətirmək istəyir ki, buna Rusiya imkan verməyəcək. Azərbaycan da belə bir missiyanın gəlişində maraqlı deyil. Bakı ümumiyyətlə, ərazilərində hərbi missiyanın mövcudluğunu istəmir.

KTMT ilə bağlı ittihamlara gəlincə, Ermənistan burada da haqsızdır. KTMT İkinci Qarabağ müharibəsinə qarışmadı, Ermənistanı dəstəkləmədi. Putin də müharibənin Ermənistanın kənarında – Azərbaycanın ərazisində getdiyi üçün qarışmayacağını bildirmişdi. İndi də eyni proses baş verir. Laçın yolu Azərbaycan ərazisindədir. KTMT buna qarışa bilməz. Təşkilat Azərbaycan ilə Ermənistan arasında sentyabrda təmas xəttində baş verən təxribatlara da qarışmadı. Ermənistan KTMT-ni dəfələrlə, cidd-cəhdlə proseslərə qoşmağa çalışsa da, buna nail ola bilmədi. İrəvan KTMT-ni Laçın yolunda keçirilən aksiyaya reaksiya verməyə səsləyir. Axı, bu, absurddur. Laçın yolu ilə bağlı şərh vermək KTMT-nin səlahiyyətləri xaricindədir. Ermənistan anlamalıdır ki, tək yolu var – Azərbaycanla hesablaşmaq, sülh müqaviləsini imzalamaq, öz sərhədlərinə çəkilmək.

– Əvvəldə bildirdiniz ki, Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsinin Azərbaycana faydası var…

– Ümumiyyətlə, Cənubi Qafqaza faydası var. Ermənistanın KTMT-dən çıxmasının, 102-ci bazanın Ermənistandan çıxarılmasının, əlbəttə, faydası var. Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistanı həm KTMT-dən çıxararsa, həm də Rusiyanın hərbi bazasını ləğv edərsə, bu, region üçün yeni situasiya deməkdir. Bu halda Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa alternativi qalmayacaq.

– Azərbaycan Prezident Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının 2025-ci ildə başa çatacağını xatırlatdı. Bu açıq bəyanatı necə qiymətləndirirsiniz?

– Prezident bununla həm Moskvaya, həm İrəvana, həm də Qarabağdakı separatçılara mesaj göndərdi ki, rəsmi Bakı Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmayacaq və onlar siyasətlərini Bakının bu qərarına görə müəyyənləşdirməlidirlər. Təbii ki, İlham Əliyevin bu yanaşması Kremlin xoşuna gəlməyəcək. Çünki Moskva Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmaq istəyir. Ancaq Moskva başqa bir dilemma ilə də üzləşib. Belə ki, əvvəldə dediyim kimi, Qarabağda Rusiya hərbi kontingentini Ermənistanın Baş naziri də istəmir. Əlbəttə, Paşinyanın arqumenti fərqlidir, lakin istəməmək fikri eynidir. Əliyevin açıqlamasıyla eyni gündə Paşinyan Qarabağdakı Rusiya hərbi kontingentinin beynəlxalq qüvvələrlə əvəz olunması təklifini təkrarladı. Bu da Kremlin xoşuna gəlməyib. Rusiya Prezidentinin mətbuat katibi dedi ki, Qarabağa BMT sülhməramlıları münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər. Peskov bu cümləsiylə Rusiya Prezidenti Vladimir Putinin mesajını Paşinyana ünvanlamış oldu. Bu məsələdə Moskva ilə Bakının maraqları üst-üstə düşür.

Baxın, Kreml Əliyevin “Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının vaxtı 2025-ci ildə başa catacaq” fikrinə münasibət bildirməzkən, Nikol Paşinyanın “Rusiyanı BMT əvəz etsin” fikrinə dərhal cavab verdi. Məsələ sadəddir. Azərbaycanın 2020-ci il 10 noyabr Üçtərəfli Birgə Bəyanatına görə, Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmamaq səlahiyyəti var və Kreml buna qarşı rəsmi etiraz bildirmir. Ermənistanın isə Rusiyanı BMT ilə əvəz etmək səlahiyyəti yoxdur. Ancaq bu, bizi rahatlatmamalıdır. Kremlin Rusiya hərbi kontingentinin bölgəni tərk etməməsi üçün erməni separatçılarıyla və Qarabağa göndərdiyi Ruben Vardanyanla birgə Azərbaycana qarşı müxtəlif təxribatlar hazırlayacağı istisna deyil. Bütün hallarda Azərbaycanda vahid mövqe formalaşıb: Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk etməlidir.ayna.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image