Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) olaraq hesab edirik ki, Azərbaycanın bəzi qərar və tətbiqləri ətrafında aparılan müzakirələrdə sağlam düşüncəyə, qarşılıqlı hörmətə və məsuliyyətli bir üsluba üstünlük verilməlidir.
Vətəninfo.az xəbər verir ki,bu fikirlər Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının son hadisələrlə bağlı yaydığı bəyanatda vurğulanır.
Bəyanatda deyilir ki,demokratik cəmiyyətlərdə tənqid əsas hüquq və azadlıqların ayrılmaz hissəsidir. Hər bir müstəqil dövlətin qərar və addımları tənqid oluna bilər, fərqli fikirlər dilə gətirilə bilər. Lakin tənqid hüququnun təhqirə, alçaldıcı ifadələrə və ya hər hansı dövlətə və xalqa qarşı düşmənçiliyə çevrilməsi qəbuledilməzdir: “Tənqid başqa, düşmənçilik başqadır! Bu sərhədin qorunması həm ictimai məsuliyyətin, həm də Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlığa olan hörmətin tələbidir.Türkiyə və Azərbaycan arasındakı münasibətlər ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı həmrəylik və güclü könül bağları üzərində qurulmuşdur. “İki Dövlət, Bir Millət” anlayışı sadəcə bir şüar deyil, eyni zamanda qarşılıqlı etimadı, hörməti və ortaq gələcəyə dair məsuliyyəti ifadə edən tarixi bir mirasdır. Əlbəttə ki, iki ölkənin hər məsələdə eyni fikirdə olması gözlənilə bilməz. Fərqli düşüncələr səsləndirilə bilər, qərar və addımlar tənqid oluna bilər. Lakin heç bir fikir ayrılığı hər iki xalqı bir-birinə qarşı qoyan və qardaşlıq bağlarını zədələyən bir ritorikanın bəhanəsinə çevrilməməlidir.
Xüsusilə ictimai rəyə təsir edən şəxs və qurumların açıqlamalarında daha diqqətli, məsuliyyətli və konstruktiv dildən istifadə etməsi böyük əhəmiyyət daşıyır”.
Bəyanatda o da vurğulanır ki,Türkiyənin keçmişində baş verən baş örtüyü qadağası kimi tətbiqlər demokratik hüquqlar və insan hüquqları çərçivəsində tənqid oluna bilər. Lakin bu hadisələrdən çıxış edərək Türkiyəni və ya türk xalqının hamısını hədəf alan ümumiləşdirmələr etmək nə qədər yanlışdırsa, Azərbaycanı da tək bir qərar və ya addım üzərindən bütövlüklə dəyərləndirmək bir o qədər səhvdir: “Ölkələrin tarixi, siyasi və sosial reallıqları tək bir məsələyə sığışdırıla bilməz. Buna görə də Türkiyə və Azərbaycan haqqında aparılan müzakirələrdə ardıcıl, ədalətli və ikistandartlılıqdan uzaq bir yanaşma mənimsənilməlidir. Azərbaycanı “İslam düşməni” kimi qələmə verən ümumiləşdirici yanaşmalar da bu baxımdan sağlam düşüncənin məhsulu deyil. Bir ölkənin bütün kimliyini, tarixini və cəmiyyətini tək bir qərarla səciyyələndirmək həqiqəti hərtərəfli dəyərləndirməkdən uzaqdır və cəmiyyətlər arasında lazımsız gərginliklərə səbəb ola bilər. Hesab edirik ki, fərqli fikirlər ittihamedici ifadələrlə deyil, bilik, dialoq və qarşılıqlı anlaşma zəminində ifadə edilməlidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər gündəlik siyasi mübahisələrin və dövri fikir ayrılıqlarının çox-çox ömründə tarixi və strateji dəyərə malikdir. Bu əlaqələrin qorunması yalnız dövlət qurumlarının deyil, qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin, ictimai rəyə təsir edən şəxslərin və hər iki ölkə vətəndaşının ortaq məsuliyyətidir. Azərbaycanın müstəqilliyinə, suverenliyinə və milli maraqlarına hörmət etmək nə qədər vacibdirsə, Türkiyənin nüfuzunu, suverenliyini və milli maraqlarını qorumaq da bir o qədər vacibdir. Qardaşlıq qarşılıqlı həssaslıqların nəzərə alınması və ortaq dəyərlərin qorunması ilə güclənir. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası olaraq çağırışımız açıqdır: Tənqid hüququ qorunmalıdır, lakin bu hüquq düşmənçilik yaratmaq vasitəsinə çevrilməməlidir. Heç bir mübahisə Türkiyə və Azərbaycan xalqlarını bir-indən uzaqlaşdıracaq bir nöqtəyə gətirib çıxarmamalıdır.
Ortaq tariximiz, mədəni dəyərlərimiz və gələcək nəsillərə ötürəcəyimiz qardaşlıq mirası gündəlik mübahisələrə qurban verilməməlidir. Bu gün ehtiyac duyduğumuz şey qəzəb deyil, sağlam düşüncədir; təhqir deyil, qarşılıqlı hörmətdir; parçalanma deyil, həmrəylikdir. Unutmaq olmaz ki, qardaşlıq hər məsələdə eyni fikirdə olmaq deyil, fərqlilikləri qarşılıqlı hörmət çərçivəsində idarə edə bilmək və ortaq dəyərləri qorumaq deməkdir. Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlıq gündəlik müzakirələrin fövqündə qorunmalı olan ortaq bir dəyərdir.
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və həmrəyliyi!”.


























