Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda həbsdə olan keçmiş prezident Robert Köçəryanı doğum günü münasibətilə təbrik etməsindən bir gün sonra eks-prezidentin erməni xalqına müraciəti yayımlanıb.
Müraciətdə Köçəryanın “Paşinyan hakimiyyətinin sona çatdırılması vacibdir” fikrini səsləndirməsi Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətinə qarşı siyasi mübarizəyə çağırış kimi qiymətləndirilir.
Bu barədə siyasi şərhçi qeyd edib ki, Köçəryan üzləşdiyi korrupsiya ittihamları fonunda uzun müddət həbsdə qala biləcəyini anlayır və buna görə də daha sərt siyasi ritorikaya üstünlük verir.
“Yəqin ki, Putinin ad günü təbriki də Köçəryanı daha da həvəsləndirib”, – deyə şərhçi bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyan Rusiyanın və Kremlin dəstəklədiyi siyasi qüvvələrin təzyiqlərinə baxmayaraq, öz siyasətindən geri çəkilməyib. Paşinyanın Rusiyanın Ermənistandakı müttəfiqlərinə qarşı sərt mövqeyi nəticəsində bir sıra tanınmış siyasi fiqurların həbsə göndərildiyi vurğulanıb.
Şərhçinin fikrincə, Rusiyanın Ermənistana qarşı müxtəlif təzyiq vasitələrindən istifadə etməsi də indiyədək gözlənilən nəticəni verməyib.
O hesab edir ki, hazırkı mərhələdə Ermənistan daxilində siyasi sabitliyin qorunması və mümkün xarici müdaxilə risklərinin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır.
Şərhçi Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə sülh və regional əməkdaşlıq prosesini mümkün qədər tez yekunlaşdırmasının vacib olduğunu bildirib.
“Rusiyanın təzyiqlərini tam neytrallaşdıracaq əsas amil bölgədə sülhün bərpası və regional əməkdaşlığın genişləndirilməsidir”, – deyə o qeyd edib.
Bildirilib ki, Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş və aparılan müzakirələr Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması prosesinə əlavə təkan verə bilər.
Elxan Şahunoğlu
Politolq


























