Cənubi Koreyada yayımlanan hesabatda Şimali Koreya ilə İran arasında çirkli pulların yuyulması ilə bağlı gizli maliyyə əlaqələrinin mövcud olduğu iddia edilib. Məlumata görə, bu əməliyyatlar əsasən kriptovalyutalar vasitəsilə həyata keçirilir. Vətəninfo.az xəbər verir ki, bu barədə “Çosun” qəzeti yazıb.
Hesabatda bildirilir ki, sözügedən maliyyə sxemlərində əsas fiqurlardan biri Federal Təhqiqat Bürosu (FBI) tərəfindən axtarışda olan Şimali Koreya vətəndaşı Sim Hyon-Sopdur.
TRM Labs şirkətinin məlumatına əsasən, 25 fevraldan etibarən Sim Hyon-Sopun nəzarətində olan kriptovalyuta cüzdanlarından İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli hesablara vəsait köçürülüb. Bildirilir ki, bu maliyyə mexanizmi Tehrana beynəlxalq sanksiyaları aşmaq, vəsaitləri dollara çevirmək və hətta həmin pullardan neft ticarətində istifadə etmək imkanı yaradıb.
Məlumatda qeyd olunur ki, aşkar edilən bu gizli əlaqələr regional və beynəlxalq təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.


























