image-1618651560_1618647558951_zwqfki3dbackend

SON DƏQİQƏ! Təhsil Nazirliyi açıqlama yayıb

image-reklam_sirab_01

“İnklüziv təhsil hamı ilə birgə təhsil almaqdır, lakin bu, şəxsin ümumtəhsil proqramına qoşulması demək deyil. İnklüziv təhsil vasitəsilə hər bir şəxsin öyrənmə imkanları nəzərə alınır. 2004-cü ildən başlayaraq Azərbaycanda inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüslər olub”. APA-nın məlumatına görə, bunu Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün 3-cü “Fərdi Fərqlər” onlayn konqresində çıxış edən Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib. Onun sözlərinə görə, 2005-2009-cu illər ərzində UNESCO-nun maliyyə dəstəyilə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla əlaqədar inkişaf proqramına başlanılıb: “Orada 15 ümumtəhsil, 13 məktəbəqədər təhsil müəssisəsində 268 sağlamlıq imkanları məhdud uşaqlar inklüziv təhsilə cəlb olunub. 2015-ci ildə Təhsil Nazirliyi UNİCEF-lə birgə əməkdaşlıq çərçivəsində inklüziv təhsillə bağlı görülən işlər və bu sahədə beynəlxalq təcrübə təhlil edilib. Nəticədə sağlamlıq imkanları məhdud olan şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçib. Bu mənada xüsusi təhsil sahəsində güclü islahatlar aparırılması, bu cür uşaqların təhsilə cəlb olunma qaydalarının yenilənməsi, onların ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb edilməsi və inklüziv təhsilin sahəsində yeni yanaşmaların tətbiqi nəzərdə tutulub”. Nazir müşaviri deyib ki, sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil müəssisələrinə cəlb olunması ilə bağlı Azərbaycanda ibtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması işləri də aparılıb: “İbtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması üçün fəaliyyət planı və yol xəritəsi hazırlanıb. Bakı şəhəri üzrə Təhsil İdarəsi 2015-2016 və 2016-2017-ci tədris ilində 4 məktəb (220, 138, 252, 202) pilot məktəb kimi seçilib. Onların ibtidai sinif müəllimləri və məktəb heyəti Almaniyada Heldenberq universitetinin professor heyəti tərəfindən təlimlərə cəlb olunub. Sağlamlıq imkanları məhdud uşaqların fərdi tədris proqramlarının hazırlanması üçün beynəlxalq səviyyədə tədbiq olunan yeni qiymətləndirmə alətləri alınıb və tətbiqinə başlanılıb. Pilot seçilmiş məktəblərdə loqopedik xidmət də fəaliyyətə başlayıb, bununla yanaşı məktəblərin infrastrukturunda da müvafiq dəyişikliklərin aparılması üçün təmir işləri aparılıb. Xüsusi təhsil müəllim hazırlanması ilə bağlı islahatlara başlanılıb, bununla bağlı kurrikumların yenilənməsi, xüsusi təhsil üzrə ədəbiyyatın tərcümə edilib elektron formatda müəllimlərin və şagidlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması ilə inklüziv təhsil proqramının qəbul edilməsi Azərbaycan 2020-Gələcəyə İnkişaf Konsepsiyasında və Azərbaycan Respublikasının Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da tədbirlər planında öz əksini tapıb”. R.Ağayev qeyd edib ki, 2017-ci ilin dekabrında 2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud olan şəxslər üçün inklüzivin təhsilin inkişafı üzrə dövlət proqramı Prezident tərəfindən təsdiq edilib: “Proqramın məqsədi bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud olan şəxslərin təhsilə cəlb olunması və maneəsiz mühitin yaradılmasını təminlə bağlıdır. Təhsil Nazirliyinin 2021-ci ildəki fəaliyyət planında 2021-2022-ci ildə inklüziv təhsilin genişlənməsi üzrə tədbirlər planı nəzərdə tutulub. Plana əsasən, bölgələrdə 7 ümumtəhsil məktəbində 8 inklüziv sinif fəaliyyətə başlayacaq. Hazırda inklüziv təhsilin təşkil olunması ilə bağlı məktəblərin seçimi aparılır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki