image-image_750x_61b351e90433ebackend

Qarabağ üçün 2023 gözləntiləri: hərb və ya sülh

image-reklam_sirab_01

2023-cü ildə də Azərbaycanın əsas siyasi hədəfində Ermənistanla sülh sazişinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin açılması dayanır. Bu hədəf Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrik müraciətində yer aldı. Ölkə başçısı rəsmi Bakının sülhün əldə olunması üçün bütün vasitələrdən istifadə edəcəyini bildirdi. Prezident mesajında rəsmi İrəvanın sülhdən yayınma siyasətinin davam edəcəyi təqdirdə hərbi yola əl atılacağına da işarə etdi. Belə ki, İlham Əliyev Azərbaycan Ordusunun daha da güclənməsi üçün addımlar atılacağını bəyan etdi. Bu, sıradan bəyanat sayıla bilməz.

Qarşı tərəf isə 2023-cü ildə də sülhdən yayınma siyasətini davam etdirəcəyinin anonsunu verdi. Ermənistanın Baş naziri sülhdən danışsa da, bir neçə gündən sonra fərqli bəyanatlar səsləndirdi, yenidən “Qarabağın statusu”ndan danışdı. Eyni zamanda, Ermənistan siyasətində mühüm rol oynayan kilsədən revanşa çağırış edildi. Ermənilərin katalikosu İkinci Qaregin Milad təbrikində açıq-aşkar müharibəyə səsləyən ifadələr işlətdi.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, 2023-cü il region üçün heç də yaxşı nəticələr vəd etmir. Bakının mövqeyindən çəkilməyəcəyi bəllidir. Azərbaycan tezliklə sülhün əldə olunmasında maraqlıdır – bu, istər danışıqlar vasitəsilə olsun, istərsə də hərbi güclə. Danışıqlar isə demək olar ki, ötən ilin son aylarından dayanıb. Bundan sonra nə olacağı ilə bağlı analitiklərin proqnozları fərqlidir.

2023-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı gözlənilənləri AYNA-ya müsahibəsində analitik Asif Nərimanlı şərh edib. İcmalçı bildirib ki, ötən ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağı, yaxud ən azı hər iki tərəfin razılaşdığı mətnin hazırlanacağı gözləntiləri böyük idi:

– Lakin sülh prosesi fonunda mövqelərin daha da uzaqlaşdığı, hərbi ritorikanın ön plana çıxdığını gördük. Fikrimcə, bunun bir səbəbi tərəflərin sülh müqaviləsində konkret məsələlər ətrafında fikir ayrılığının olmasıdırsa, digər səbəbi regiondakı siyasi mənzərənin dəyişməsi, xüsusilə, Ermənistanın Qərbdən müəyyən dəstək-vədlər almasıdır. Bununla yanaşı, sülh müqaviləsinə dair dilemmativ vəziyyət yarandığını da deyə bilərik. Hər iki tərəf – Qərb və Rusiya təkliflər irəli sürür, təşəbbüsü ələ almaq istəyir. Hər iki tərəfin gündəliyi böyük ölçüdə Azərbaycanla eynilik təşkil etsə də, iki məqam problem yaradır.

Birinci məqam hər iki masada qane etməyən məqamların olmasıdır. Rusiya sərhədin delimitasiyası, kommunikasiyanın açılması kimi məsələlərdə Bakının mövqeyinə yaxın çıxış edir, amma Qarabağ məsələsində fikir ayrılıqları var. Qərb, daha dəqiq desək, ABŞ Bakının Qarabağdakı ermənilərlə təmasını dəstəkləyir, amma sərhəd və kommunikasiya məsələsində bizimlə üst-üstə düşməyən məqamlar var. Fransa isə bütün məsələlərdə Ermənistanın mövqeyindən çıxış edir və İrəvanın prosesdən yayınmasının əsas dəstəkçisi də rəsmi Parisdir.

İkinci məqam isə Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarında olduğu müddətdə Bakı üçün Qərbin vasitəçiliyi ilə müqavilənin imzalanmasına çətinlik yaratmasıdır. Azərbaycan ortaq mövqe tapmaqda maraqlıdır, hərçənd ki, bu, çətin görünür. O baxımdan, prosesin uzandığı vəziyyətdə Bakı öncə üçtərəfli razılaşmaların bəndlərinin icrasına ağırlıq verir. Ermənistan tərəfinin sərgilədiyi mövqe isə bəndlərin icrasının məcburetmə addımlarından keçdiyi vəziyyəti yaradır.

– Prezident Yeni il təbrikində ordunun gücləndirilməsi ilə bağlı fikirlər səsləndirdi. Bu, 2023-də hərbi əməliyyatların keçiriləcəyi ehtimalını artırırmı?

– Prezidentin sözləri istənilən vaxt hərbi variantlara hazır olduğumuzun mesajı idi. 2023-cü ildə sülh danışıqlarından daha çox, hərbi eskalasiyaların yaşana biləcəyi ehtimalı görünür. Hərbi əməliyyatlar iki istiqamətdə mümkündür: Birincisi, Qarabağdan erməni qoşunların çıxarılması məqsədilə məcburetmə əməliyyatları ola bilər. Bu, xüsusilə, erməni silahlılarının dayandığı postlar, eləcə də strateji yollara nəzarət istiqamətində mümkündür. İkincisi, Qazağın 7 kəndi və Kərki kəndinin azad edilməsi ilə bağlı da addımların atılması istisna deyil. Çünki Ermənistan öhdəliyini icra etmirsə, hərbi müstəvidə addım atmaqdan başqa yol qalmır. 44 günlük müharibədən əvvəlki dövr də isbat etdi ki, danışıqlar prosesi sonsuza qədər uzana da bilər.

Ermənistan geosiyasi şərtlərin dəyişməsinə və Azərbaycanın mövqeyinin zəifləyəcəyinə ümid edir, prosesi uzatmaq da bununla bağlıdır. Bu vəziyyətdə zaman bizim əleyhimizədir. Mövcud geosiyasi şərtlərdə Qərb və Rusiyanın toqquşması bizim manevr imkanlarımızı genişləndirir. Tərəflərdən birinin məğlubiyyəti maraqlarımıza uyğun deyil, ona görə Bakı 2023-cü ildə bölgədəki hədəflərinə nail olmaq üçün danışıqlara paralel olaraq praktiki addımlar da ata bilər.

– Laçın yolundakı aksiya bir aya yaxındır davam edir. Prosesin nə qədər sürəcəyini düşünürsünüz?

– Aksiyanın tələbinin icrasına qədər proses uzana bilər. Bu da o deməkdir ki, daha uzunmüddətli olacaq. Çünki sülhməramlıların nəzarət etdiyi ərazidəki mədənlərə girişin icazə verilməsinin təkcə təbii sərvətlərimizin talanmasının qarşısının alınması yox, həm də bir sıra siyasi nəticələri olacaq. Azərbaycan Qarabağda nəzarəti bərpa etmək istiqamətində ilk praktiki addımını atacaq, separatçıların erməni əhali üzərindəki təsir imkanları zəifləyəcək, o cümlədən, bu, rusların planlarına ziddir. Buna paralel olaraq, aksiyanın nəticəsiz başa çatması separatçı-terrorçuların mövqeyini gücləndirə bilər.

Lakin hadisələrin inkişaf istiqaməti də çox şeyi həll edə bilər. Ermənistan beynəlxalq ictimaiyyətin Bakıya təzyiq dalğasına nail olmaqla prosesi dayandırmağa çalışır və belə görünür ki, bununla bağlı planları hələ tükənməyib. Amma hələlik heç bir nəticə əldə edə bilmirlər. Digər tərəfdən, Qarabağdakı separatçı-terrorçu rejim nə qədər dözə biləcək? İstisna deyil ki, bir müddət sonra erməni əhalisinin bir qismi Ermənistana getmək məqsədilə Laçın yolundan keçid istəyə bilər, bir qismi problemlərinin həlli üçün Azərbaycana üz tuta bilər. Azərbaycan postuna yaxınlaşan Kazaryan faktı bunun istisna olmadığını təsdiqlədi. Əvvəllər də ermənilər Azərbaycan əsgərlərindən yardım istəyib, lakin onda situasiya fərqli idi, separatçıların imkanları geniş idi, indi isə bu imkanları tükənir, fikrimcə, Kazaryan hadisəsi erməni əhalisinin Bakıya üz tutması perspektivindən xəbər verir.

– Faktiki olaraq, Rusiya sülhməramlıları separatçılara dəstəyi davam etdirir, Üçtərəfli Birgə Bəyanatın şərtləri yerinə yetirilmir. 2023-cü ildə bu vəziyyətin davam edəcəyi istisna deyil. Demək olarmı ki, bu il də sülh üçün itirilmiş il olacaq?

– Cənubi Qafqazda proseslərin inkişafına Ukrayna cəbhəsindəki vəziyyətin təsir edəcəyini düşünürəm. Qərbin Kiyevə silah dəstəyini artırması və müharibə meydanında Ukraynanın uğuru müharibənin daha şiddətli şəkildə davam edəcəyindən xəbər verir, lakin Kremldə fors-major situasiya yaşanmasa, ruslar da hədəflərinə çatmaq üçün maksimum addımlar atacaqlar. Qərb-Rusiya qarşıdurmasının şiddətlənməsi Azərbaycan-Ermənistan sülh müqaviləsinin də uzanması ilə nəticələnə bilər. Qeyd etdiyim kimi, hər iki tərəf təşəbbüsü ələ almaq istəyir və bu məqsədlə maraqlarına təhlükə yarananda sülh müqaviləsində tam istəyi əks olunmayan tərəflərdən birinə üstünlük verir, prosesi bu metodla tormozlayırlar. Ortaq mövqe tapmaq getdikcə çətinləşir, bu da sülh müqaviləsinin imzlanması gözləntilərini də azaldır. Fikrimcə, sülh danışıqlarına paralel olaraq, üçtərəfli razılaşmaların icrası istiqamətində praktiki addımları da görə biləcəyik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image