İstanbuldayam. İslam bol kəhkəşanı və bəzi qayğılar qarışıq hisslər, düşüncələr yaradıb. Gecəni rahat yata bilməmişdim. Bir kəlmə yuxu qəhətə çıxmışdı. Dağınıq düşüncələr hakimliyində vurnuxurdum. Saat 5-i göstərir. Eyvana çıxdım; İstanbul ayaqdadır, yatmayıb. Minarələrdən yüksələn Azan səsi iliyimə qədər işlədi. Kətilə çöküb bütün varlığımla qulaq kəsilib içimə çəkməyə başladım. Ecazkar, məftunedici səsin sehrinə, Azanın qüdrətinə vurulmuş, valeh olmuşdum. Azan bitsə də yerimdən durmaq istəmirdim. Növbəti Azana qədər elə beləcə də oturdum. Yenidən məftun oldum. Varlığım titrəmiş, keçmiş, olub-bitənlər gözümün önündə vərəqləndikcə vərəqlənirdi.
Bir zamanlar milyonlardan biri kimi inandırıldığım kommunist-sovet ideologiyası iblis sifəti ilə gözlərimin önündə dayanmışdı. Bizi dinimizdən, dilimizdən, doğma vətən torpaqlarından edib milyonları ən dəhşətli formada qətl edən sovet rejimini lənətləyirdim. Arxadan səs eşitdim. Nəvələrimin atası Fuad idi:
— Səyyad əmi, niyə yatmırsan? Sabah-sabah kiminlə danışırsan? Telefonun da yanında yoxdur.
Çevrilib ona baxdım. Yaxınlıqda bərq vuran ay-ulduzlu dev Türk bayrağını göstərib: “Onunla danışırdım”, — dedim.
Fuad başını yelləyib içəri keçdi. Mən İstanbula tamaşa edirdim. İstanbulda olub Çanaqqalanı ziyarət etməmək, misli-bərabəri olmayan qəhrəmanlıqlar göstərmiş Şəhidlərin ruhuna dua oxumamaq, Gelibolu döyüşünün izlərini silməmək qəbahət olardı — özü də Çanaqqala zəfərinin 111-ci ildönümü günü. Beləliklə, İstanbuldan Çanaqqalaya yola düşdük. Tekirdağdan keçəndə Fuad dedi ki, Qazi Mustafa Kamal Atatürk 57-ci alayla birlikdə məhz buradan döyüşə gedib. Şəhəri ətrafdakı yamyaşıl düzənlikləri, təpənin üstündəki əkin sahələrini, meşələri, hər tərəfə səpələnmiş gülü, çiçəyi, lalələri heyranlıqla seyr edirdim.
“Mercedes”in sürət əqrəbi 180 rəqəmini keçmişdi. Dillənmirdim. Bir an öncə Çanaqqalaya çatmaq istəyirdim. 3 saatın sonuna yaxın qazi şəhər, yenilməz şəhər, bu gün də döyüşə hayqıran şəhər bütün əzəməti ilə gözlərimin önündə dayanmışdı. Bütün şəhər ay-ulduzlu hilalın qırmızı rənginə bulanmışdı. Türkün bayraq sevgisi, onu səmanın üzünə çəkmək iqtidarı qürurverici idi. Bizi qarşılayan bələdçi ilk baxışdaca mehribanlığı, öz vətənimizdə olduğumuzu dəfələrlə vurğulaya-vurğulaya tərpənməyin vaxtının çatdığını bildirdi.
Maşın Geliboluya istiqamət götürdü. Yol boyu bələdçi tarixi yerləri, Çanaqqala savaşının möhtəşəmliyini, Qazi Mustafa Kamal Atatürkün adının hərb tarixinə qızıl hərflərlə yazdırdığını, Türk əsgər və zabitinin yenilməzliyini təsdiq edən tarixi faktları söyləməkdən yorulmurdu. Acgözlüklə onu dinləyirdim. Nəhayət biz Geliboluya çatdıq. Həlledici döyüşün olduğu yerə. Bu döyüş haqqında ətraflı yazmaq, ətraflı qeydlər etmək niyyətində deyiləm. Bunun üçün yəqin ki, bir az vaxt getməlidir. Bəzi hisslərın təsirindən uzaqlaşmalı, bəzi mənbələrə baxmalı olacağam.
Ancaq bir məqamı mütləq qeyd etməliyəm. Geliboluda anzaklarla Türk döyüşçüləri arasında baş verən qanlı savaş türkün yenilməz ruhunda, vətən torpağına bağlılığında, “bir ölüb min dirilmək” prinsipi ilə hayqırtısında öz əksini tapıb. Tərəflər arasında məsafə bəzi yerlərdə hətta 6-8 metrə qədər olub. 57-ci alayı döyüşə aparan və o vaxt Yarbay Mustafa kimi tanınan komandir qaça-qaça ona tərəf gələn 54-cü alayın əsgərlərinin qarşısını kəsib amiranə səslə soruşur:
— Hara qaçırsan, əsgər?
— Sursatımız qurtardı, komutan.
— Süngülərinizlə döyüşün! Arxamca!
Öndə gedən Yarbay Mustafa hayqırır: “Mən şəhid olacam, başqası əvəzləyəcək. Əsgər şəhid olacaq, onu da əvəzləyəcəklər. Mən sizə hücum əmri yox, ölmək əmri verirəm”.
Beləliklə, dünya hərb tarixinə qızıl hərflərlə həkk olunmuş Çanaqqala zəfəri qazanılır. 60 minə yaxın şəhidin qanı və canı bahasına. Düşmənin açdığı atəşin döşündəki saata tuş gələn Yarbay Mustafanın təkrarsız sərkərdəlik qabiliyyəti sayəsində. 170 kiloqramlıq top mərmisini çiyninə alıb gətirərək atəşə hazır vəziyyətə gətirən Seyid Onbaşı kimi qəhrəmanların şücaəti nəticəsində… İndi əzəmətli heykələ çevrilmiş Seyid Onbaşı fəxrlə ətrafa baxır. Çanaqqala şəhidliyində heç bir qəhrəman unudulmayıb. Hər birinin qəbirüstü abidəsi var. Hər birinin doğulduğu yer, zaman və şəhid olduğu tarix dəqiqliklə göstərilib. Onların arasında Azərbaycandan olan qəhrəman Şəhidimiz Zeynal Abiddin oğlu Məşədi Əli adını oxuyanda sinəm qürurla doldu. Çanaqqala döyüşündə 3 min Azərbaycan türkünün də qəhrəmanlıqla vuruşaraq şəhid olduğunu düşündükcə içimdə bu fikirləri söylədim: “Biz eyni kökdən, eyni soydan olanlarıq. Biz birik. Birlikdə güclüyük. Ayırmağa cəhd göstərsələr də bacarmadılar. Ruhumuz bir, dinimiz bir, dilimiz bir, varlığımız birdir. Bu gün Türkiyə və Azərbaycan birdir. Kürək-kürəyə, çiyin-çiyinə addımlayırıq. Sevincimizi də, kədərimizi də bölüşürük və həmişə belə olacaq”.
Artıq axşam düşürdü, mən qələbədən doğan hisslər yaşayırdım. Elə ömrümdə Şuşa zəfərində, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı, Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı ilə qazanılan qələbə anında və sərkərdəmizin “Şuşa, sən azadsan!” sözlərini eşitdiyim an keçirdiyim hisslər kimi. Hotelin pəncərəsindən Çanaqqala boğazı əzəmətli və vüqarlı duruşu, dolub-daşan qonaqları, ziyarətçiləri ilə fəxr edirmiş kimi görünürdü. Elə fəxr edirdi. Uzaqdan “Çanaqqala keçilməz” türküsü dinləyənləri “yolundan edirdi”. Başladım müqayisələr aparmağa: Şuşa fatehləri ilə Çanaqqala döyüşçülərinin qəhrəmanlığı ilə bağlı. Qazi Mustafa Kamalın sərkərdəlik qabiliyyəti ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev arasında bir çox oxşar cəhətlər tapırdım. Şuşa fatehlərinin göylərə baş çəkən sıldırım qayalardan dırmaşaraq düşməni təmizləməsi ilə türk əsgərinin bəzən süngü, bəzən də əliyalın düşməninin boğazını qoparması arasında.
23 il əvvəl Ulu Öndərin anım gününə həsr etdiyim “Arena” jurnalının xüsusi buraxılışını xatırladım. Ulu Öndər Heydər Əliyevin şəkli U. Çörçill, C. Vaşinqton, Ş. de Qoll, Qazi Mustafa Kamal Atatürklə yanaşı nəşrin səhifəsində yer almışdı. Xilaskar missiyalı Ümummilli Liderin halal haqqı, dünyanın ən məşhur siyasətçilərinin onun haqqında söylədiyi fikirlərin təsdiqi ilə yadıma Ulu Öndəri telejurnalist kimi müşayiət edərkən keçirdiyim hisslər düşdü. Onun nüfuzedici nəzərlərini bir daha göz önünə gətirdim. Siyasət şahmat oyununun məğlubedilməz qrosmeysterlərindən biri olan dahini dinləmək, onun yaratdığı məktəbdən öyrənmək imkanı, həm də jurnalistikanın ustadı olan Ümummilli Lider ilə üzbəüz oturub bəzən 1 saat davam edən müsahibə almaq Allahın mənə verdiyi qismət, Ulu Öndərin fəaliyyətimi dəyərləndirməsinin nəticəsidir.
Dediklərimi kompüterin yaddaşına köçürmək üçün var gücü ilə çalışan 11 yaşlı nəvəm Fəridxan Ağbabalı yazısında səhvlərə yol versə də, üstünü vurmurdum. Əksər sözlər onun üçün yeni idi. Düşünürdüm ki, qoy yazsın, eşitsin, yaddaşına bir şeylər həkk olunsun. Beləcə köməkçimlə 2 saat çalışdıq. Fəridxanı ayağa qaldırıb qeydləri Bakıda davam etdirmək qərarı verdim — gənc mütəxəssis Rusif ilə. İndi o imtahan verəcək. Yazmağı ilə yox, düşüncələri ilə. Tarixə münasibəti ilə.
Qəfil telefon zəng çaldı. Şəmsi Qocanın səsini eşitdim.
— Salam, müəllim. Salamlar olsun. Necəsən?
— Sağ ol, Qoca! İstanbuldayam.
— Bilirəm. Hal-əhvalınızı soruşmaq istədim.
— Səncə, 573 il əvvəl peyğəmbər Rəsulullahın (s.ə.s) müjdələdiyi — “Konstantinopol, əlbəttə ki, fəth ediləcək. Onu fəth edən komandan nə gözəl komandan, onu fəth edən əsgər nə gözəl əsgərdir” deyimini reallaşdıran Fatih Sultan Mehmetin şəhərində əhval necə olar?
— Başa düşdüm.
— Əminəm fəthin dəqiq tarixini bilirsən, Şəmsi Qoca: 1453-cü il mayın 29-u. ADR isə Azərbaycanın müstəqilliyini mayın 28-də elan edib. Dalbadal iki möhtəşəm bayram. Qələmi götür, şair! Ağbaba dağlarının zirvəsindən İstanbula boylana bilərsən?
— Çalışacam.
Xudahafizləşdik. Şəmsi Qocanın ad günü olduğunu mənə xatırlatmışdılar. Şübhəsiz, qeydlər edəcəkdim. Başlamaq istəyirdim, elə bu an Lion şəhərindəki tanınmış universitetlərdən birinin hüquq fakültəsinə daxil olan nəvəm Damla otağa girdi:
— Baba, Atatürkün filminə baxmaq istəmirsən?
Razılıq ifadəsi olaraq onun boynunu qucaqladım. Televizorun pultunun düyməsi sıxıldı. Yönətməni Mehmet Ada Öztəkin olan və Atatürk rolunda Aras Bulutun çəkildiyi “Atatürk 1881-1919” [filminə baxdım. 3 illik həsrətə son qoydum. Çünki bu filmin “Disney+” platformasında yayımlanması mərkəzi qərargahı Nyu-Yorkda yerləşən beynəlxalq erməni lobbisi tərəfindən əngəllənib. Hələ ki bu əngəl aradan qaldırılmayıb. Mübarizə isə davam edir. Türk-Azərbaycan diasporu və hər iki qardaş ölkənin rəsmi orqanları antitürk, anti-Atatürk, anti-Azərbaycan qarayaxmaları, böhtanları və şərləri dağıtmaq üçün təsirli tədbirlər həyata keçirir. Gec-tez murdar sifətlərin örtüyü cırılıb atılacaqdır. 100 ildən çox zaman kəsiyində Türkiyəni, həm də Azərbaycanı kökü-soyu bilinməyən ermənilərə qarşı “soyqırım” törətməkdə ittiham edənlər öz kolonial-irtica-sömürgəçilik sifətlərini nə qədər gizlətməyə çalışsalar da, mümkün olmur.
Olmayacaq da. Mübarizə isə davam edir. Bu gün də ikili standartları ayaq tutub yeritməyə çalışanlar var. Onlara qarşı mübarizədə bizi böyüklərimizin, ölkə rəhbərlərimizin dediyi kimi, yalnız Türkiyə-Azərbaycan qardaşlığı hədəfə çatdıra bilər. Türk dövlətlərinin birliyi, sarsılmaz qardaşlığı meydanda yeni güc mərkəzinə çevrilir. Düşmənin bağrı yarılır, hövsələri daralır. Zaman isə türk ruzigarının daha sürətlə əsdiyindən xəbər verir.
Bu məqamda bir faktı xatırlatmaq istəyirəm. Türk və Azərbaycan xalqını genosiddə haqsız yerə ittiham edənlər türkün böyüklüyünə baxsınlar. Hər il Çanaqqala savaşının ildönümündə 1915-ci ildə Türkiyəni bölüb, parçalayıb işğal etmək niyyəti ilə boğaza qədər gəlib çıxan fransız əsgər və zabitlərinin 3500 nəfəri elə bu torpaqlarda əbədi qalıb. Böyüklüyə baxın ki, onların məzarları ən yüksək səviyyədə qorunur. Xatirələrinə uca bir heykəl də qoyulub. İşğala gələn əsgər və zabitlərin nəvə və nəticələri dənizdən gəmi ilə keçərək boğaza gəlir və quru yolu ilə oraya qalxırlar. Kimsə “gözünün üstündə qaşın var” demir. Diplomatik korpus sayğı duruşunda dayanır. Eyni zamanda, Atatürkün Türkiyə torpaqlarında qalan əsgər və zabitlərin ailələrinə ünvanladığı məktubu da oxuyurlar. Hər birinə ünvanladığı məktubu. Onun həmin məktubunda bu fikir də var: “Siz heç narahat olmayın. Biz onları öz şəhid olan övladlarımız kimi qiymətləndiririk”. Reallıqda da elədir. Kor olsan belə, danışıqlardan nəyin necə olduğunu anlamaq çətin deyil.
Bəs biz Qərbi Azərbaycanda qalan əcdadlarımızın, doğmalarımızın qəbirlərini ziyarət edə bilirikmi? Bircə nəfər olsun belə, doğma torpağına ayaq basa bilirmi? Bizi genosid törətməkdə ittiham edənlər tarixi abidələrimizi, məscidlərimizi yerlə-yeksan etməyibmi? İrəvan xanlığında, Zəngəzurda, Göyçədə, Zəngibasarda, Ağbabada daşnakların törətdiyi barbarlıqlar, vandalizm nəyin necə olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur. 30 il ərzində Qarabağın bir hissəsini və ətraf rayonları işğal edən erməni-daşnak separatçılarının saldıqları dəhşətli izlər hələ uzun illər Azərbaycan torpağında qalacaq. Tarixdən dərs çıxarmayanlar gec-tez haqqın və ədalətin qarşısında cavab verirlər. Verdilər də. Quyruqlarını qısıb qaçdılar. Azərbaycan əsgər və zabitinin qarşısında durmaq tülkülərin işi deyil.
Bu fikirləri qeyd etmişdim ki, “naxışı yanlışla” əvəz etdiyim duruma düşdüyümü hiss etdim. Axı mən Şəmsi Qocanın yubileyi ilə bağlı qeydlər etməliyəm. İstənilən oxucu fikirləşə bilər: yazının əvvəlində qeyd olunanların Şəmsi Qocaya nə dəxli? Məncə, var. Şair nədən yazır-yazsın, hansı janrda, hansı mövzuda işləməyə qələmi çıxarır-çıxartsın, Ağbaba boy göstərir. Onun “Azərbaycan Ağbabadan başlayır” poeması, bəlkə də yaradıcılığının pik hissəsi hesab edilə bilər. Vətən, torpaq — bütövlükdə Ağbaba sevdası Şəmsi Qocanın canına, ruhuna elə hopmuş ki, onları bir-birindən ayrı hesab etmək çətindir. Daha doğrusu, mümkünsüzdür. Şəmsinin ilham pərisi Ağbabadadır — Göy dağın zirvəsində, Bozqalanın yaylasında, buz bulaqların başında, dəndən qarın altından boylanan nərgiz gülünün ləçəyində, çəmənlərdə, yamaclara səpələnmiş qırmızı lalələrin utancaq yarpaqlarında, dolmuş buludların göz yaşında, Ağbabanın çini kimi aydın olan səmasında, daşında-qayasındadır.
Ağbaba sevgisi Şəmsinin usta qələmində təzahür edir. O, Ağbabanın tarixini, adət-ənənələrini, nəyi varsa, hamısını cəm halında poetik dillə təsvir etməklə oxucunu poemaya kilidləyir. Ağbaba həsrətinin gözünün qorasını sıxaraq zərif bir xalçaya köçürür; o xalça Ağbaba xalçasıdır. Bənzəri yoxdur. Bir ədəd toxunub xalçaçı Şəmsi Qoca tərəfindən. Mənə elə gəlir ki, o, bu poemanı gecələrin birində bir nəfəsə yazıb. Daşıb-tökülən kül qabını belə boşaltmaq üçün ayağa durmayıb.
Azərbaycan — Odlar yurdu, ər evidir,
Yalçın bulud, qayaların telidir.
Üzüyünün qaşı Arpa gölüdür, oğul,
Oğul, Vətən el-obadan başlayır.
Azərbaycan Ağbabadan başlayır.
Sıra dağlar, sal qayalar yaylası,
Buludların zümzüməsi yaylası,
Çənlibeldə qoç Koroğlu qalası.
Oğul, Vətən el-obadan başlayır.
Azərbaycan Ağbabadan başlayır.
Qazan xanım Qazancdan baxar hey,
Zirvələrdə ildırımlar çaxar hey,
Arpaçayı qərib-qərib axar hey.
Oğul, Vətən el-obadan başlayır.
Azərbaycan Ağbabadan başlayır.
Qaragüney yayda da qar saxlayır,
İlanlıda sellər-sular çağlayır,
Doğan bulud Qaraxaçda ağlayır.
Oğul, Vətən el-obadan başlayır.
Azərbaycan Ağbabadan başlayır.
Ayaq saxla, Bozqaladan Qarsa bax,
Qonaq gəldi, başa çıxdı, tərsə bax.
Get o yerlər Şiştəpələr varsa, bax,
Oğul, Vətən el-obadan başlayır.
Azərbaycan Ağbabadan başlayır.
Bu həsrəti ürəyində unutma,
Bu həsrəti hər həsrətə tay tutma.
Məni unut, Ağbabanı unutma.
Oğul, Vətən el-obadan başlayır.
Azərbaycan Ağbabadan başlayır.
Poemanı tam oxuyan və şeir sənət aləmindən baş çıxaran hər kəs xəyalən Ağbabaya səfər edir, onun bu cür həsrət duyğuları isə sızıldayır. Şəmsi Qoca oğluna müraciətlə, əslində, bütün ağbabalılara, bütün Qərbi azərbaycanlılara, küll halında isə Azərbaycan gəncliyinə müraciət edir. Onu qayıdışa səsləyir, səfərbər edir. Dumanlı fikirlərə dalanları isə silkələyib oyadır. Diqqətli oxucu Şəmsi Qocanın bu poemasını oxumaqla Şəhriyar yaradıcılığının şairə etdiyi təsiri aydınca sezir. Yaxşı bilirəm ki, Şəmsi ustadı qədərincə oxuyanlardan biridir. Onun vurğunlarındandır, dərs götürənlərdəndir.
Şəmsi təkcə doğulub boya-başa çatdığı Ağbabanı vəsf etməklə kifayətlənmir. O, eşqi, məhəbbəti, təmiz duyğuları da incə bir poetik dillə dilə gətirir. Yazanda ki:
Bu gecənin qucağında sirr gözəl,
Axıb gedir Araz gözəl, Kür gözəl.
Bu gecəni qarğıyıbdır bir gözəl,
Bu gecənin nəğməsini oxuma.
Yaxud:
Nə tez unutmaqdan danışdın, gülüm?
Bəlkə həsrətimdən alışdın, gülüm.
Ruhuma sən elə qarışdın, gülüm,
Mən səni unuda bilərəmmi heç?
Müəllif çox ustalıqla təşbehlərdən istifadə edərək gecənin necə dərin hisslərə iz açdığını və əbədi qalacağını dilə gətirir. Şəmsi Qoca ruhun diriliyini insani-cismani birlik ilə də müqayisə etməkdə uğur qazanmışdır. Hər misrası, hər beyti, hər bəndi təhlil obyekti ola biləcək axıcı, düşündürücü və yadda qalan şeirlər yazıb.
Ruhun ölübdürsə, diri deyilsə,
Ağlama, ağlama, yeri deyilsə.
Göz yaşın gözündən iri deyilsə,
Bu nə ağlamaqdır? Ağlama, gözəl.
Şübhəsiz, kiçik bir qeydlərlə Şəmsi Qocanın bütün yaradıcılığını əhatəli şəkildə təhlil etmək mümkünsüzdür. Ümumiləşdirsəm, belə bir ifadə işlədə bilərəm: o, yurdun həsrət gözüdür. Ağbaba şairləri arasında seçilən simadır. Yurd həsrəti onu yandırıb-yaxır, qovurur, vaxtsız qocaldır. Lakin Şəmsi inadkardır. Şair dözümlüdür. Şeirləri ilə özündə təskinlik tapır. Gec-tez Ağbabaya — doğma kəndinə qayıdacağına inanır. O, doğma yurda dönüş üçün iradə, mərdlik, sərtlik təbliğ edir. Yazır:
Zirvələrdə qara dönmək çətindir,
Bulud kimi boşalmağa nə var ki?
Qaya ol ki, qartal qonsun başına,
Səhralarda daş olmağa nə var ki?
Şəmsi Qoca, yurd həsrəti təkcə səni sarmayıb. Neçələri bu həsrətlə gözlərini əbədi yumub. Sən şeirlərində həsrətə son qoymağın yolunu da özünəməxsus üslubda və dildə göstərirsən. O gün gələcək. Kəndə gedəcəyini mən qeyd edirəm. Hamasadan Göy dağın yolayrıcınadək yürü. Viran qoyulmuş kəndini, dağıdılmış qəbiristanlığı görmək üçün yeri. Bilirəm, nəfəsin təngiyəcək, bəlkə ürəktutman da oldu. Amma keçəcək. Qalx Göy dağın zirvəsinə. Dağlar qoynunda yallı tutan, boş qalmış, talan edilmiş kəndlərimizə bir-bir bax. Bir qıy çəkib hönkürtü ilə ağla. Mənə qismət olmasa, mənim də əvəzimdən ağla. Bəlkə də bu xəyal etdiyim qış fəslinə təsadüf edəcək. Sən elə Göy dağın zirvəsində donmuş vəziyyətdə dimdik qalacaqsan. Ağbaba dağlarının zirvəsindən sənə doğru ağ rəngli qartal şığıyıb düz qarşına qonacaq. Ruhunla qartalla söhbət edərsən. İndi isə dimdik dur. Yaz, yarat! Hələ görüləsi çox iş var. Qələm koralmasın. Bu qeydləri belə yekunlaşdırıram:
Hələ irəlidə illər var, Şəmsi,
Hələ dəriləsi güllər var, Şəmsi.
Hələ görüləsi işlər var, Şəmsi.
Qovrul həsrətinlə, yan həsrətinlə,
Ağbaba havası çal həsrətinlə.
Səyyad Ağbabalı — əməkdar jurnalist
P.S. Özümü saxlaya bilmədim, İstanbuldan Şəmsi Qocanın yubileyinin keçirildiyi tədbirdə iştirak edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərliyə zəng çaldım. Telefonu açdı. Onun səsini eşitdim: “Şəmsi Qoca icmamızın Fəxri Diplomu ilə təltif olunub”. Ürəkdolusu Əziz müəllimə “Sağ ol!” deyib, mənim də adımdan təbrik etməyi xahiş etdim. Təbrik ünvanına çatdı. Bir az rahatlamışdım.
P.P.S. Şəmsi, sən yaradıcılığınla yaşayacaqsan. Yeni yaradıcılıq nümunələri ərsəyə gətir ki, müəllimin qeydlərində xəsislik etməkdən çəkinsin. Bu dəfə xəsislik etdim. Qeydlərimi isə saxlayıram. Bu fikri qeyd etməsəm, sənə qarşı haqsızlıq etmiş olaram: [b]Şəmsi mənim ən istedadlı, çox qabiliyyətli, ədəb-ərkanını bilən, püxtələşmiş şəxsiyyəti olan, bir az da Allah vergisi dadan şagirdimdir. O, indinin özündə də müəllim-şagird münasibətlərini ən yüksək formada saxlayır. Əhsən kamalına, Şəmsi Qoca! 54 il əvvələ qayıdıb Səməd Vurğunun “Vaqif” dramını, “Azərbaycan”, M.P. Vaqifin “Pəri” şeirini eyni şövqlə deməyə varsanmı?[/b]
Səyyad Ağbabalı
Əməkdar Jurnalist



























