Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi karantin fitosanitar nəzarəti zamanı “FOOD LOGISTIC” MMC-nin müvəqqəti saxlanc anbarında yerləşən fitosanitar nəzarət postunda Azərbaycandan idxal olunan çəkisi 13,85 ton olan təzə bibərin müayinəsi zamanı Rusiya Federasiyası üçün karantin obyekti olan – qərb gülü tripsi (Frankliniella occidentalis Pergande) aşkarlanıb.
Veteninfo.az “Rosselxoznadzor”a istinadən xəbər verir ki, karantin obyektinin varlığı “Rosselxoznadzor”un tabeliyində olan “Ümumrusiya Bitki Karantini Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatının (FGBU “VNIIKR”) mütəxəssisləri tərəfindən aparılan laboratoriya müayinəsi ilə təsdiqlənib.
Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq, yoluxmuş bibər partiyası Azərbaycan Respublikasının ərazisində yükgöndərənə qaytarılıb.