Güney Azərbaycan ədəbiyyatı adından 183 nəfərin imza toplayaraq Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri, yazıçı və alim Sayman Aruzun onları təmsil edə bilməyəcəyini bildirməsi böyük müzakirələrə səbəb olub.
Vətəninfo.az xəbər verir ki, məsələ ilə bağlı tanınmış yazıçı-şair, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Elşad Barat son dərəcə sərt açıqlama yayıb. O, imzaların böyük əksəriyyətinin saxta olduğunu və bu prosesin arxasında İranın xüsusi xidmət orqanı – Ettelaatın dayandığını iddia edir.
Elşad Barat sosial şəbəkədə paylaşdığı açıqlamasında bildirib ki, imza siyahısına baxdıqdan sonra həmin şəxslərin əksəriyyətinin ədəbi camiada adı çəkilməyən, heç bir nüfuza və ədəbi çəkisi olmayan insanlar olduğunu müəyyənləşdirib:
“Bu 183 imzanın 99 faizi ya saxtadır, ya da kafe səviyyəsində küçə adamlarıdır. Deyilənlərə görə, bunların əksəriyyəti İran Ettelaatına xidmət edən şəxslərdir və onların Azərbaycandakı qolları da hamıya məlumdur.”
Elşad Baratın sözlərinə görə, Sayman Aruz həm Azərbaycan ədəbiyyatının, həm də Güney ilə Quzey arasında mənəvi körpü rolunun aparıcı simalarından biridir:
“Sayman Aruz böyük alimdir, şairdir, tarixi şəxsiyyətdir. Onun Azərbaycanın hər iki tayının ədəbi-ictimai və siyasi birliyinə etdiyi xidmətlər göz önündədir. O, Məhəmməd Hüseyn Şəhriyarı, Buludu, Saidini təmsil edə bilər. Sözün, haqq-ədalətin təmsilçisidir, hansısa kafe adamlarının yox.”
“Bir nəfər çıxıb Aruzun səviyyəsində bir əsər yaza bilsə, mən onların hamısına tərif deyəcəyəm”
“Aranızdan bir nəfər çıxıb Sayman Aruzun ‘Yüz il inqilab’ romanı boyda bir roman yaza bilsin. ‘Praktik irfan nəzəriyyəsi’ səviyyəsində elmi-ədəbi əsər ortaya qoysun. Onun onlarla hekayəsinə, şeirinə, qəzəlinə bərabər bir əsər təqdim etsin. ‘Körpü’ proqramındakı fəaliyyətinin yarısını görə bilsin. Yoxsa, mən sizin 183 nəfərin şəninə təriflər yağdıracağam, adınıza gəraylılar qoşacağam, bayatılar bəstələyəcəyəm.”
Sayman Aruz ətrafında yaranan bu qalmaqal Azərbaycan və Güney Azərbaycan ədəbi mühitində ciddi müzakirələr yaradıb. Tənqidçilər bu kampaniyanın siyasi motivli olduğunu iddia edir, tərəfdarları isə bu ittihamların əsassız olduğunu bildirirlər.
Aydın görünür ki, məsələ bir müddət də ədəbi və ictimai gündəmin əsas mövzularından biri olaraq qalacaq.


























