image-reklam-veteninfo
image-2backend

Türk Dövlətləri Təşkilatının gücləndirilməsi işinə öz töhfəsini verəcək görüş

image-reklam-veteninfo

Azərbaycanın xarici siyasət uğurları bir-birini əvəzləməkdədir. Ölkəmizin hazırkı dövrün çağırışlarından olan türk dünyasının birliyinə, həmrəyliyinə verdiyi töhfələri nəzərə alsaq Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də bu ölkəyə işgüzar səfərinin əhəmiyyəti daha aydın olur. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının hər il qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsə uyğun olaraq ötən ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşu keçirildi.

Zirvə görüşünün yekununda isə Prezident İlham Əliyev belə bir əminliyi ifadə etmişdir ki, bu gün türk dünyasının birliyini bir daha təsdiqlədik. Birgə həyata keçirdiyimiz layihələrin icrasına yeni təkan verdik. Tarixən dünya sivilizasiyasına böyük töhfələr vermiş türk sivilizasiyasının tədqiq və təşviq edilməsi, Türk Dövlətləri Təşkilatının digər beynəlxalq təsisatlarla əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini bir daha qeyd etdik: «Əminəm ki, bugünkü müzakirələr, qəbul etdiyimiz qərarlar Türk Dövlətləri Təşkilatının gücləndirilməsi işinə öz töhfəsini verəcəkdir.»

Ümumilikdə türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Dövlət başçısı İlham Əliyev türk dünyasını böyük bir ailə kimi dəyərləndirir. Belə bir çağırışı səsləndirir ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Reallıq budur ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi regionda, dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə, , həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana davamlı səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hər bir sənəd münasibətlərin inkişafında hüquqi bazadır.

Təkcə son bir ildə keçirilən tədbirlər türk dünyasının birliyinə verilən önəmin aydın ifadəsini yaradır. Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü mayın 20-21 tarixlərində Budapeştdə keçirildi. Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri bu Zirvə görüşündə iştirak etmək məqsədi daşıyır.

Macarıstanın Baş naziri Viktor Orbanın ev sahibliyi ilə təşkil olunan Zirvə görüşündə TDT-yə üzv dövlətlərin başçıları ilə yanaşı, müşahidəçi ölkələrin nümayəndələri və təşkilatın Baş katibi iştirak ediblər. Zirvə görüşü TDT tarixində ilk dəfə bir müşahidəçi ölkənin ev sahibliyi ilə keçirilir və bu, Macarıstanın türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək istiqamətində artan rolunu təsdiqləyir. «Şərq və Qərbin Görüş Nöqtəsi» mövzusunda keçirilən qeyri-rəsmi Zirvə görüşündə prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ortaq məsələləri müzakirə etmək kimi mühüm məsələlərin müzakirəsi olub. Zirvə görüşünün sonunda TDT-nin ortaq baxışını və strateji istiqamətini təsdiqləyən Budapeşt Bəyannaməsi, eləcə də müxtəlif mühüm qərar və təşəbbüslər qəbul edilib.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib ki, Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Bu gün Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, səfər Azərbaycan Prezidentinin Macarıstana 6-cı səfəridir. Baş nazir Viktor Orban isə Azərbaycana 7 dəfə səfər edib.  “Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır”, – deyən dövlətimizin başçısı əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edib.

Toplantıda bildirilib ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.

Ölkəmizin Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.

2024-cü ildә Türkiyә vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn daşımalarının hәcmi 11 milyon ton təşkil edib. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılıb, müştərək müəssisələr qurulub. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb.

Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər.

Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi, Qazaxıstan tərəfindən tikilən Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksini və sair qeyd etmək olar. Eyni zamanda, 2023-cü ilin fevralında qardaş Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dəstəyi xüsusi vurğulanmalıdır. Tam əminliklə söyləmək olar ki, ortaq soykök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir.

Dövlətimizin başçısı İlham Əliyev ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayaraq, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd etdi. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasının keçirilməsini vacib bir addım kimi qiymətləndirdi. Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün Şuşa şəhərində keçirildiyini xatırladan və bunun artıq ənənəyə çevrildiyini deyən dövlətimizin başçısı ikinci bu cür tədbirin müşahidəçi dövlət olaraq Macarıstanda keçirilməsini məmnunluqla vurğuladı. Söhbət zamanı Azərbaycanla Macarıstan arasında sıx siyasi dialoqun mövcud olduğu, mütəmadi şəkildə məsləhətləşmələrin aparıldığı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəklədiyi qeyd edildi. Azərbaycanın və Macarıstanın beynəlxalq səviyyədə öz ölkələrinin milli maraqları əsasında müstəqil siyasət aparan dövlətlər olduqları vurğulandı. Cəbrayılın Soltanlı kəndinin, həmçinin məktəb tikintisi layihəsinə görə Macarıstana təşəkkür bildirildi. Humanitar sahədə uğurlu əməkdaşlığa toxunuldu, azərbaycanlı tələbələrin Macarıstanda təhsil almaları və onlara təhsil təqaüdlərinin ayrıldığı qeyd edildi. Söhbət zamanı enerji, investisiyalar, əczaçılıq, qida sənayesi və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.

Metin Hüseynov  –  siyasi sərhçi, politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki