Türkiyənin Sarıgerme qəsəbəsində çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsində yarışın ilk günündə qolundan ciddi zədə aldığı üçün əməliyyat olunan Azərbaycan təmsilçisi, dünya çempionu Oyan Nəzəriani xəstəxanadan evə buraxılıb.
Veteninfo.az xəbər verir ki, bu barədə dünya çempionu özü paylaşım edib.
O, paylaşımında qeyd edib:
“Sevdalısı olduğum ölkəmdə məşqçilik karyerama başlayanda özümə söz vermişdim ki, vicdanla və əlimdən gələnin ən yaxşısını etməklə xidmət edəcəm. 3 saatlıq əməliyyat masasından qalxmağımın ertəsi günü məşqlərə qoşulmağım və şəkildəki bu igidlərin yanında yer almağım məhz bu sevdadandır. Çimərlik güləşində fəaliyyətə başlayanda sözün əsl mənasında sıfırdan başladıq, məşqlərə 2-3 idmançı ilə qatılırdıq. İndi isə şükür Allaha hər 3 yaş qrupunda güclü komandalarımız var. Hətta ölkə tarixində ilk respublika yarışı keçirəcək qədər idmançı da cəlb edə bildik. Bu il 220-dən artıq idmançını cəlb edərək Çimərlik güləşi üzrə ilk ölkə çempionatını keçirdik. Əminəm ki, çox yaxın gələcəkdə güləşin bu növü Yay olimpiyadasında da yer alacaq (artıq 2026 yeniyetmələrin olimpiyadasında yer alıb). Qarşıda önəmli sınaqlarımız var. Bundan sonra da yolumuza canla-başla davam edəcəyik. Ulu Tanrı işimizdə ləyaqətlə xidmət etməyi nəsib etsin və tapşırılan bu məsuliyyətin qarşısında bizi utandırmasın. Yaşasın Azərbaycan”.
Qeyd edək ki, Türkiyənin Sarıgerme qəsəbəsində çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsinə mayın 29-da yekun vurulub. Oyan Nəzəriani (+90 kq) yarışın ilk günündə qolundan ciddi zədə aldığı üçün medalın bir addımlığında dayanıb və bürünc medal görüşündə iştirak etməyib.
Xatırladaq ki, O.Nəzəriani çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisidir və bu növdə idmançı kimi 2019-cu ildə dünya çempionu olub.