image-33backend

Prezident İlham Əliyev ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır.

image-reklam_sirab_01

Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı bütün sahələri və bütün bölgələri əhatə edir. Prezident İlham Əliyev ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verir. Dövlət başçısı təkcə işğaldan azad olunmuş ərazilərə deyil, ölkənin digər bölgələrinə də səfərlər edir. Bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işləri davam etdirilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf davam edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İsmayıllı və Şamaxıya səfəri zamanı yeni istifadəyə verilən infrastruktur layihələri bunu bir daha təsdiqlədi.

İsmayıllı şəhərinin Babək küçəsində ideya və üslub baxımından aparılan xüsusi abadlıq işləri şəhərin simasını tamamilə dəyişib. Xarici və yerli turistlərin diqqətini cəlb edən Lahıcda aparılan yenidənqurma işlərini də xüsusi qeyd etməliyik.

İsmayıllı rayonunda yeni salınan Basqal-Sulut avtomobil yolu isə son illər ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində görülmüş işlərin tərkib hissəsidir. Müasir təhsil infrastrukturu çərçivəsində İsmayıllı şəhərində yenidən inşa olunan 6 saylı tam orta məktəb, eləcə də Şamaxıda Çarhan kənd orta məktəbinin yeni binasında şagirdlərin biliklərini artırmaları üçün hər cür şərait yaradılıb. Təsadüfi deyil ki, son illər ölkədə 3 mindən çox məktəb tikilib və ya əsaslı bərpa olunub. Bu da ölkəmizdə şagirdlərin yüksək keyfiyyətli təhsilə yiyələnmələrinə zəmin yaradır.

Şamaxı da ilbəil inkişaf edən bölgələrimizdən biridir. Dövlət başçımızın bu bölgələrə səfərləri zamanı yeni inkişafın şahidi oluruq. Budəfəki səfər zamanı “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı, perspektivdə “Meysəri” yarımstansiyası vasitəsilə Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələrinin əlaqələndirilməsi son illər Azərbaycanda enerji təchizatı sahəsində görülmüş işlərin tərkib hissəsidir.

Əhalinin məşğulluğunun artırılması, gənclərin və uşaqların sağlam həyat tərzi keçirmələri regionların sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən biridir. Bu mənada Şamaxı şəhər stadionunun açılması yerli futbol ənənələrinin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda idmanın inkişafı, onun kütləviliyinin təmin olunması istiqamətində ökəmizdə kompleks tədbirlərin davamlılığını göstərir.

Şamaxı Üzüm Tingçilik Mərkəzi isə ölkədə üzümçülüyün inkişafına əlavə töhfə verəcək.

Regionların inkişafı ilə paralel milli sərvətimiz olan dini abidələrimizin, məscidlərin, ibadəgahların əsaslı təmiri, yenidən qurulması işləri də davam etdirilir. Bu sahəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir. Təsadüfi deyil ki, Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksi, eləcə də 1791-ci ildə inşa edilən Bədöyün məscidində aparılan bərpa-təmir işləri də Heydər Əliyev Fondunun dəstəyilə reallaşmaqdadır.

Bir sözlə, dövlət başçımızın səfər etdiyi bütün bölgələrdə artan inkişaf dinamikası müşahidə olunmaqdadır. Regionların sosial-iqtisadi inkişafı bütövlükdə ölkəmizin inkişafına töhfə verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki