image-reklam-veteninfo
image-img_8750backend

Əbədiyaşar Lider fenomeni və müasir Azərbaycan

image-reklam-veteninfo

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Ulu Öndər Heydər Əliyev Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi rolu olan, strateji düşüncəsi və uzaqgörən idarəçilik bacarığı ilə seçilən görkəmli siyasi xadimdir. Onun fəaliyyəti milli maraqların qorunmasına, güclü dövlətin qurulmasına və xalqın rifahının təmin edilməsinə yönəlmişdir. Bu siyasi irs yalnız müəyyən bir dövrü əhatə etmir, eyni zamanda sonrakı mərhələlərdə də inkişafın əsas istiqamətlərini müəyyən edən strateji xətt kimi çıxış edir. Ümummilli Liderin ideyaları bu gün də aktuallığını qoruyaraq davamlı inkişafın təmin olunmasına töhfə verir.

Ümummilli Lider Heydər Əliyevin Sovet dövründəki fəaliyyəti onun gələcək dövlətçilik missiyasının formalaşmasında həlledici rol oynamışdır. Ümummilli Liderin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində sənaye sahəsində genişmiqyaslı inkişaf və mühüm irəliləyişlər əldə olundu. Yeni istehsal müəssisələri yaradıldı, mövcud fabrik və zavodlar modernləşdirildi. Kənd təsərrüfatında məhsuldarlığın artırılması, suvarma sistemlərinin genişləndirilməsi və kənd yerlərində sosial infrastrukturun inkişafı istiqamətində mühüm tədbirlər reallaşdırıldı. Bu dövrdə milli kadrların hazırlanması xüsusi önəm daşıyırdı. Gənclərin ittifaqın qabaqcıl ali məktəblərinə göndərilməsi, yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi və idarəçilik sahəsində peşəkar kadrların formalaşdırılması gələcək müstəqil dövlət üçün möhkəm baza yaratdı. Eyni zamanda, milli-mədəni dəyərlərin qorunması, ana dilinin inkişafı və mədəni irsin yaşadılması istiqamətində görülən işlər xalqın milli kimliyinin möhkəmlənməsinə xidmət etdi.

1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyin qorunması baxımından həlledici mərhələ oldu. Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, idarəetmə zəifliyi və daxili qarşıdurmalar dövlətin mövcudluğunu ciddi təhlükə altına almışdı. Bu mürəkkəb şəraitdə ölkədə sabitliyin bərpasına başlanıldı, anarxiya və xaos meyillərinin qarşısı alındı. Ümummilli Liderin rəhbərliyi ilə dövlət idarəçiliyi sistemi yenidən quruldu, hüquqi əsaslar möhkəmləndirildi və cəmiyyətdə inam mühiti formalaşdırıldı. Bu mərhələ həm də uzunmüddətli inkişaf strategiyasının müəyyən edilməsinə zəmin yaratdı.

1994-cü il mayın 12-də imzalanan atəşkəs sazişi ölkədə yeni mərhələnin başlanğıcı kimi mühüm önəm kəsb edir. Müharibənin dayandırılması insan itkilərinin qarşısının alınmasına və iqtisadi resursların səmərəli istiqamətlərə yönəldilməsinə imkan verdi. Sabitlik mühitinin formalaşması investisiya cəlbediciliyini artırdı, perspektivdə iqtisadi layihələrin həyata keçirilməsinə şərait yarandı və ölkənin inkişaf tempinin yüksəlməsinə səbəb oldu.

1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi inkişafında dönüş nöqtəsi oldu. Bu saziş vasitəsilə beynəlxalq əməkdaşlıq genişləndirildi, iri investisiya layihələri həyata keçirilməyə başlandı və iqtisadiyyatın dirçəldilməsi prosesi sürətləndi. Beynəlxalq tərəfdaşlarla iqtisadi əlaqələrin genişlənməsi və möhkəmlənməsi istiqamətində mühüm addımlar atıldı. Əldə olunan maliyyə resursları infrastrukturun yenilənməsinə, regionların inkişafına və sosial proqramların həyata keçirilməsinə yönəldildi. Bu siyasət nəticəsində iqtisadi sabitlik təmin olundu, yeni iş yerləri yaradıldı və əhalinin rifah səviyyəsi yüksəldi.

Heydər Əliyev tərəfindən həyata keçirilən ordu quruculuğu siyasəti dövlət təhlükəsizliyinin təmin olunmasında əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Onun rəhbərliyi ilə silahlı qüvvələrin vahid komandanlıq əsasında formalaşdırılması, nizami ordunun yaradılması və hərbi idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu proses çərçivəsində peşəkar hərbi kadrların hazırlanmasına xüsusi önəm verilmiş, hərbi təhsil sistemi inkişaf etdirilmiş, zabit və əsgər heyətinin döyüş hazırlığı səviyyəsi yüksəldilmişdir. Eyni zamanda, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir hərbi texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılmışdır. Hərbi hissələrin təminatının yaxşılaşdırılması, intizamın gücləndirilməsi və döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlər nəticəsində silahlı qüvvələr daha çevik və effektiv səviyyəyə yüksəldilmişdir. Bu siyasətin nəticəsi olaraq güclü, peşəkar və yüksək döyüş hazırlığına malik milli ordu formalaşdırılmışdır. Yaradılmış hərbi potensial sonrakı dövrlərdə əldə olunan uğurların möhkəm əsasını təşkil etmiş, dövlətin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Bu strateji yanaşma sayəsində ordu yalnız təhlükəsizliyin təminatçısı deyil, həm də dövlət müstəqilliyinin qorunmasında və milli maraqların müdafiəsində etibarlı dayaq kimi çıxış etmişdir.

1995-ci il noyabrın 12-də referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlət quruculuğunun əsas hüquqi bazasını formalaşdıran mühüm sənəd kimi xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu Konstitusiya müstəqil dövlətin hüquqi, siyasi və institusional əsaslarını müəyyənləşdirdi, dövlət idarəçiliyinin demokratik prinsiplər üzərində qurulmasına geniş imkanlar yaratdı. Həmin sənəd yalnız hüquqi akt kimi deyil, eyni zamanda dövlətin gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji proqram xarakteri daşıyırdı.

Konstitusiyanın qəbul edilməsi ilə insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Sənəddə vətəndaşların fundamental hüquq və azadlıqları – yaşamaq hüququ, söz və fikir azadlığı, mülkiyyət hüququ, sərbəst toplaşmaq və digər əsas hüquqlar geniş şəkildə təsbit olundu. Bu müddəalar dövlət və vətəndaş münasibətlərinin hüquqi çərçivəsini müəyyənləşdirdi, hər bir fərdin hüquqlarının qorunmasını təmin edən mexanizmlərin formalaşdırılmasına şərait yaratdı. Bununla yanaşı, hüquq və azadlıqların təminatı ilə bağlı dövlətin öhdəlikləri də aydın şəkildə müəyyən edildi ki, bu da hüquqi dövlət quruculuğunun mühüm tərkib hissəsinə çevrildi.

Konstitusiya ilə hakimiyyət bölgüsü prinsipi təsbit olunaraq qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin fəaliyyət sahələri müəyyənləşdirildi. Bu prinsip dövlət idarəçiliyində balansın və qarşılıqlı nəzarət mexanizmlərinin formalaşdırılmasına imkan verdi. Qanunverici hakimiyyətin parlament vasitəsilə həyata keçirilməsi, icra hakimiyyətinin vahid sistem əsasında fəaliyyət göstərməsi və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi hüquqi dövlət modelinin əsas komponentləri kimi müəyyən edildi. Bu amillər dövlət idarəçiliyində şəffaflığın və məsuliyyətin artırılmasına, hüququn aliliyinin təmin olunmasına xidmət edən mühüm addım idi.

Qanunun aliliyi prinsipi cəmiyyət həyatının bütün sahələrində əsas meyar kimi çıxış etmişdir. Dövlət orqanlarının fəaliyyəti qanunlarla tənzimlənmiş, hüquqi normaların pozulmasına qarşı təsirli mexanizmlər formalaşdırılmışdır. Bütün bunlar hüquqi münasibətlərin sabitliyini təmin etməklə yanaşı, vətəndaşların dövlətə olan etimadını da gücləndirdi. Hüququn aliliyinin təmin olunması sosial-iqtisadi və siyasi islahatların həyata keçirilməsi üçün etibarlı zəmin yaratdı. Eyni zamanda, Konstitusiya demokratik cəmiyyətin formalaşması üçün mühüm hüquqi əsasları müəyyən etdi. Siyasi plüralizm, çoxpartiyalı sistem, azad seçkilər və vətəndaş cəmiyyətinin inkişafı kimi prinsiplər bu sənəddə öz əksini tapmışdır. Bu faktorlar cəmiyyətin müxtəlif təbəqələrinin siyasi proseslərdə iştirakını təmin etməklə yanaşı, demokratik idarəetmə mədəniyyətinin formalaşmasına töhfə vermişdir. Dövlətin və cəmiyyətin qarşılıqlı münasibətlərində hüquqi çərçivənin müəyyənləşdirilməsi isə sabitliyin və davamlı inkişafın təmin olunmasına xidmət etmişdir.

Konstitusiyanın qəbulu həm də iqtisadi münasibətlərin hüquqi əsaslarının müəyyənləşdirilməsi baxımından mühüm rol oynadı. Mülkiyyətin müxtəlif formalarının tanınması, sahibkarlıq fəaliyyətinin hüquqi təminatı və bazar münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradılması iqtisadi sistemin formalaşmasına təkan verdi. Bu müddəalar ölkədə iqtisadi islahatların reallaşdırılmasına və bazar iqtisadiyyatına keçidin sürətləndirilməsinə şərait yaratdı. Bununla yanaşı, Konstitusiya dövlətin sosial siyasətinin əsas istiqamətlərini də müəyyən etdi. Əhalinin sosial müdafiəsinin təmin olunması, təhsil və səhiyyə sahələrinin inkişafı, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi kimi məsələlər həmin sənəddə öz əksini tapdı.

Nəticə etibarilə, 1995-ci il Konstitusiyası müasir dövlət quruculuğunun əsasını təşkil edən, hüquqi dövlət və demokratik cəmiyyət modelinin formalaşdırılmasına xidmət edən fundamental sənəd kimi tarixə düşüb. Bu Konstitusiya yalnız həmin dövr üçün deyil, sonrakı inkişaf mərhələləri üçün də möhkəm hüquqi baza rolunu oynayıb və dövlətin davamlı inkişafını təmin edən əsas istiqamətverici sənəd kimi öz əhəmiyyətini bu gün də qoruyub saxlayır.

Ümummilli Lider Heydər Əliyev əhalinin rifahının yüksəldilməsini əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Bu siyasət çərçivəsində sosial müdafiə sisteminin gücləndirilməsi məqsədilə pensiya və müavinətlərin artırılması, aztəminatlı ailələrə dövlət dəstəyinin genişləndirilməsi və sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır. Eyni zamanda, məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması və əmək bazarının tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər əhalinin sosial rifahının yaxşılaşmasına mühüm təsir göstərmişdir. Həmin yanaşma nəticəsində cəmiyyətdə sosial ədalətin təmin olunması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur.

Təhsil sahəsində aparılan islahatlar ölkənin gələcək inkişafı baxımından strateji əhəmiyyət daşımışdır. Yeni məktəblərin tikintisi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri və müasir avadanlıqlarla təmin olunması təhsil infrastrukturunun keyfiyyətcə yenilənməsinə səbəb olmuşdur. Bununla yanaşı, tədris proqramlarının müasirləşdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və innovativ tədris metodlarının tətbiqi nəticəsində təhsilin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir. Milli kadr potensialının gücləndirilməsi istiqamətində görülən bu tədbirlər ölkənin intellektual inkişafına mühüm töhfə vermişdir.

Səhiyyə sahəsində həyata keçirilən islahatlar isə əhalinin sağlamlığının qorunmasına və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına yönəlmişdir. Yeni tibb müəssisələrinin tikintisi, mövcud xəstəxanaların yenidən qurulması və onların müasir tibbi avadanlıqlarla təchiz edilməsi səhiyyə sisteminin inkişafını sürətləndirmişdir. Profilaktik tədbirlərin genişləndirilməsi, tibbi xidmətlərin regionlarda əlçatanlığının artırılması və ixtisaslı tibb kadrlarının hazırlanması sahəsində görülən işlər əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşmasına şərait yaratmışdır. Bu siyasət nəticəsində səhiyyə sistemi müasir və effektiv bir struktur kimi formalaşmışdır.

Heydər Əliyevin xarici siyasət strategiyası milli maraqlara əsaslanan balanslı yanaşma ilə seçilirdi. Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, regional layihələrdə fəal iştirak və diplomatik münasibətlərin inkişafı nəticəsində dövlət beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirdi. Bu siyasət ölkənin geosiyasi əhəmiyyətini artırdı və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınmasına səbəb oldu.

Heydər Əliyevin müəyyən etdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Azərbaycan 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq uzun illər davam edən işğala son qoyub. Bu Qələbə güclü dövlət siyasətinin, xalq-iqtidar birliyinin, iqtisadi inkişafın və müasir ordu quruculuğunun məntiqi nəticəsi kimi dəyərləndirilir. 2023-cü il sentybarın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu, ərazi bütövlüyü bərpa edildi və regionda yeni reallıqlar formalaşdı.

Beləliklə, Heydər Əliyev siyasəti bu gün əldə olunan bütün uğurların təməlini təşkil edir. Onun müəyyən etdiyi strateji xətt müasir inkişafın əsas istiqamətlərini müəyyənləşdirir, dövlətin dayanıqlı inkişafını təmin edir və gələcək nəsillər üçün etibarlı yol xəritəsi rolunu oynayır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki