image-reklam-veteninfo
image-1backend

44 günə sığan əbədi Qələbə – Tənzilə Rüstəmxanlı yazır

image-reklam-veteninfo

Tarix həmişə dəyişir və yeni-yeni səhifələri yazılır. Lakin tarixin parlaq səhifələri heç zaman unudulmur. Əslində tarix bəşəriyyətin, xalqların həyatının ən möhtəşəm, ən yaddaqalan və ictimai inkişafın gedişinə dərindən təsir göstərən hadisələrinin xronikasıdır.

Tənzilə

Vətən müharibəsindəki Zəfər də məhz belə hadisələrdəndir. Sərkərdəlik məharəti, siyasi iradə, iqtisadi güc, beynəlxalq aləmdə yüksək imic, xalq-iqtidar birliyi kimi amillər bizi 30 ilə yaxın müddətdə işğalda qalmış torpaqlarımıza qaytardı. Tarixən alınmaz qala kimi vüqarını saxlamış Şuşamızı, eləcə də digər topaqlarımızı 44 günlük müharibədə torpağa tökülən vətən oğullarının qanı bahasına aldıq.

Zəfər Bayramı xalqımızın qürur mənbəyinə çevrilib. Azərbaycanı hər kəs qalib ölkə, müzəffər xalq kimi tanıdı. Şanlı Zəfərlə, Ermənistanın acınacaqlı məğlubiyyətilə tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulması planları darmadağın edildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Qazandığımız nailiyyətlərin müəllifi olan Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, diplomatik uğurları idi insanlarda bu əminliyi yaradan. Dövlət başçısının ölkəmizin, eləcə də dünyanın ən yüksək kürsülərindən Azərbaycanın haqlı mövqeyini ifadə edən çıxışları, ölkəmizlə bağlı olan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, eləcə də dünyanın nüfuzlu KİV-inə verdiyi müsahibələri erməninin xislətini, mənfur siyasətini, işğalçılıq siyasətini bir daha ortaya qoydu. 44 gün ərzində işğal altında olan torpaqları azad etmək, erməni mifini darmadağın etmək güclü Azərbaycan haqqında təsəvvürləri daha da genişləndirdi.

Bu uğurların qazanılmasında güclü Lider və onun yaratdığı güclü Ordu rolu xüsusi qeyd olunmalıdır. Müasir silahlarla təchiz olunmuş, yüksək döyüş ruhlu əsgər və zabitlərimizin vətənpərvərlik hissləri qələbəmizi şərtləndirən amillər sırasındadır.

Əlbəttə ki, məqsədə doğru inamlı addımlar Azərbaycanın tarixinə Qalib ölkə adını həkk etdi və bu tarixdə görünməyən bir qələbə idi. Bu gün Vətən müharibəsini zəfərlə başa vuran ölkəmiz bölgədə yeni reallıqlar yaradıb. Ən böyük reallıq isə əlbəttə ki, torpaqlarımızın azad edilməsi, vətəndaşlarımızın yurd-yuvalarına dönməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulmasıdır.

Son 30 ildə biz torpaqlarımızın işğal günlərini böyük nisgil içində anırdıqsa, bu gün xalqımız şəhər və kəndlərimizin işğaldan azad olunması günlərini böyük sevinclə qeyd edir. Son üç ildə işğaldan azad olunmuş ərazilər yenidən qurulub bərpa olunur.

Böyük qayıdışa dair Dövlət proqramı sürətlə icra olunur və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Şəhər və kəndlərin baş planları təsdiq olunaraq tikinti işləri yüksək keyfiyyətlə aparılır. İşğaldan azad olunmuş ərazilərdə yenidən salınan şəhərlərimizin günləri bayram təntənəsi ilə qeyd olunur.

Xalqımız və ordumuz Ali Baş Komandanın rəhbərliyi altında ərazilərimizi azad etməklə düşmənlərin çirkin planlarına birdəfəlik son qoydu. Bu gün qalib Azərbaycan var və regionda icra olunan bütün layihələr ölkəmizin iştirakı ilə həyata keçirlir.

Zəfərin qazanılmasında öz sinəsini düşmən gülləsinə sipər edərək canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Azərbaycan öz qəhrəman övladları ilə fəxr edir, qürur duyur və onları heç vaxt unutmayacaqdır. bütün Azərbaycan xalqını zəfər günü münasibəti ilə ürəkdən təbrik edirəm. Dövlətimiz var, bayrağımız uca olsun!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki