image-1672831810_p5007cozymb1-780x470backend

Qarabağda yeni müharibə gözlənilir?

image-reklam_sirab_01

Bəzi siyasi təhlilçilər Ermənistanla Azərbaycan arasında kiçik hərbi toqquşmaların 2023-cü ildə də davam edəcəyini düşünürlər.

Onlar kiçik hərbi əməliyyatların davam edəcəyinə əsas səbəb kimi Ermənistanla sülh razılaşmasının əldə edilməməsini göstərirlər.

2022-ci ildə il baş tutması gözlənilən ən vacib məqam Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması idi.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrda Praqada keçirilən görüşdən sonra iki ölkə arasında ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağı ehtimalını səsləndirmişdi.

Azərbaycan və Ermənistan arasındakı münaqişəni sülhə bağlamaq üçün Avropa İttifaqı, ABŞ və Rusiya diplomatik səylərini artırsa da, ilin sonuna kimi razılaşma əldə etmək mümkün olmadı və indi bütün gözlər 2023-cü ilə dikilib.

Bu il irəliləyiş əldə etmək mümkün olacaqmı?

Vətəninfo.az-ın Modern.az-a istinadən məlumatına görə, İlham Əliyevin sülh müqaviləsinin imzalanacağı ehtimalı ilə bağlı dediklərini “optimist yanaşma” adlandıran Karnegi Fondunun əməkdaşı Tomas De Vaal “BBC Azərbaycanca”ya bildirib ki, 35 il münaqişə edən tərəflər arasında qısa müddətdə yekun sülhün imzalanması elə də asan görünmür.

Onun sözlərinə görə, indiki halda Bakı və İrəvan hələlik çərçivə sazişi imzalaya bilər ki, burada da iki amil həlledici rol oynayır.

“Bunlardan biri rəsmi İrəvanın ərazi bütövlüyünün qarşılıqlı tanınması çərçivəsində Qarabağda yaşayan ermənilərin siyasi və iqtisadi hüquqlarının təminatı və bununla bağlı qarantiya istəməsidir. Digər məsələ isə Azərbaycanın Ermənistan ərazisindən Naxçıvana yol istəməsidir ki, bu istiqamətdə də tərəflər ortaq məxrəcə gələ bilmirlər”, – Tomas De Vaal qeyd edib.
Azərbaycan hesab edir ki, sülh sazişi üçün sənəd hansısa şərtlərin əks olunduğu çərçivə sazişi formasında yox, sadə və reallığı əks etdirən formada olmalıdır.

Tomas De Vaal hesab edir ki, 2022-ci ildə sülh razılaşmasının əldə edilməməsinə təsir göstərən əsas səbəblərdən biri Bakı və İrəvan arasında etimadın olmaması, ikinci səbəb isə Rusiya faktorudur.
Onun fikrincə, 2023-cü ildə sülh danışıqlarının uğurlu olması qarşılıqlı etimadın yaradılması istiqamətində atılacaq addımlardan asılı olacaq.
“Lakin Laçın dəhlizində baş verənlər, eləcə də tərəflərin prinsipial mövqelərində güzəştə getmək istəməmələri, təəssüf ki, 2023-cü ildə də eskalasiyanın mümkünlüyü ehtimalını qüvvədə saxlayır”, – o əlavə edib.

Azərbaycan və Ermənistan2022-ci ilin sonuna kimi sərhədlərin delimitasiya və demarkasiyası üzrə irəliləyişlərin olacağını bildirsələr də, bununla bağlı dövlət komissiyaları yaradılsa da, hələ ki bu istiqamətdə nəticə yoxdur.
Tomas De Vaal deyib ki, sərhədlərin müəyyənləşdirilməsində Bakı və İrəvanın fərqli xəritələrə istinad etməsi Rusiyaya imkan verir ki, bu məsələdə özünü vacib faktor kimi göstərsin və prosesə müdaxilə etsin.
“Sərhədlə bağlı fikir ayrılığının qalması, fikrimcə, tərəflər arasında birbaşa dialoqun az olması ilə əlaqəlidir. Üstəlik, ara-sıra hərbi toqquşmaların baş verməsi də bu prosesi ləngidən əsas amildir”, – Tomas De Vaal bildirib.
Onun sözlərinə görə, əgər tərəflər 2023-cü ildə delimitasiya və demarkasiya prosesində irəliləyiş əldə etmək istəyirlərsə, o zaman “gücdən istifadəni tamamilə dayandırmalıdırlar”.
Karnegi Fondunun analitiki hesab edir ki, 2023-cü ildə Naxçıvana yolun açılması ilə bağlı məsələdə irəliləyişlərin əldə edilməsi ehtimalı digər ziddiyyətli məqamlarla müqayisədə daha yüksəkdir.
Təhlilçi fikrini onunla əsaslandırır ki, yolun açılması Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Ermənistana da ixrac potensialını artırmağa imkan verir. Bu, həmçinin İran, Türkiyə və hətta Çin üçün də faydalıdır.
“Lakin Ermənistanın narahatlığı ondan ibarətdir ki, əgər yolun açılmasına razılıq verərsə, Azərbaycan digər məsələlərin həllini öz xeyrinə uzada bilər. Beləliklə də İrəvan bu məsələnin tənzimlənməsində istifadə etdiyi yeganə kartı da itirə bilər. Bu cür narahatlıqlar yenə də qarşılıqlı etimadın olmamasından irəli gəlir”, – Tomas De Vaal qeyd edib.
Onun fikrincə, bu məsələnin digər problemli tərəfi 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, “Zəngəzur yolu”nda Rusiya FSB-sinin nəzarətinin yaradılmasının nəzərdə tutulmasıdır.
Təhlilçi bu məqamı yolun açılmasını ləngidən əsas amil kimi qiymətləndirib və əlavə edib ki, regionda və buradan kənarda olan heç bir ölkə bu cür beynəlxalq marşruta “Rusiya qüvvələri tərəfindən nəzarət edilməsini istəmir”.

Təhlilçilər İran və Azərbaycan münasibətlərində yaşanan gərginliyin 2023-cü ildə də davam edəcəyini gözləyir.

ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Pol Qoblun sözlərinə görə, əslində Tehran və Bakı arasında gərginlik hər zaman mövcud olsa da, bu, gizli formada baş verib.

Onun fikrincə, 2022-ci ildə tərəflər arasında başlayan gərginliyin diplomatik səviyyəyə keçməsinə əsas səbəb İranın nümayiş etdirdiyi Ermənistanyönlü fəaliyyətin Azərbaycanı qıcıqlandırması olub, xüsusilə də “Zəngəzur dəhlizi”  məsələsində.

Pol Qobl hesab edir ki, İranın “Zəngəzur dəhlizi”nə qarşı sərgilədiyi mövqe 2023-cü ildə də Azərbaycanın bu istiqamətdə fəaliyyətini ləngidəcək və belə olan halda Bakı və Tehran arasında periodik gərginliklərin yaranması mümkündür.
“Lakin bu gərginliyin ciddi münaqişəyə çevriləcəyini demək çətindir. Çünki İranda da yaxşı bilirlər ki, indiki halda Azərbaycana qarşı hər hansı hərbi və ya siyasi təzyiq Türkiyə ilə üz-üzə gəlmək deməkdir ki, Tehran bunu istəməz”, – keçmiş müşavir bildirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 20222-ci ilin sonunda keçirdiyi mətbuat konfransında İranla Azərbaycan arasında gərginliyin olduğunu təsdiqləsə də, vəziyyəti “dramatikləşdirməyin əleyhinə” olduğunu deyib.
Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərdə “problemli istiqamətlər”lə yanaşı, “iqtisadi və digər sahələrdə müsbət irəliləyişlərin olduğu” istiqamətlər də var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki