image-reklam-veteninfo
image-1762857842_ulvi-quliyevbackend

Qərəzin əsl səbəbləri cəmiyyətimizə artıq məlumdur

image-reklam-veteninfo

Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsində növbəti dəfə ölkəmizə qarşı qərəzli müddəaların yer alması ona dəlalət edir ki, bu beynəlxalq təsisat Azərbaycanın sülh naminə atdığı real addımlardan ya bixəbərdir, ya da məqsədli şəkildə onları görməzdən gəlir. Ona görə də bu cür təşkilatlardan ölkəmizlə bağlı obyektiv mövqe gözləməyə dəyməz.

Çıxarmalı olduğumuz növbəti nəticə isə budur ki, Ukrayna məsələsində üz-üzə dayanan dairələrin mövqeyi Azərbaycana gəldikdə, nədənsə üst-üstə düşür. Əslində, bu “nədənsənin” içində “gizlənən” səbəblər toplusu cəmiyyətimizə artıq yaxşı məlumdur. Avropa Parlamenti 2021-ci ildən bu günə qədər ölkəmizə qarşı 13 əsassız qətnamə qəbul edib. Bu qətnamələrin hər birində mövcud həqiqətlər ya bilərəkdən təhrif olunur, ya da heç bir faktoloji və hüquqi əsası olmayan iddialar irəli sürülür. Hansı sağlam məntiqlə izah edilə bilər ki, erməni separatizminin terrora, təxribata və digər hərbi cinayətlərə görə məhkum olunmuş təmsilçiləri qətnamələrdə gah “müharibə əsiri”, gah da “siyasi məhbus” kimi qələmə verilərək onlara azadlıq tələb olunur?

Avropalı deputatlar  bəzən bu şəxsləri hətta “girov” adlandırmaqdan da utanmırlar. Motivlərə gəldikdə isə, heç onu da gizlətmirlər. Vətən müharibəsinin elə ilk günlərində Fransadan eşitdiyimiz “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”, yaxud Avropa Parlamentində və ya AŞPA-da müzakirələr zamanı “xristian erməni qardaşlarımızı müdafiə etməliyik” kimi cahil, bəşəri dəyərlərlə yanaşı, beynəlxalq hüquqa da zidd olan “arqumentlər” Azərbaycana qarşı qərəzin özəyini təşkil edir.

Prezident İlham Əliyev iki il əvvəl Milli Məclisdə keçirilən andiçmə mərasimində  bu cür dairələrin anti-Azərbaycan mövqeyindən asanlıqla əl çəkməyəcəyi haqda tarixi xəbərdarlığını etmişdi: “Biz, İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim,-sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.

Elə bu səbəbdən, bilməliyik ki, ölkəmizə qarşı əsassız iddialar, məqsədli təhrifetmələr, şantaj və dezinformasiya kampaniyası tezliklə səngiməyəcək. Ona da inanmıram ki, bu “xidmətdə” imzası olan avropalı deputatlar elə özlərinin dünyaya bəxş etdiyi fransız əsilli böyük riyaziyyatçı və filosof Blez Paskalın hələ XVll əsrdə səsləndirdiyi bu ibrətamiz nəsihətdən də tezliklə nəticə çıxarsınlar: “Ədalət güclü, güclülər isə ədalətli olmalıdır”.

Lakin unutmasınlar ki, Azərbaycanın bərpa etdiyi tarixi ədalətin təməlində elə onların özlərinin də guya tərəfində olduğu beynəlxalq hüququn gücü, bütöv bir xalqın əyilməz ruhu və onu təmsil edən Liderin sarsılmaz iradəsi dayanır. Bütün bunlardan irəli gələn mənəvi motivasiyanın gücünü və ruhunu isə, bunu yaşamayanlar, təbii ki, bilə bilməz. Elə buna görə də etnik və ya dini zəmində bölücülüyü, ayrı-seçkiliyi təşviq edən heç bir cahil arqument, qərəzli qarayaxma kampaniyası Azərbaycanı haqq yolundan döndərə bilməyəcək!

Ülvi Quliyev                                                                                    

Milli Məclisin deputatı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki