Bakı İdman Sarayında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Qələbə” İdman Festivalı keçirilib.
Veteninfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, Sumo Federasiyası, INBA Qlobal Azərbaycan Birliyi, “Qələbə” Ağır Atletika İdman Klubu və “Makkabi” Mədəni-İdman İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən festivala bilet satışından əldə edilən gəlir “Yaşat” Fonduna köçürüləcək.
“Qələbə” İdman Festivalında ağır atletika, aykido, akrobatika gimnastikası, cüdo, karate, kəndirlə mübarizə, natural bodibildinq və fitnes, sumo, mas-reslinq, milli güləş, kəmər güləşi, ənənəvi oxatma, zorxana, dama və nərd idman növlərində iştirakçılar bacarıqlarını göstəriblər. Qalib və mükafatçılar yekunda təltif olunublar.
Festivalı yaxından izləyən Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov açıqlamasında bildirib ki, yarışlar yüksək səviyyədə keçirilib: “Hər şey düşündüyümüzdən daha yaxşı keçdi. 44 günlük vətən müharibəsində müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbəyə nə qədər yarış həsr edilsə belə, yenə azdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində belə festivallar keçirə bilirik. Yarışlara gəlincə, çox gözəl keçdi. Xüsusilə də milli idman növlərində gərgin və maraqlı müabrizə getdi. Çalışırıq ki, növbəti yarışlarımızı işğaldan azad olunmuş torpaqlarımızda təşkil edək”.