image-reklam-veteninfo
image-images-4backend

“Güclü dövlət – güclü mədəniyyət” tezisi bu konsepsiyanın ideoloji nüvəsini təşkil edir

image-reklam-veteninfo

“Azərbaycan Mədəniyyəti- 2040” Azərbaycan Respublikası Mədəniyyət Konsepsiyası yeni dövrdə azərbaycançılıq ideologiyasının sistemli həyata keçirilməsi üçün uğurlu yol xəritəsidir.

Bu konseptual yanaşma İlham Əliyevin müxtəlif platformalarda – xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasında tarixi çıxışı və beynəlxalq trubunalarda səsləndirdiyi milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin müasir çağırışlarla uzlaşdırılması və qlobal mədəni inteqrasiyada fəal iştirak prinsiplərinə əsaslanır. Prezidentin dəfələrlə vurğuladığı “güclü dövlət – güclü mədəniyyət” tezisi bu konsepsiyanın ideoloji nüvəsini təşkil edir: yəni milli kimliyin dayağı kimi mədəniyyətin qorunması ilə yanaşı, onun innovativ inkişafı və dünyaya təqdim olunması strateji hədəf kimi müəyyənləşdirilir. Bu kontekstdə “Mədəniyyət 2040” yalnız bir inkişaf proqramı deyil, həm də azərbaycançılıq ideyasının müasir mərhələdə sistemli şəkildə həyata keçirilməsi üçün konseptual yol xəritəsi kimi çıxış edir. Ona görə də 2026-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası həm ideoloji, həm də institusional dönüş sənədi kimi qiymətləndirilə bilər.

1. Konsepsiyanın mahiyyəti: “klassik qoruma”dan “strateji transformasiya”ya keçid:

Konsepsiyanın əsas məqsədi yalnız mədəni irsi qorumaq deyil. Sənədin mərkəzində duran ideya müasir mədəniyyət modelinin qurulması və sistemli, dayanıqlı inkişafın təmin olunmasıdır. Bu, əslində üç mühüm dönüşü göstərir: Passiv qoruma yerini aktiv inkişaf modelinə verir. Fragmentar yanaşma yerini sistemli dövlət siyasətinə verir. Milli yaddaş yerini milli + qlobal inteqrasiyaya verir. Yəni, mədəniyyət artıq yalnız “muzey və teatr” deyil, dövlətin strateji resursuna çevrilir.

2. İdeoloji qat: milli kimliyin yenidən konstruksiyası:

Konsepsiyanın ən mühüm tərəfi onun ideoloji yüküdür. Burada əsas xətt milli-mənəvi dəyərlərin qorunması, müasirliklə sintez, dövlətçilik şüurunun gücləndirilməsidir. Bu sənəd faktiki olaraq post-müstəqillik dövrünün ikinci mərhələsi kimi görünür. Əgər 1990–2000-ci illər dövlət quruculuğu və kimliyin bərpası dövrü idisə, “2040 Konsepsiyası” kimliyin strateji şəkildə idarə olunması və ixracı mərhələsidir. Bu baxımdan sənəd: ədəbiyyatı, incəsənəti, medianı, hətta ideoloji diskursu bir vahid sistem daxilində görür.

3. Mədəniyyətin siyasi və iqtisadi funksiyaya çevrilməsi:

Konsepsiyanın ən maraqlı tərəfi – mədəniyyətin artıq yalnız humanitar sahə kimi deyil, siyasi və iqtisadi alət kimi qəbul olunmasıdır. Bu, dünya praktikasına uyğundur (məsələn, “soft power” siyasəti): mədəniyyət beynəlxalq nüfuzdur. Mədəniyyət turizm və iqtisadi gəlir deməkdir. Mədəniyyət informasiya müharibəsində üstünlük gətirir.
Yəni Azərbaycan da bu konsepsiya ilə mədəniyyəti geopolitik resursa çevirmək istəyir

4. Sistemlilik və idarəetmə: yeni institusional model

Konsepsiyada xüsusi diqqət çəkən məqam – idarəetmə mexanizmidir: koordinasiya – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzərinə qoyulur. İllik hesabatlılıq – Prezidentə təqdim olunur, monitorinq – ayrıca analitik qurum tərəfindən aparılır. Bu isə o deməkdir ki, mədəniyyət sahəsi artıq “yaradıcılıq mühiti” deyil, ölçülə bilən, hesabatlı və planlı dövlət siyasətidir.

5. Mədəniyyət Nazirinin fəaliyyəti: konsepsiyanın “icra mühərriki”

Konsepsiya kağız üzərində qalmasın deyə əsas rol icraedici quruma – yəni Mədəniyyət Nazirliyinə verilib. Hazırkı nazir Adil Kərimli bu prosesdə bir neçə istiqamətdə aktiv görünür:

1. İnstitusional səfərbərliklə həm Nazirlik daxilində, həm də digər aidiyyatı məkanlarda geniş təqdimatlar keçirilir, tabeli qurumlara konkret tapşırıqlar verilir.

2. Strateji kommunikasiya:
Konsepsiya yalnız sənəd kimi yox, ictimai diskurs kimi təqdim olunur, videoçarxlar, təqdimatlar, izahatlar hazırlanır.

3. İdarəetmə yanaşması:
Nazirin çıxışlarından görünən əsas xətt isə prioritetlərin müəyyənləşdirilməsi, layihələrin koordinasiyası, nəticəyönümlü idarəetmədir.
Bu isə göstərir ki, Nazirlik: klassik bürokratik qurumdan, strateji menecment strukturuna çevrilməyə çalışır. Bu məsələ isə təqdirəlayiqdir.

6. Ədəbiyyat və ziyalı mühiti üçün nəticələr:
Ədəbiyyata sistemli dəstək imkanı yaradır, milli ideoloji xətt formalaşdırır, yaradıcı sahələri dövlət strategiyasına daxil edir. Yəni bu sənəd həm imkan, həm də nəzarət mexanizmidir. “Azərbaycan Mədəniyyəti – 2040”: sadəcə mədəniyyət proqramı deyil, dövlətin ideoloji və strateji platformasıdır. Bu konsepsiya ilə: mədəniyyət dövlət siyasətinin mərkəzinə çəkilir, milli kimlik planlı şəkildə formalaşdırılır, mədəniyyət geopolitik alətə çevrilir. Ən vacib isə: yaradıcılıq artıq fərdi akt yox, sistem daxilində fəaliyyətə çevrilir.

“Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının ədəbiyyata təsirini ayrıca və dərinliklə analiz etmədən ümumi mənzərə yarımçıq qalır. Çünki bu sənədin ən ciddi transformasiya yaratdığı sahələrdən biri məhz ədəbiyyatdır. Bəs ‘Konsepsiya” ədəbiyyata hansı töhfəni verəcəkdir;

1. Ədəbiyyatın statusu dəyişir:
“Yaradıcılıq sahəsi”ndən “strateji sahə”yə çevrilir. Konsepsiyaya qədər ədəbiyyat daha çox fərdi yaradıcılıq aktı və ədəbi mühit daxilində formalaşan proses kimi qəbul olunurdu. “2040 Konsepsiyası” ilə isə ədəbiyyat dövlətin mədəni və ideoloji siyasətinin tərkib hissəsinə çevrilir. Bu o deməkdir ki, ədəbiyyat artıq yalnız estetik hadisə deyil, həm də ictimai şüurun formalaşdırılması alətidir

2. Yeni ədəbi prioritetlər formalaşır:
Konsepsiya dolayısı ilə ədəbiyyatın istiqamətlərini də müəyyənləşdirir. Bu istiqamətlər açıq yazılmasa da, məntiqi olaraq belə oxunur:

A) Milli kimlik və dövlətçilik xətti güclənir:
Tarixi yaddaş, milli qəhrəmanlıq, dövlətçilik ideyası inkişaf edir. Müstəqillik təfəkkürü ədəbiyyata köçürülür.
B) Müasirlik və qlobal inteqrasiya:
Müasir insan modeli, urban həyat, texnologiya və dəyişən dəyərlər.
C) Mədəni yaddaşın qorunması:
Folklor motivləri, klassik irsə dönüş. Yəni gələcək ədəbiyyat həm milli, həm müasir, həm də ideoloji baxımdan çərçivələnmiş olacaq.
3. Yazıçı obrazı dəyişir:
Konsepsiyanın ən maraqlı təsirlərindən biri də budur. Əvvəllər yazıçı daha çox müstəqil fikir sahibi, bəzən sistemə tənqidi yanaşan şəxs kimi qəbul olunurdusa, indi isə yazıçı ictimai missiya daşıyan fiqura çevrilir. Bu isə iki istiqamət yaradır: aktiv iştirak edən yazıçı (dövlət siyasətinə inteqrasiya olunur), kənarda qalan yazıçı (marginal riski artır)
4. İnstitusional təsir:
Ədəbi mühit yenidən qurulur və digər qurumlar vasitəsilə qrant proqramları, nəşr siyasəti, müsabiqələr və mükafatlar, ədəbiyyatın istiqamətinə təsir göstərir. Bu isə o deməkdir ki, hansı mövzuya yazmaq, hansı əsərin dəstəklənməsi artıq daha çox institusional qərarlardan asılı olacaq.
5. Dil və üslub məsələsi:
Konsepsiya dolayısı ilə dil siyasətinə də təsir edir: Azərbaycan dilinin qorunması və inkişafı, ədəbi dilin standartlaşdırılması, milli üslubun gücləndirilməsi. Bu, bir tərəfdən müsbətdir, amma digər tərəfdən isə eksperimental və alternativ üslubların sıxışdırılması riski yarada bilər.
6. Dünya Azərbaycanlılarının ədəbi-mədəni həmrəyliyi faktoru:
Azərbaycanın “Mədəniyyət 2040” konsepsiyasına dünya azərbaycanlılarının ədəbi-mədəni birliyi məsələsini daxil etmək üçün bu ideya sadəcə mədəni əməkdaşlıq çərçivəsi kimi deyil, milli kimliyin qlobal miqyasda qorunması və yenidən istehsalı mexanizmi kimi təqdim olunmalıdır. Sosial-analitik baxımdan yanaşdıqda, Cənubi Azərbaycan və diaspor ədəbiyyatı və mədəni fəaliyyəti artıq periferik hadisə deyil, milli mədəniyyətin paralel inkişaf edən bir qolu kimi qəbul edilməlidir. Bu isə o deməkdir ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı yazarların, sənətçilərin və ziyalıların yaratdıqları mətnlər və mədəni məhsullar vahid “mədəni dövriyyə sistemi”nə daxil edilməlidir. Bu sistem rəqəmsal platformalar, ortaq nəşr layihələri, beynəlxalq festivallar və akademik əməkdaşlıqlar vasitəsilə qurula bilər. Beləliklə, mərkəz–periferiya münasibəti aradan qalxar və çoxmərkəzli, şəbəkə əsaslı milli mədəni model formalaşar.
İdeoloji baxımdan isə bu birlik konsepsiyaya “milli-mədəni bütövlük” ideyası üzərindən daxil edilə bilər. Burada əsas məqsəd coğrafi sərhədləri aşan, dil və yaddaş üzərində qurulan bir mədəni kimlik modelini gücləndirməkdir. Dünya azərbaycanlılarının ədəbi irsi, xüsusilə Güney Azərbaycan, Avropa və Amerika diasporunda yaranan əsərlər, milli narrativin alternativ və tamamlayıcı qatları kimi qiymətləndirilməlidir. Bu yanaşma həm də mədəni suverenliyin genişlənməsi anlamına gəlir: yəni Azərbaycan mədəniyyəti təkcə dövlət sərhədləri daxilində deyil, qlobal məkanda ideya və estetik təsir gücü ilə mövcud olur. Nəticədə “Mədəniyyət 2040” konsepsiyası yalnız daxili inkişaf strategiyası deyil, həm də qlobal azərbaycançılıq ideologiyasının mədəni platformasına çevrilə bilər.
Əgər konsepsiya çərçivəsində bu istiqamət genişləndirilərsə: ümumazərbaycan ədəbiyyatı anlayışı güclənər, yeni müəlliflər və mövzular daxil olar, dil və üslub müxtəlifliyi artar. Məsələn: Şəhriyar kimi klassiklərin xətti daha sistemli şəkildə davam etdirilə bilər. Bu isə ədəbiyyata: həm coğrafi genişlik, həm də ideoloji dərinlik qazandırar.

“Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının ədəbiyyata təsiri belə ümumiləşdirilə bilər:
– ədəbiyyat strateji sahəyə çevrilir
– yazıçı ictimai missiya daşıyır
– mövzu və istiqamətlər müəyyən çərçivəyə düşür
– dövlət dəstəyi artır.

Yekun olaraq deyə bilərəm ki, bu konsepsiya ədəbiyyat üçün həm: tarixi imkan, həm də ciddi sınaqdır. Əgər balans düzgün qurularsa: Azərbaycan ədəbiyyatı yeni yüksəliş mərhələsinə keçə bilər.

Cənubi Azərbacan ədəbiyyatı və mədəniyyəti üzərində biraz da durmaq istəyirəm. Niyə bu vacibdir? Məlumdur ki, Cənubi Azərbaycan Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Klassik və müasir ədəbiyyatın böyük qolu oradadır, dil, folklor və tarix baxımından vahid mədəni sistemin tərkibidir.
Konsepsiyaya daxil etməyin düzgün modeli necə olmalıdır?
A) “Vahid mədəni məkan” prinsipi
Konsepsiyada ayrıca bölmə kimi belə bir yanaşma olmalıdır: “Coğrafiyadan asılı olmayan Azərbaycan mədəniyyəti”
Bu model Cənubi Azərbaycanı siyasi yox, mədəni coğrafiya kimi təqdim edir, beynəlxalq hüquqa zidd görünmür, eyni zamanda milli ideyanı gücləndirir.

B) Ədəbiyyat üzrə konkret addımlar:
Ortaq ədəbiyyat körpüsünün qurluması üçün əhəmiyyətli addım ola bilər: Cənubi və Şimali Azərbaycan müəlliflərinin vahid antologiyası, dərsliklərə daxil edilmə, tərcümə və nəşr proqramları, farsca yazan azərbaycanlı müəlliflərin Azərbaycan türkcəsinə çevrilməsi, klassiklərin yenidən nəşri, universitetlərdə “Cənubi Azərbaycan ədəbiyyatı” istiqaməti.

C) Mədəniyyət və incəsənət sahəsində:
Musiqi, folklor, aşıq sənəti üzrə ortaq layihələr, rəqəmsal arxivlərin yaradılması, film və sənədli layihələr. Bu, həm də “soft power” baxımından çox güclü alətə çevrilə bilər.

D) Tarix məsələsi (ən həssas sahə):
Burada çox incə yanaşma lazımdır: açıq siyasi ritorika yox, akademik və elmi dil istifadə edilməlidir. Məsələn: “tarixi Azərbaycan torpaqları” kimi ifadələr əvəzinə “Azərbaycan mədəni-tarixi arealı” kimi terminlər işlədilə bilər. Bu, konsepsiyanı daha dayanıqlı və qəbulolunan edir.

3. Mədəniyyət Nazirliyinin rolu:
Bu istiqamətdə üç əsas funksiyanı icra edə bilər:
1. Platforma yaratmaq: forumlar, konfranslar, beynəlxalq tədbirlər vasitəsilə.

2. Qoruyucu mexanizm:
İrsin sənədləşdirilməsi, unudulan müəlliflərin bərpası yolu ilə.

3. İnteqrasiya siyasəti:
Cənubi Azərbaycan və Dünya Azərbaycanlılarının irsini ümumi mədəni siyasətə daxil etməklə.
“Konsepsiyanın” əsas üstünlüyü budur ki: mədəniyyəti yalnız ölkə daxilində yox, bütöv milli məkan kimi təqdim etmək imkanı yaradır. Bu, imkan isə əslində “2040 Konsepsiyası”nın ruhuna çox uyğun gəlir. Sadəcə onu belə formulla ifadə etmək daha effektiv olar:
“Azərbaycan mədəniyyəti siyasi sərhədlərlə məhdudlaşmayan vahid sivilizasiya məkanıdır.” bu “Vahid sivilizasiya məkanı”’-nı yaratmaq isə ən müqəddəs missiyadır.

Sayman Aruz




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki