image-rus-esgeri-696x391backend

Putin müharibəni uduzsa, etnik azlıqlar azadlığa çıxarmı?

image-reklam_sirab_01

Oktyabrda döyüşçü adı Abdul-Xakim Şişani olan çeçenistanlı Rustam Ajiyev Ukraynaya gedərək tamamilə çeçenlərdən ibarət hərbi dəstəyə qoşulub. Bu dəstə Ukraynanın tərəfində, Rusiya işğalına qarşı döyüşür. Hazırda 41 yaşı olan Ajiyev 19 yaşından bəri Rusiyaya qarşı savaşıb. O, Ukraynadakı müharibəni ozamankı döyüşünün davamı kimi görür.

“1999-cu ildə müharibə başladı. 2000-ci ildə isə, 19 yaşımda xalq müqavimətinə qoşuldum. Həyatım boyu Rusiyaya qarşı mübarizəyə bağlı olmuşam”, – Ajiyev deyir. O, İkinci Çeçen Müharibəsində İçkeriyanın mərkəzi cəbhəsinin komandiri olub.

“Bizim üçün müharibə bitməyib”, – o vurğulayır.

Mərkəzdənqaçma
Rusiya Prezidenti Vladimir Putinin Ukraynada apardığı müharibə Moskvanın gözlədiyindən qat-qat uzun çəkdi və qat-qat baha başa gəldi. Müşahidəçilər hələlik sonu görünməyən bu müharibənin son dərəcə mərkəzləşmiş Rusiya Federasiyasında mərkəzdənqaçma güclərinin artmasına səbəb olduğunu deyirlər.

İyulda Praqada Rusiyanın Azad Xalqları Forumunun yığıncağı keçirilib. Putin və müharibə əleyhinə olan qrupların bu yığıncağı müharibənin başlanmasından bəri dörd dəfə baş tutub. “Bu forumun məqsədi Rusiyanın tam və dönməz dekolonizasiyasıdır. Məqsədimiz yalnız Rusiya Federasiyasının beynəlxalq hüququn subyekti kimi mövcudluğuna son qoyulanda və o müstəqil, azad və ümid edirik ki, demokratik ölkəyə çevriləndə gerçəkləşmiş olacaq”, – tədbirin bəyanatında deyilir.

Hökumət sistemində dağınıqlıq
Belə bir ssenarinin necə həyata keçəcəyi haqda fərqli fikirlər var. Bir çox təhlilçilər müharibənin Putinin 25 ilə yaxın müddətdə qurduğu mərkəzləşmiş hakimiyyət strukturunu silkələdiyi fikri ilə razılaşır. Qərbin hesablamalarına görə, Rusiya müharibədə ən azı 20 min əsgər itirib. Onminlərlə əsgər yaralanıb, əsir götürülüb və ya itkin düşüb. Əksəriyyəti həyatının ən çox pul qazanan dövründə olan yüzminlərlə insan ölkədən qaçıb. Beynəlxalq ictimaiyyət Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiq edib. Əsasən Moskvanın neft və qaz gəlirlərini hədəfə alan bu sərt tədbirlərin təsirləri artıq hiss olunmağa başlayıb.

“Hökumət sistemində müəyyən dağınıqlıq görürəm. Onların qurduğu şaquli hakimiyyət xətti vacib anda silkələnməyə başlayır. Əgər Putin müharibəni uduzsa – bu isə çox realist ehtimaldır – o zaman hökuməti dəyişəcək hər hansı qanuni üsul görmürəm. Nəticədə “siloviki” (təhlükəsizlik və güc strukturlarının əməkdaşları – tərc.) məsələni öz aralarında həll edəcəklər”, – siyasi təhlilçi Dmitri Oreşkin deyir.

Regional elitaların zəifliyi
Bəzi təhlilçilər Rusiyanın daxilində regional elitaların zəifliyinə diqqət çəkirlər. Onlar deyirlər ki, Putinin sistemi regional liderləri Moskvadan qat-qat daha asılı vəziyyətə salıb. Onlar artıq öz seçicilərindən Moskvadan olduğu qədər asılı deyillər. Bir çox hallarda Rusiyanın etnik azlıqlarının əsl liderləri son bir neçə ildə ya ölkəni tərk edib, ya da “ekstremist” adı qoyularaq təqibə məruz qalıb.

“1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərindəkindən fərqli olaraq, biz mərkəzdən qaçma tendensiyaları yaratmağa qadir hər hansı oyunçular görmürük”, – təhlilçi Nikolay Petrov deyir.

Ancaq o hesab edir ki, “Sovet imperiyasının dağılması tamamlanmayıb və hələ davam edə bilər”. Onun sözlərinə görə, qarşıdakı 15 il ərzində “kvazi-federativ və ya konfederativ” dövlət, “yaxud hətta parçalanmış şəkildə mövcud olan ayrılmış regionlar” da yarana bilər.

Süqut mümkündürmü?
Kolumbiya Universitetinin Harriman İnstitutunun Rusiyada etnik kimlik məsələləri üzrə mütəxəssisi və “Constructing Grievance: Ethnic Nationalism In Russia’s Republics” (“Narazılığın yaradılması: Rusiyanın respublikalarında etnik millətçilik”) adlı kitabın müəllifi Eliz Culiano (Elise Giuliano) deyir ki, Rusiya daxilində hökumət əleyhinə əhval regiondan-regiona ciddi dəyişir və Putin dövründəki şərtlər bu cür həssas məsələlərdə ictimai rəyin öyrənilməsini qeyri-mümkün edir.

“Müharibəyə qarşı müxalifətin Rusiya dövlətinə qarşı müxalifətə yol açması mümkündür. Ancaq hazırda bunu görmürük, ona görə də Rusiya dövlətinin süqutu real görünmür. Ancaq hadisələrin gedişatının daha nələr gətirəcəyini öncədən demək mümkün deyil”, – Culiano bildirir.

CIA, ABŞ Dövlət Departamenti və AzadlıqRadiosunun təqaüddə olan təhlilçisi Pol Qobl (Paul Goble) əksər müşahidəçilərin SSRİ-nin süqutunu “hətta bir neçə ay və ya həftə” öncədən proqnozlaşdıra bilmədiyini vurğulayır.

Qobl deyir ki, Putin Rusiyanın potensial süqutunu qəbul edib, çünki “onun hərəkətləri Sovet İttifaqının bərpasını deyil, onun süqutuna yol açan şərtlərin, o cümlədən azlıqların qarşıdurması və Rusiyanın dünyadan təcridinin bərpasını [xatırladır]”.

İmperiyanın süqutu?
Bununla yanaşı, etnik azlıqların öz müqəddəratını təyinetmə hərəkatlarının daxilində Rusiyanın süquta doğru getdiyi ilə bağlı geniş yayılmış bir əminlik var.

“İmperiyanın süqutu ortadadır”, – oktyabrda Kalmık Xalqının Konqresinə sədrlik etmiş Arslanq Sandjiyev deyir. Konqres Kalmık Respublikasının müstəqillik bəyannaməsini qəbul edib. Kalmıkiya Rusiyanın cənubunda, Volqa çayının aşağı hissəsi və Xəzər sahillərində yerləşən, əhalisi əsasən buddist kalmıklardan ibarət olan respublikadır.

Dekabrda Rusiyanın Azad Xalqları Forumu İsveçin Helsinqborq şəhərində özünün Ukraynaya qarşı hücumun başlanmasından sonrakı dördüncü görüşünü keçirdi. Bu dəfə o artıq adını dəyişərək Postrusiya Azad Xalqları Forumu (FSNPR) qoymuşdu. Çeçen, tatar, başqırd, noqay, çərkəz, kareliyalı, kazaklar və digər xalqların nümayəndələrinin qatıldığı bu tədbirdə Rusiyanı “müflis dövlət” adlandıran və “Rusiya Federasiyasının mövcudluğuna son” qoyulmasını tələb edən bəyannamə imzalandı. Həmin forumda Kareliya və “Sibir Konfederasiyası” üçün müstəqillik bəyannamələri qəbul edildi. Yaradılması uzun zamandan bəri təklif olunan Sibir Konfederasiyası Rusiyanın neft və qaz ehtiyatları ilə zəngin şərq ərazilərini əhatə edir.

Moskvanın təqibi
Moskva bu cür hərəkatlardan gələ biləcək təhlükəni ciddi sayaraq milli azlıqlara aid siyasi və ictimai təşkilatları, habelə fəalları təqib edir. Ukraynaya qarşı hücumdan az öncə ciddi artan bu cür tədbirlər 10 aydır ki, davam edir. İyulda Moskva Azad İdil-Ural vətəndaş hərəkatını “arzuolunmaz təşkilat” elan edib. Bu hərəkat Orta Volqa bölgəsində müstəqil dövlətin yaradılmasını təbliğ edir. Bundan bir ay öncə isə Ümumtatar İctimai Mərkəzi “ekstremist” damğası vurularaq bağlanmışdı.

Tarixçi Maksim Kuzaxmetov Sankt-Peterburqda yaşayır və “Sərhədsiz İnqriya” Teleqram kanalını idarə edir. O, tarixi İnqriya regionunun müstəqilliyini təbliğ edir. İnqriya Sankt-Peterburq ətrafındakı ərazilərdir. I Pyotr buranı XVIII əsrin əvvəllərində İsveçlə müharibədə qələbə qazanaraq tutub. Kuzaxmetov deyir ki, lap bu yaxınlara qədər fəallar əllərində İnqriya bayraqları və şüarlar tutaraq açıq yürüş edə bilirdilər.

“Mən uzun illər ərzində həmfikirlərimlə sərbəst görüşüb ayrılma ilə bağlı imkanları müzakirə etmişəm. Yalnız son zamanlarda bu qəbuledilməz və cinayət əməli hesab edilməyə başlayıb”, – Kuzaxmetov söyləyir.

100 dəfədən çox fərq
Kiyevi tuta bilməyən Moskvanın döyüş bölgəsinə daha çox insani qüvvə çıxarmağa başladığı dövrdə etnik azlıqlar arasında narazılıq artmağa başladı. Onlar get-gedə daha çox ədalətsizliyə məruz qaldıqlarını, öz millətlərindən kişilərin Moskvanın ambisiyaları uğrunda ölmək üçün döyüşə göndərildiyini hiss etməyə başladılar.

Təhlilçi Oreşkin deyir ki, istənilən coğrafiyaşünas insan itkilərinin ümumi sayını regionların əhalisinin sayı ilə müqayisə edib nəticələrin nə qədər fəlakətli olduğunu görə bilər.

“Məsələn, Tıvada hər 3 min 300 yetkin adama bir ölmüş əsgər düşdüyü halda, Moskva üçün bu rəqəm hər 480 min yetkin adama bir nəfərdir. Bu 100 dəfədən çox fərq deməkdir”, – o söyləyir.

Sentyabrda Putinin hərbi səfərbərlik elan etməsi müstəqilik hərəkatlarına daha bir təkan oldu. Bütün repressiyalara baxmayaraq ölkənin cənubunda və Şimali Qafqazda səfərbərliyə qarşı böyük etiraz aksiyaları keçirildi. Ölkəboyu onlarla hərbi komissarlığa hücumlar oldu. 700 minədək gənc rusiyalı ölkəni tərk etdi. Bu məlumatı “Forbes” jurnalı oktyabrda Kremlə bağlı bir mənbəyə istinadən verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki