image-reklam-veteninfo
image-2backend

Qərbi Azərbaycan İcmasında qürur anları: Çempion təltif edildi

image-reklam-veteninfo

​Tarixin hər bir dönəmində ulu babalarımızdan bizə miras qalan bir həqiqət var: Qərbi Azərbaycan torpağı təkcə uca dağlar, büllur bulaqlar yurdu deyil, o torpaq həm də sarsılmaz iradəli, polad biləkli ərənlər ocağıdır. Fevralın 12-də bu qədim ruhun növbəti təntənəsinə şahidlik etdik. Gənclər və yeniyetmələr arasında sərbəst güləş üzrə Azərbaycan çempionatında bütün rəqiblərini lərzəyə salaraq fəxri kürsünün ən uca zirvəsinə qalxan Hüseyn Qoşqar oğlu Məmmədtağızadə təkcə bir idman qələbəsinə imza atmadı, o, həm də mənsub olduğu kökün, nəslin və torpağın qüdrətini nümayiş etdirdi.
​Bu möhtəşəm zəfərin ardınca Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli gənc çempionu qəbul edərək, bu uğuru yüksək qiymətləndirdi. İcma sədrinin vurğuladığı kimi, Qərbi Azərbaycan kökənli gənclərin idman arenalarında bayrağımızı ucaltması təkcə fiziki gücün deyil, həm də mənəvi saflığın və vətənpərvərliyin göstəricisidir. 92 kq çəki dərəcəsində rəqib tanımayan İlanlı balası Hüseyn Məmmədtağızadənin Qərbi Azərbaycan İcmasının I dərəcəli Diplomu ilə təltif edilməsi, əslində bir xalqın öz gənc fədaisinə verdiyi xeyir-dua, göstərdiyi böyük etimad idi.
Hüseynin qələbəsi qədər, onun bu zəfərə verdiyi mənəvi qiymət də hər kəsi duyğulandırdı. Gənc pəhləvan öz qələbəsini Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi döyüşçü Mübariz İbrahimovun əziz xatirəsinə həsr etdiyini bəyan etdi. Bu, sadəcə bir həsr deyil, bir gəncin qəlbindəki qəhrəmanlıq idealının təzahürüdür. Hüseyn sübut etdi ki, onun biləyinə güc verən həm də Mübarizlərin, Fəridlərin ruhudur.
​Çempionun dilindən süzülən o böyük vəd isə hər birimizin qürur mənbəyidir: “Vaxt gələcək, mən dünya arenalarında qazandığım qızıl medallarla cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşısına çıxacaq və bütün qələbələrimi bu böyük Liderimizə həsr edəcəyəm!” Bu sözlər bir idmançının deyil, dövlətinə və rəhbərinə sadiq olan bir əsgərin andıdır. Hüseynin hədəfi aydındır: Azərbaycan bayrağını dünyanın hər yerində ən uca zirvələrə qaldırmaq və bu şərəfi millətin xilaskarına təqdim etmək!
​Əslən Amasiya rayonunun, hər daşı bir dastan olan İlanlı kəndindən olan Hüseyn Məmmədtağızadə bu gün hər bir Qərbi azərbaycanlının fəxrdir. Onun 92 kq-lıq çəkisi sadəcə rəqəmdir, əslində o, çiyinlərində bütöv bir mahalın həsrətini, ulu babalarının mərdlik irsini və böyük Qayıdışın ümidini daşıyır.
​Eşq olsun Azərbaycanın gənc pəhləvanına! Yolun açıq, qolun bükülməz olsun, Hüseyn! İnanırıq ki, o gün uzaqda deyil – sənin qazandığın beynəlxalq medallar cənab Prezidentin hüzurunda parlayacaq və bütün dünya bir daha görəcək ki, Azərbaycanın, o cümlədən Qərbi Azərbaycanın övladları hər zaman qalib gəlmək üçün doğulublar!

Şəmsi Qoca

image-1 image-2




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki