image-reklam-veteninfo
image-1backend

Şahin Mustafayev Ermənistana GEDƏCƏK

image-reklam-veteninfo

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan ötən həftə Azərbaycanda olub. Nikol Paşinyanın müavini noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.

Şəhərdə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.

Görüş zamanı tərəflər 16 yanvar 2025-ci il tarixində keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılaşmanı qeyd ediblər.

Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistan Respublikasının şəhərlərindən birində müəyyən etmək barədə razılığa gəlilər.

Modern.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Qəbələdə görüş sülh prosesində qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verən bir siyasi hadisədir:

“Bu cür səfərlər sülh prosesinə töhfə verməklə yanaşı konkret praktiki siyasi nümunədir. Bundan sonra həm Ermənistanın, həm də Azərbaycanın istənilən müxtəlif şəhərlərində belə səfərlərin baş tuta biləcəyinə işarə edir. Azərbaycanın Qəbələ şəhərində olan görüş növbəti dəfə paytaxt Bakıda baş tuta bilər. Eləcə də dünən Qafanda görüş keçirilibsə, sabah paytaxt İrəvan da bu istiqamətdə danışıqların məkanı kimi seçilər. Ona görə də, Mher Qriqoryanın Qəbələyə səfəri həm daxili auditoriyaya, həm də beynəlxalq birliyə verilən sülh mesajıdır”.

Natiq Mirinin fikrincə, Zəngəzur istiqamətində sərhədlərin daha tez demarkasiyası və delimitasiyası baş tuta bilər:

“Delimitasiya və demarkasiya ilə bağlı dövlət komissiyalarının görüşü gündəliyin yenidən aktivləşdirilməsi anlamına gəlir. Azərbaycan, Ermənistan və Gürcüstanı birləşdirən sərhədlərdən, yəni Şimaldan cənuba doğru delimitasiya və demarkasiya prosesi başlayacaq. Bu proses tədricən və razılaşdırılaraq tənzimlənəcək. Bu mərhələdə zaman çərçivəsində cənuba doğru, xüsusilə də Zəngəzur bölgəsində sərhədlərin müəyyənləşməsi daha tez təmin oluna bilər. Zəngəzur dəhlizinin açılması ilə əlaqəli olaraq bu mümkündür. Çünki dəmir yolu və avtomobil yolu infrastukturunun yaranması, nəzarət mexanizmlərinin təşkil olunması üçün mütləq Azərbaycanla Ermənistan arasında dəqiq, ayırıcı xəttin-demarkasiyanın müəyyənləşməsi, prespektivdə delimitasiya olunmasına ehtiyac var. Buna görə də sonda deyil, biraz irəli çəkmək zərurəti yarana bilər. Qəbələ görüşündə ola bilsin ki, bu məsələ ciddi müzakirə predmeti olub. Gələn ildən, xüsusilə də iyun-iyul aylarından sonra Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən 42 kilometrlik ərazidə dəmiryolu və avtomobil xəttinin çəkilməsi ilə bağlı prosesə başlanacaq. Hələlik o vaxta qədər həm hüquqi yöndə tənzimləmələr, həm də Nikol Paşinyanın rəhbərlik etdiyi partiya seçkilərə ciddi şəkildə hazırlaşdığı üçün zamanın böyük hissəsini almış olacaq. Yəni prioritet parlament seçkilərində qalib gəlmək olduğundan bu məsələyə xüsusi diqqət yetiriləcək. Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi güc mərkəzinin daha çox vaxtını alacaq. Ona görə Zəngəzur dəhlizi (TRIPP) marşurutu ilə bağlı işlərin başlaması 2026-cı ilin ortalarına təsadüf edir. Çünki əsas olan Paşinyanın rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qalib gəlməsidir. Bunun əksi layihənin tamamilə dayandırılmasına gətirib çıxara bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki