“Bəzi Türkiyə rəsmilərinin məktəb və hicab məsələləri üzərindən Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə etməyə çalışması, hətta ölkə başçısını hədəf alan açıqlamalar səsləndirməsi qəbuledilməzdir”.
Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev dedi.
Həmsöhbətimiz vurğuladı ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri gündəlik siyasi mübahisələrdən asılı deyil:
“Dövlətlər arasında anlaşılmazlıq yaranan zaman məsələ qarşılıqlı hörmət və diplomatik ünsiyyət çərçivəsində müzakirə edilməlidir. Azərbaycanın qəbul etdiyi qərarları Türkiyə mediası və ictimaiyyəti qarşısında hədəfə almaq, bu məsələləri siyasi və ideoloji müstəviyə daşımaq iki ölkənin münasibətlərinə xələl gətirə bilər. Eyni zamanda, qardaşın qardaşa sözü varsa, bunu təklikdə deməli, öz aralarında müzakirə etməlidir. Hazırda Azərbaycana qarşı aparılan təbliğat münasibətlərə xələl gətirə bilər. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ayrı-ayrı şəxslərin bizə münasibəti ilə ölçülə bilməz. “- deyə Ədalət Verdiyev bildirib.


























