İyunun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verdi.
Türkmənistanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun qarşısından keçdi.
Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
***
İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.


























