image-image_750x_63e20437053a5backend

Türkiyədə niyə və necə yer yerindən oynadı? – Kemal Yavuncu anladır

image-reklam_sirab_01

Türkiyəli geoloq: “Bu qədər dağıntının və insan itkisinin yaşanması onunla bağlıdır ki…”

Fevralın 6-da Türkiyədə baş verən iki güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir. Prezident Rəcəb Tayyip Ərdoğan ölkədə 7 günlük matəm elan edib. Təbii fəlakətlə bağlı açıqlama verən dövlət başçısı bildirib ki, axtarış-xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayının nə qədər artacağını proqnozlaşdırmaq olmur.

Azərbaycan da daxil olmaqla, bir sıra ölkələr axtarış-xilasetmə işlərinə kömək üçün canlı qüvvə və texnika göndərməyə davam edir.

Azərbaycanın Türkiyədəki səfirliyində Türkiyədə baş vermiş zəlzələ ilə bağlı “qaynar xətt” yaradılıb. Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin xüsusi heyəti Türkiyəyə göndərilib. Azərbaycandan Türkiyəyə ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələr göndərilib.

Türkiyəli geoloq, Dr. Kemal Yavuncu AYNA-ya müsahibəsində baş verənlərə dair fikirlərini bölüşüb.

– Türkiyədə yaşanan dəhşətli fəlakət bu sualı yenə gündəmə gətirib: zəlzələ necə baş verir, bunun ilkin əlamətləri müşahidə olunurmu?

– Zəlzələ yer qabığı və ya yerin ən yuxarı qatında qırılma xətləri adlanan qırıqların müxtəlif hərəkətləri ilə baş verir. Qırılma xətləri daşlı kürədəki süxurların gərginlik və sıxılma kimi yüksək təzyiq şəraitində qırılması nəticəsində əmələ gəlir. Zəlzələlər bu qırıqlarda əmələ gələn təzyiq balansının qəfil dəyişməsi ilə baş verən seysmik dalğalardır. Daha sadə dildə izah etsək, zəlzələlər yeraltı qırılma xətləri arasında enerjinin ani olaraq ortaya çıxmasıdır. Tektonik plitələr arasındakı qırılma xətlərindəki bu hərəkət zəlzələ dalğaları yaradır ki, bu da öz növbəsində əsas dağıdıcı gücə malik olan enerji növüdür. Bu zəlzələ dalğaları havada yayılan səs dalğaları kimi yerin ətrafında hərəkət edir və səthə çıxan bu dalğalar zəlzələni doğurur.

– Zəlzələni və onun təsir gücünü müxtəlif üsullarla təyin edirlər. Sizcə, burada ən doğru yanaşma nədən ibarətdir?

– Zəlzələnin gücü iki fərqli üsulla ölçülür. Bunlardan biri zəlzələnin intensivliyi, digəri isə maqnitudasıdır. Bu iki anlayış tez-tez qarışdırılır və sui-istifadə olunur. Zəlzələnin intensivliyini zəlzələnin yer üzünə təsiri kimi təyin etmək olar. Qısaca desək, zəlzələnin insanlara, tikililərə və təbii formasiyalara vurduğu zərərin ölçülməsinə verilən addır. Zəlzələnin gücü zəlzələ zamanı ayrılan enerjinin ölçülməsidir. Zəlzələnin episentrinin təyini ilə yer altına yerləşdirilən seysmometrdən götürülən ölçülər riyazi düsturlarla hesablanır və Rixter şkalası ilə zəlzələnin gücü aşkarlanır.

– Qayıdaq Türkiyədə baş verən zəlzələyə. Minlərlə insan həlak oldu, xəsarət aldı, dağıntılar altında qaldı. Müxtəlif mülahizələr sürülür. Dorğudanmı, bu zəlzələnin qarşısını almaq, yaxud onun zərərlərindən yayınmaq mümkün idi?

– Son zəlzələnin Ərəbistan yaylasının şimala doğru hərəkət edərək Anadolu yaylasına təzyiq göstərməsi nəticəsində baş verdiyi qənaətindəyəm. Bu yaylalar arasındakı sıxışma və təzyiq keçmişdə də ciddi təkanlara səbəb olub. Tarixə ekskurs etsək, görərik ki, 1822-ci ilin avuqstunda eyni qırılma xəttində, eyni bölgədə 7,4 bal gücündə zəlzələ baş verib. Təkcə Hələbdə 7 min nəfər, ümumilikdə isə 20 minə yaxın insan həlak olub. Bu xətt sürüşmə xəttidir. Bu tip qırılma xətlərində sərt qaya blokları şaquli xətt üzrə bir-birinə sıxılır və nəticədə təzyiqə tab gətirə bilməyən blok üfüqi istiqamətdə hərəkət edir. Bu, elə bir gərginlik yaradır ki, zəlzələ baş verir. ABŞ-ın Kaliforniya əyalətindəki San-Andreas qırılma xətti dünyada ən məşhur sürüşmə xətlərindən biridir. Uzun müddətdir ki, sakitdir, yaxın gələcəkdə o ərazidə də fəlakətli zəlzələnin olacağı ehtimal edilir. Kahramanmaraş zəlzələsində bu qopma çox dərin olmayan bir yerdə meydana gəldi. Seysmologiyada qəbul edilmiş protokol var ki, zəlzələ səthə nə qədər yaxın olarsa, təsir bir o qədər çox olar. Çox sayda insan tələfatı isə binaların bir o qədər dayanıqlı olmaması ilə bağlıdır.

– Türkiyədə hazırda vəziyyət nə yerədir? Xilasetmə işləri necə aparılır?

– Zəlzələ kifayət qədər ciddi olub. Həm Türkiyədə, həm də Suriyada həyatını itirənlərin sayı minlərlədir. Onların sayı hər gün artır. Çox ciddi təşviş və hüzn yaşanır. Türkiyə hökuməti zəlzələnin doğurduğu fəsadların aradan qaldırılması üzərində çalışır. Müxtəlif ölkələrdən və humanitar təşkilatlardan da dəstək gəlir. Azərbaycanlı qardaşlarımız da bu çətin gündə bizi yalnız buraxmadılar. Qardaş ölkədən Türkiyəyə yardım qrupları və vəsaitləri göndərilib. Hesab edirəm ki, biz bu sınaqdan da üzüağ çıxacağıq. Eyni zamanda gələcəkdə binaların inşası, yerləşməsi və bu kimi məsələlərə xüsusi önəm veriləcək. Məhz bəzi binaların keyfiyyətsiz, köhnə və standartlara cavab verməməsinin nəticəsidir ki, minlərlə bina dağıldı, insanlar evsiz-eşiksiz qaldılar. Fürsətdən istifadə edib, bu zəlzələdə dünyasını dəyişən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm! Başın sağ olsun, Türkiyə!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image