Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü ilə 10 dekabr 2021-ci ildən etibarən ölkəmizin ən peşəkar həkim heyətinə sahib olan özəl klinikalarının birində şəhid ailə üzvləri üçün təşkil olunan müayinə aksiyası uğurla başa çatıb.
Qeyd edək ki, millət vəkilinin təmsil etdiyi Nizami rayonundan olan İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları, valideynləri və yaxınları aksiya zamanı kardioloq, nevroloq, terapevt, uroloq, endokrinoloq, tireoidoloq, travmatoloq, cərrah, pediatr və oftalmoloq kimi müxtəlif növ həkim müayinələrindən keçiblər. EKQ, EXO, USM, stress test, rentgen, mammoqrafiya, MRT və angioqrafiya kimi instrumental müayinələrdən, o cümlədən bir sıra laborator analizlərdən sonra aksiya iştirakçılarına müəyyən müalicələr yazılıb. Bir pasientə isə angioqrafiya və AKŞ əməliyyatı icra edilib.
Deputat K.Nurullayeva isə öz növbəsində 4 yanvar 2022-ci il tarixində tamamlanan müayinə aksiyasının təşkil olunmasında göstərdikləri dəstəyə görə özəl klinikanın baş həkimi başda olmaqla bütün peşəkar heyətinə təşəkkürünü bildirib.