image-bfe4b2cfc01dbea1b8abf0aee2afe75cbackend

“Qız nəvələrim 2 il əsgərlikdə oldular, gözəl də əsgərlik keçirtdilər” -Novella Cəfəroğlu

image-reklam_sirab_01
“Yəhudilərin düşmənçiliyi də axıra qədərdir, dostluğu da”/ “Zəngəzur dəhlizi ilə bağlı böyük bir forum keçirmək istəyirik, cavab gözləyirik…”Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərovanın İsraildə olduğu xəbərini biləndə onu aradıq. Azərbaycanın İsraildə səfirliyinin açılması, ilk səfir təyinatı fonunda Novella xanımla “körpü” yaradıb, ondan həm bu mövzu barədə, həm də digər actual mövzular, həmçinin şəxsi həyatı, övladları ilə bağlı maraqlı bir müsahibə hazırladıq. Musavat.com dəyərli hüquq müdafiəçimiz, fədakar Novella xanımla müsahibəni sevimli oxucularına təqdim edir:

– Novella xanım, İsraildə olduğunuzu sosial şəbəkələrdən öyrəndim, istədim sizinlə müsahibə edək. Nə vaxtdan İsraildəsiniz?

– İki həftədir uşaqların yanına gəlmişəm. Övladlarım hamısı burdadır, maşallah! Allah sizinkiləri qorusun! Uşaqların hamısı yaxşı sahələrdə çalışırlar, normal vəziyyətdə yaşayırlar. Biri geofizik-akademikdir. Digəri riyaziyyatçı-professordur, üçüncüsü də həkimdir, elmlər doktorudur.

– Allah qorusun! Nəticələr varmı?

– Nəticələr yoxdur, amma 6 nədəm var. Nəvələrimin 4-ü ali məktəbi bitirib, ikisi də hələ oxuyur.

– Nəvələrin Azərbaycana bağlılığı haraya qədərdir?

– Oooo!!. Ölürlər Azərbaycan üçün. İkisinin toyu olmalıdır, deyirlər, gəlib Bakıda edəcəyik toyumuzu (ürəkdən gülür). Bütün övladlarımın Azərbaycana sevgisi böyükdür. Böyük oğlum gəlib AZİ-də fəxri müəllim adını aldı. Dedim, akademiksən, dedi, yox e, AZİ-nin fəxri müəllimi adını almalıyam. O biri oğlum Bakı Dövlət Universitetində dərs deyir. Özü də BDU-nun riyaziyyatını bitirib. Övladlarım hamısı vətənə çox bağlıdırlar.

– Yəqin ki, bu bağlılıq sizdən gəlir, eləmi?

– Yox. Ataları da azərbaycanlılara bağlı idi, adamın Allahı var…Kələkidə, Balakəndə işləyib, həmişə Azərbaycana çox bağlı olub.

– Novella xanım, sizin nə qədər işgüzar insan olduğunuzu yaxşı bilirik. Ona görə şübhəmiz yoxdur ki, övladlarınızla görüşə getdiyiniz səfəriniz zamanı da Azərbaycan naminə hansısa işlər görürsünüz. Sirr deyilsə, nə kimi planlarınız var?

– Bu gün gündəmimizdə ən ciddi məsələlər Zəngəzur dəhlizinin açılması və Laçın yolundakı vəziyyət, oradakı aksiyadır. Hələ bir il yarım əvvəl təklif etdik ki, ermənilərə Laçından yol veririksə, biz də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ qaldıraq, gəlin bununla bağlı bir forum keçirək. Bu layihə barədə hamıya fikrimizi çatdırmışıq, Prezident Administrasiyasına da yazmışıq. Bizim vətəndaşmız olan, faktiki mənim ölkəmin ərazisində yaşayan ermənilərə Ermənistana gedib-gəlmək üçün yol vermişik. Amma biz özümüz öz ərazimizə, Naxçıvana 30 ildir quru yolla, birbaşa gedib-gələ bilmirik. 30 ildir Ermənistan Naxçıvanı blokadada saxlayır. Əcaba, niyə belə olmalıdır? Bu sualı bütün dünyaya verirəm. İndiyədək bir dənə dövlət deməyib ki, Naxçıvan blokadadadır, yolları erməni bağlayıb. Nə üçün bu gün yerindən duran deyir ki, Laçın yolunu, dəhlizini açın?! Bizim bir təşkilatımız var – Azərbaycan Dünya Təşkilatı, belə bir plan hazırlamışdıq ki, böyük bir forum keçirək, həmin forumda Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini bütün dünyaya çatdıraq. Yəni Zəngəzur dəhlizi tək bizdən ötrü əhəmiyyətli deyil. Bəli, təbii ki, həm Qarabağa köçürülən insanlarımızın təhlükəsizliyi üçün vacibdir. Amma eyni zamanda bu dəhliz düz Çinə qədər Türkiyə, İran, Ermənistanın özü, Gürcüstan, Azərbaycan, Avropa, Amerika, Rusiya bütün ölkələr bu yoldan istifadə edə bilər. Odur ki, bu dövlətlərin hamısı Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır. Gərək biz bunu bütün dünyaya bəyan edək. Odur ki, dünya ölkələrindən iqtisadçıları, siyasətçiləri, alimləri çağıraq, Zəngəzur dəhlizi ilə bağlı keçirdiyimiz forumda bütün bunları bəyan edək. Təklif edirik ki, birinci forumu Zəngəzurun Ermənistana verilməsinin tarixçəsini açıqlayaq. Elə bu günlərdə Prezident bu barədə çox gözəl deyib. Yəni beynəlxalq forum keçirtmək çox vacibdir. Bizim layihədə də bu var idi.

– Xatırlatdığınız kimi, dövlət başçısı Qərbi Azərbaycan İcmasındakı görüşdə ildə bir dəfə, yaxud iki ildən bir beynəlxalq konfrans keçirilməsi barədə qarşıya öhdəlik qoydu.

– Bəli. Bu gün Zəngəzur dəhlizinin açılması ilə bağlı əvvəlcə Zəngəzurun tarixçəsini dünyaya açıqlamaq lazımdır. Bununla bağlı sənədləri təqdim etmək, videomaterialları yaymaq gərəkdir. Dünyaya çatdırmalıyıq ki, Zəngəzur kimin olub, o yolu bizdən niyə alıblar? İkincisi, iqtisadi vəziyyətini düzəltməkdən ötrü Zəngəzur dəhlizinin açılması daha çox Ermənistanın özünə lazımdır. Demirsən dənizə, okeana çıxmaq istəyirəm? Zəngəzur dəhlizi sənə imkan yaradır, get dənizə, okeana! Sözün düzü, bizim bir gənc biznesmenimiz var, Adəm İsmayıl, Şamaxıdan, Şeyx Eyyubun şəcərəsindəndir. Amma deyəsən, onların da kökləri Zəngəzura gedib çıxır. Ermənilərin bizə qarşı törətdikləri qəddarlığı barədə çox qiymətli kitablar yazıb. Mən ilk dəfədir görürəm ki, biznesi olan insan vətənə belə böyük məhəbbəti var. Birinci bu məsələni o qaldırdı. Bizim də böyük bir qrupumuz var, həmin qrupla bu təklifin üzərində işlədik. Burada jurnalistlərdən, tarixçilərdən, alimlərdən, iqtisadçılardan, biznesmenlərdən ibarət işçi qrupunun yaradılması təklifi var ortada. Yəni bütün dünyanın maraqlarına uyğun olan bir layihə ilə bağlı böyük bir forum keçirək, dünyanı məlumatlandıraq. Bir çox dairələri qorxudan odur ki, Zəngəzur dəhlizi Azərbaycanı daha da yüksəklərə qaldıracaq. Bütün dünyaya göstərməliyik ki, işbirliyi ilə də konfliktləri çözmək olar. Yəni münaqişənin müharibə yolu ilə yox, işbirliyi ilə çözülməsi təklifini irəli sürürük. Məqsəd budur.

– Forumun gerçəkləşməsi üçün vahid anlaşma varmı? Nə zamana planlaşdırırsınız?

– Gözləyirik. Prezident Administrasiyasına da təkliflərimizi göndərmişik, demişik ki, baxsınlar, bizə yol göstərsinlər, işçi qrupunu formalaşdıraq…Bir məsələni də deyim, biz Türkiyədə olanda bu təklifi Ərdoğana çatdırmışdıq. Ərdoğan dərhal bizə cavab verdi, bir komitə ayırdı ki, o komitə ilə işləyin. Çünki məsələnin mahiyyətini başa düşdü, reaksiya verdi. İndi bilmirik Azərbaycan Prezidentinə məsələni çatdırıblar, ya yox? Əslində bizim qoyduğumuz məsələlərin hamısını Prezident də deyir, yəqin ki, ona da çatdırılıb. Çünki çox vacib məsələlərdir.

– İsraildə də bu təşəbbüsə dəstək verənlər varmı?

– 7 alimlə danışmışam, hamısı deyir ki, gələrik, çıxış edərik, nə lazımdırsa, deyərik. Özü də təkcə burdakılarla yox, dünyanın bir sıra ölkələrinin alimləri ilə danışmışıq, bizim dostlarımız var, alimlər, iqtisadçılar gələcəklər. ABŞ, Türkiyə, Gürcüstan və digər ölkələri bir-birinə qatmışıq. Biz hətta istəyirik ki, Ermənistanın özü də iştirak etsin. İstəsək də, istəməsək də, bunlar bizim qonşumuzdur. Ona görə də elm, işbirliyi yolu ilə bunlarla barışa girə bilərik, mən belə hesab edirəm. Yunan və Türk Kipri arasında barışıq necə oldu, bir-birilərini qırırdılar. Onların heç birisinin kanalizasiya sistemi olmayıb, birgə çəkiblər. Həmçinin su xəttini…İndi artıq bir-birinə gedirlər, işləyirlər, işbirliyi qururlar. Belə nümunələr var. Odur ki, biz bütün dünyaya elan edə bilərik ki, konfliktləri müharibəsiz nə cür çözmək olar. İstərdik ki, belə bir layihəni hamılıqla keçirək. Əvvəl istərdik Naxçıvanda bir tədbir keçirək. Sonra sentyabrda Zəngilanda, yaxud Xudafərin körpüsünün yanında, elə çadırlar quraraq forum keçirmək istədik. Dedik İran da baxıb, görsün, başı batmış İran. İran adı gələndə əsəbdən bədənim əsir. Üçüncü forumu da Türkiyədə keçirə bilərik, yüksək səviyyədə.

– Novella xanım, Azərbaycan səfirliyinin açılması İsraildə necə qarşılanıb? Bu barədə görüşdüyünüz adamlar nə danışırlar?

– Çox gözəl. Təkcə bizim bakılılar yox ha, hamı sevinir. Ümumiyyətlə, İsraildə əvvələr də Azərbaycana qarşı məhəbbət, dostluq münasibəti var idi. Səfirlik açılandan sonra bu münasibətlər daha da istiləşib. Biz ömürlük dostuq.

– Baxmayaraq ki, İran bizim dostlarımızın sayının çoxluğundan əndişələnir…

– Əndişələnir, amma Qafanda konsulluq açır. Müsəlman dövləti, sən 50 milyonluq bir xalqın iradəsinə qarşı çıxdın, getdin işğalçı ölkə ilə müqavilə imzaladın, Ermənistanı hər şeylə təchiz etməklə Azərbaycanı 30 il geridə qodun! Yeri gəlmişkən, burda da Fələstin ermənilərlə dostdur, onlar deyirlər bizim ermənilərlə qanımız birdir, qardaşıq…Bu gün Azərbaycanın dostları kimlərdir: yanımızda olanlar-Türkiyə, Pakistan, İsrail…Kim ki bizi bu müharibədə dəstəklədi, onlardır dostlarımız.

– Ermənistan mediası belə bir xəbər tirajlayıb ki, guya İsraildə divarlara “ermənilərə ölüm” şüarı yazıblar…

– (gülür) Vallah, onu bilmirəm. Yəhudilər dostluqda çox möhkəmdirlər. Kiminlə dostluq edirlərsə, axıra qədər dost olurlar. Bunların düşmənçiliyi də axıra qədərdir, dostluğu da. Amma artıq ərəb dövlətləri ilə barışırlar, gəlirlər ki, bir yerdə işləyək. Şüarlar barədə eşitməmişəm.

– Ola bilərmi ki, elə ermənilərin özlərinin təxribatı olsun?

– Ola bilər. Burada erməni məhəllələri var. Elə Qüdsün özündə çox vaxt münaqişəni ermənilər törədirlər.

– Novella xanım, siz Təl-Əvivdəsini? Ölkəni gəzmək imkanı olurmu?

– Mən Ber Şeva şəhərindəyəm. Vaxtilə Atatürk buraya dəmiryolu çəkdirib. Çox maraqlıdır. Atatürkün büstü var bu şəhərdə. Yerusəlimə, Təl-Əvivə gedirəm. Böyük oğlum Təl-Əvivdə yaşayır. Uşaqlar hər yerə aparırlar. Bu günlərdə bizim opera artistimiz, Rusiyanın Böyük Teatrında çıxış edən Elçin Əzizov turnedə idi.

– Havalar necə keçir?

– Bakıdakı kimi deyil, amma burda da soyuqdur.

– Maraqlıdır, İsraildə sizi daha çox nələr cəlb edir, deyirsiniz ki, kaş Azərbaycanda da belə olardı?

– Azərbaycan Vətən müharibəsində ordumuzun gücü ilə böyük bir zəfər qazandı, bunu deməmək olmaz. Amma İsraildə ordu sistemi çox gözəldir. Qızlı-oğlanlı hamı orduya gedir, öz də orduda bunlara təhsil verirlər. Məsələn, orduda təyyarə mühəndisi, texnoloq, digər peşələr üzrə mütəxəssis hazırlayırlar. Özü də hamı istəyir ki, əsgərliyə getsin. Niyə? Əsgərliyi qurtaranları birinci ali təhsil almağa qəbul edirlər, təhsilhaqqını da hökumət verir. O qədər də gözəl ordu qurublar ki… Mən istərdim ki, bizim ordumuz da İsrail ordusu kimi mükəmməl olsun. Təsəvvür edin, burada vətəndaş ərizə yazır ki, məni niyə orduya aparmırsan?

– Qızların da hərbi xidmətə getdiklərini söylədiniz. Sizin qız nəvələriniz necə, orduda olublarmı?

– Hamısı. Üç qız nəvəmin üçü də orduda olub, hərbi xidmətini bitirib, təhsil sahəsinə gediblər. Biri ABŞ-da ali təhsil aldı, digəri İsraildə bitirdi. Üçüncü qız nəvəm də hələ ali təhsil alır.

– Qızlar üçün hərbi xidmətin müddəti nə qədərdir?

– 2 il. Qız nəvələrim 2 il əsgərlikdə oldular, gözəl də əsgərlik keçirdilər. Təsəvvür edin, bunlar həftədə bir dəfə evə gəlirlər, özü də silahı ilə birgə. Hamı evə xidməti silahı ilə gəlir. Amma bir dəfə də əldəki silahla kimisə öldürən olmayıb. Özü də müharibədə həlak olanların ailələrinə tamam fərqli hörmət-izzət var, ömürlərinin sonunadək. Burada qanun var: kim korrupsionerdirsə, yeddinci nəslinə qədər düşmən sayılsın. Müəllimlərə, həkimlərə ən çox imkan yaradılması ilə bağlı da qanun qəbul olunub. Ümumilikdə çox maraqlı dövlətdir. Bir dənə xırda dövlət olasan, illər boyu ətrafında bu boyda düşmənlər ola… Özü də səhrada cənnət qurublar e, cənnət! Hər yana baxırsan, ağaclıq, yaşıllıq. Mandarindən tutmuş, dünyada hansı meyvə yetişirsə, hamısı burada var. Özü də səhrada.

– Belə bir alqış eləmək olar da, Allah eləsin günün birində İran da İsrail kimi dövlət olsun!

– (ürəkdən gülür) Olsun, olsun! Bizim 50 milyonluq həmvətənlərimiz də gözəl bir həyat yaşasın! Mən də hər zaman torpaqarımızda yaşıllığın olmasını, ölkəmin cənnətməkan olmasını arzulayıram. Amma qurban olum Azərbaycanıma! Doğrudan da çox gözəl diyardır. Hamılıqla, balacadan tutmuş, böyüyünə qədər, hamımız qədrini bilsək, Azərbaycandan yoxdur! Balacadan-böyüyədək hamımız sahib çıxmalıyıq, millətə də, torpağa da!Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image