Xırdalan şəhəri Tofiq Bayramov küçəsi və ona paralel məhəllələrdəki evlərə dolan yağış suyu həm əşyaları yararsız hala salıb, həm də insanlar üçün həyati təhlükə yaradıb.
Həmin ərazilərdən sakinlər danışıb.
“Yazıqlar işıqlarını söndürüb, çıxıb ikinci mərtəbədə oturublar ki, tok vurmasın. Bura dəyən ziyanı kim ödəyəcək?. “Evimiz onsuz da əldən getdi, altına su dolan evlər çöksə, kim cavab verəcək?”, — deyə sakinlərdən biri qeyd edib.
Onlar qeyd edib ki, sözügedən ünvanda kanalizasiya borusu var, lakin ya dolduğundan, ya da suyu ötürməyə gücü çatmadığından küçə və evləri su basıb.
Evlər və avtomobillərlə yanaşı obyekt sahibləri də ziyan çəkiblər.
Hüquqşünaslar isə bildirirlər ki, əgər vətəndaşın daşınan və ya daşınmaz əmlakı icbari və ya könüllü sığorta olunubsa, zərər sığorta şirkəti tərəfindən qarşılanmalıdır. Əgər hadisə təbii fəlakət kimi qiymətləndirilərsə, bu zaman ödəniş edilməsi dövlət fondu hesabına həyata keçirilə bilər: “Bu zaman şəxs bələdiyyə və ya icra hakimiyyəti orqanına müraciət edə bilər. Əgər onlar bu zərərin əvəzini ödəməkdən imtina edərlərsə, məhkəməyə müraciət edə bilərlər. Həmin vaxt sübuta yetirilməlidir ki, hadisənin qarşısını hansısa dövlət qurumu ala bilərdi və etməyib. Bu vaxt dövlət məsuliyyət daşıya bilər və zərər ödənilər”.
Daha ətraflı İTV-nin süjetində:
“Hesab edirəm ki, yaranmış vəziyyətlə bağlı aidiyyatı dövlət qurumları cavab verməlidir. Amma heç kim məsuliyyəti üzərinə götürmək istəmir”.
Bunu isə “”qaynarinfo”-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı aramsız yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə dəyən ziyanın kim tərəfindən qarşılanacağından danışarkən deyib.
Ekspert bildirib ki, baş verən hadisədən sonra Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib və orada icra hakimiyyətlərinə tapşırıqlar verilib: “İcra hakimiyyətləri nə edəcək? Əllərində avadanlıq, vəsait yoxdur, problemi hansı formada həll edəcəklər? Bu günə qədər hələ görmədik ki, bir məmur və ya dövlət qurumu çıxıb desin: “Bizdən əvvəlki rəhbərliyin yaratdığı şəraitə görə üzr istəyirik və problemi aradan qaldırmağa çalışırıq. Bu problemi 2-3 aya həll etmək mümkün deyil. Amma çalışacağıq ki, iki il ərzində problem həllini tapsın”. Belə bir etiraf olmadığı təqdirdə problem qalmaqda davam edir”.

“Baş vermiş hadisəni necə qiymətləndirirsiniz” sualına Ramil Osmanlının cavabı belə olub: “Həm kütləvi informasiya vasitələri, həm də sahə üzrə bəzi mütəxəssislər vəziyyəti fövqəladə hadisə kimi qiymətləndirdi. Amma bu fövqəladə hadisə deyil, təbiət hadisəsidir. Azərbaycanın yerləşdiyi coğrafiyada müəyyən olunmuş illik yağıntı normaları var. Bu dəfə yağan yağışlar normadan artıqdır. Təəssüf ki, son 25-30 il ərzində mövcud xaotik şəhərsalma nəticəsində təsərrüfat vəziyyəti bərbad olub, infrastruktur qeyri-qənaətbəxşdir. İnfrastruktur tələbləri standartlara cavab vermir və bəzi ərazilərdə qurulmayıb. Nəticədə yağış suları evlərin yerləşdiyi ərazilərdə toplanır. Suötürücü xətlər olmadığından sular axmağa yer tapa bilmir. Harada çökəklik varsa, yağış suları orada toplanacaq. Bu, tamamilə təbii və başa düşüləndir” .Ekspert fərdi yaşayış evlərinin arasında məsafə olmadığını və bir-birinə bitişik tikildiyini də xatırladıb: “Evlərin arasında 1-2 metr məsafə yoxdur. Bu səbəbdən çökəklik ərazilərdə gölməçələr yarandı, gediş-gəliş məhdudlaşdı, yollar su ilə doldu. Qurulan ötürücü tunellər mövcud tikinti standartlarına cavab vermir. Bu ərazilərdə subasma halları daim olacaq”.
Ramil Osmanlı hesab edir ki, vəziyyətlə bağlı düzgün qiymətləndirmə aparılmalıdır.


























