Qarabağ qazisi Valeh Hüseynov Goranboy rayonunun Baxçakürd kəndindəki 06/243 nömrəli artezian quyusunun elektrik təchizatının dayandırılması və elektrik şitinin sökülərək aparılması ilə bağlı Milli Məclisin Sədrinə müraciət edib.
Qazinin sözlərinə görə, Goranboy rayon su təsərrüfatı idarəsinin Samir adlı əməkdaşı əvvəlcə elektrik enerjisi üzrə “limitin bitdiyini” bildirib, daha sonra isə quyunun elektrik şitini sökərək aparıb. Valeh Hüseynov qeyd edib ki, bu müdaxilə ilə bağlı ona hər hansı rəsmi qərar, akt və ya hüquqi əsas təqdim olunmayıb.
Müraciətdə elektrik təchizatının kim tərəfindən və hansı əsasla dayandırıldığı, şitin, transformatorun və elektrik xəttinin hansı qurumun balansında olduğu, eləcə də Samir adlı əməkdaşın elektrik qurğusuna müdaxilə səlahiyyətinin olub-olmaması araşdırılmalıdır.
Qazi həmçinin “elektrik limiti bitib” məlumatının hansı sənəd, norma və hesablamaya əsaslandığının, bununla bağlı akt və ya əvvəlcədən bildirişin olub-olmadığının müəyyənləşdirilməsini istəyib. O, Samir adlı əməkdaşın ona “4–5 gün səbirli ol” dediyini də bildirib.
Müraciətdə enerji və su təsərrüfatında “yeyinti” ilə bağlı səsləndirilən məlumatların da obyektiv araşdırılması xahiş olunur. Hüseynov bu məlumatları təsdiqlənmiş fakt kimi deyil, yoxlanılmalı iddia kimi təqdim etdiyini vurğulayıb.
Qarabağ qazisi qanun pozuntusu və ya vəzifə səlahiyyətlərindən kənara çıxma müəyyən edilərsə, məsul şəxslər barəsində tədbir görülməsini və araşdırmanın nəticəsi barədə ona rəsmi, əsaslandırılmış cavab verilməsini xahiş edib.


























