Ekspert ajiotaj yaradan tələbdən danışdı: “Sürücü cəmiyyətdə tanınan şəxsin sevgilisi ilə restorandan çıxıb hotelə getdiyi görüntüləri sosial şəbəkələrdə yaysa….”
Nazirlər Kabinetinin bir neçə gün əvvəl təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, Azərbaycanda dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.
Taksi minik avtomobilləri ən azı “avro-5″ ekoloji standartına uyğun olmalıdır. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.
Taksilər “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır. Bundan başqa, taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünən yerdə lövhədə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olması təmin edilməlidir. Hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.
Qeyd edək ki, son illərdə taksilərlə bağlı ciddi problemlər yaranıb. Bir çox sərnişinlər taksilərin fəaliyyətindən narazılıq ifadə edib. Həmçinin insanlarda taksilərə qarşı güvənsizlik yaranıb. Taksi sürücülərinin qeyri-etik davranışları, onların arasında narkotik istifadə edənlərin olması kimi zaman-zaman sosial şəbəkələrdə səsləndirilən iddialar taksi fəaliyyətinə qarşı birmənalı olmayan fikirlər formalaşdırıb. İcazələrin verilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.
Elektron portaldan istifadə zamanı çətinliklərin yaşanmaması üçün AYNA tərəfindən taksi parklarına təlimlər keçilib və xidmətdən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb.
Taksilərlə bağlı qoyulan yeni tələblərə əsasən, nəqliyyat vasitələri bütün salonu əhatə edən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusuna malik videokameralarla təchiz edilməlidir. Bu qərar isə vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
“Baku TV” mövzu ilə bağlı sakinlərin rəyini öyrənməyə çalışıb. “Razı deyiləm, mən və yaxınlarımın taksidə videosunun olmasını istəməzdim. Çünki taksi sürücüsünün həmin videonu paylaşmamasına heç kim zəmanət vermir”, – deyə paytaxt sakini deyib.
Göründüyü kimi, paytaxt sakinləri taksilərin salonlarında kamera quraşdırılmasına etiraz edirlər.
Fərdi taksi fəaliyyəti ilə məşğul olan sürücülər isə nəqliyyat vasitəsinə olan 15 il məhdudiyyətini sərt sayır. Nə etməli? Yeni qaydalara korrektələr olunmalıdır, yoxsa yola bu şəkildə davam etməli?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, bir çox ölkələrdə taksilərin salonunda kamera quraşdırılması tələbi var: “Qonşu Türkiyədə də bu praktika var. Bir qədər əvvəl Türkiyədə sərnişin taksi sürücüsünə odlu silahdan atəş açmışdı. Taksinin salonunda quraşdırılmış kamera ilə cinayətkarın kimliyi qısa müddət ərzində müəyyən olundu və cinayəti törədən həbs edildi”.
Ekspert deyir ki, taksi salonunda kamera quraşdırılması yaxşı haldır, lakin görüntülərin digər şəxslərin əlinə keçməsi ehtimalı da diqqətdən qaçırılmamalıdır: “Demək olmaz ki, taksi sürücülərinin tam əksəriyyəti məsuliyyətlidir, işinə vicdanla yanaşandır. Hər bir sahədə olduğu kimi, taksi sürücüləri sırasında da məsuliyyətsiz insanlar var. Məsələn, axşamların birində məşhur bir sənətçi, cəmiyyətdə tanınan şəxs sevgilisi ilə restorandan çıxıb bunun idarə etdiyi maşına mindi və hər hansı bir hotelə getdi. Məsuliyyətsiz adam salondan görüntüləri çıxarıb sosial şəbəkələrdə, platformalarda yaya bilər. Yaza bilər ki, axşam filankəsi içkili vəziyyətdə sevgilisi ilə filan restorandan filan hotelə getdiyini gördüm. Bu halda cavabdeh kim olacaq?”
Ekspert deyib ki, Rəqəmsal İnkişaf və Texnologiyalar Nazirliyi böyük texniki imkanlara malikdir: “Əgər taksi salonlarında kamera quraşdırılması tələbi varsa, bu halda yaddaş kartları xüsusi parolla olmalıdır ki, sürücü istədiyi vaxt görüntünü aparıb kompüterə köçürə bilməsin. Görüntü lazım olarsa, sərnişinin, sürücünün şikayəti əsasında yalnız AYNA əməkdaşları və ya hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən götürülsün, təhlil edilsin, baxılsın”.
Ekspert deyib ki, nəqliyyat vasitələri üçün 15 il tələbi normaldır: “Çünki taksidə köhnə avtomobillər xidmətin keyfiyyətini aşağı salır. Ona görə də qərar verilib ki, taksi sahəsində keyfiyyətli xidmət təmin olunsun. Kimlərəsə güzəşt olunsa, bu qərarın heç bir effektiv nəticəsi olmayacaq. İyulun 1-nə qədər kimlər ki, müraciət edib taksi fəaliyyəti üçün icazə alacaqsa, onun ağ, qırmızı, boz, qara və digər rənglərdə olan avtomobilinə taksi fəaliyyəti üçün icazə veriləcək. İyulun 1-dən sonra isə ölkəyə gətirilən və taksi fəaliyyəti üçün nəzərdə tutulan avtomobillərə 8 il tələbi qoyulur. Rəng məsələsi də həmin avtomobillərə aiddir. Qaydalar – rəng məsələsi – taksidə istifadə olunan avtomobilin qırmızı və ya ağ olması, avtomobilin maksimum 8 il əvvəl istehsal olunması tələbi iyulun 1-dən sonra işə düşür. Bu tarixdən əvvəl ölkəyə gətirilən, istənilən rəngdə olan maşın taksi fəaliyyətinə yararlı nəqliyyat vasitəsi kimi qeydiyyata alınacaq. Texniki şərt, buraxılış kartı veriləcək. Bu cür qaydalar müəyyən olunub. Sadəcə, bəzi insanlar qaydaları düzgün başa düşməyib. Və ya ajiotaj yaranmasında maraqlıdırlar. Buna görə də səbirlə, təmkinlə bu qaydaların bərqərar olmasına çalışmaq lazımdır. Taksi xidməti keyfiyyətli olmalıdır”.
Ekspert bildirib ki, dövlət taksi sahəsində neqativ halların aradan qaldırılması üçün müvafiq addımlar atır və bu, ümumilikdə xidmət səviyyəsinin yüksəlməsinə, təsadüfi şəxslərin taksi fəaliyyətindən uzaqlaşdırılmasına gətirib çıxaracaq.
“Yeni Müsavat”