Vətəninfo.az saytında yayımlanan “ŞOK İDDİA: ŞOK ARAŞDIRMA: Natavan Əmirova və plastik cərrahiyyə pərdəsi arxasında gizlənən qanunsuzluqlar – Sənədlər nə deyir” və “Univetal Hospital”da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlar” başlıqlı yazılardan sonra xəbərdə adı hallanan həkim Natavan Əmirova redaksiya ilə əlaqə saxlayıb.
Xəbər dərc olunduqdan sonra Natavan Əmirova saytın “Instagram” hesabına öz mobil nömrəsini yazaraq əlaqə saxlanılmasını xahiş edib. Redaksiya onunla əlaqə saxladıqda, həkim Natavan Əmirova ilk olaraq bildirib ki, o nə zaman və saytın baş redaktoru Nahid Canbaxışlıya hədə-qorxu gəlindiyini və bu məsələdə onun adının hallanmasını əsas tutaraq Baş Prokurorluğa müraciət etdiyini bildirib.
Müsahibə zamanı Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı Natavan Əmirovaya bildirib ki, ona birbaşa zəng olunmayıb, sadəcə olaraq yazılan xəbərlərlə bağlı müxtəlif vasitələrlə məlumatlar daxil olub. Baş redaktor həkimə yayılan məlumatlara aydınlıq gətirməyi təklif edib və onun mövqeyinin dərc olunacağını qeyd edib. Bundan sonra Natavan Əmirova nüfuzlu bir xəstəxanada şöbə müdiri kimi çalışdığını vurğulayıb: “Mən Azərbaycan Respublikasının ən hörmətli və çoxprofilli xəstəxanalarından birində işləyirəm. Səhiyyə Nazirliyi plastik cərrahları yoxlayanda bizim klinikada da yoxlanışda olub. Cərrahiyyə sənədləri, anesteziologiya sənədləri və əməliyyat otağının kameraları yoxlanılıb və müəyyən olunub ki, mən qanunvericiliklə icazə olunmamış heç bir əməliyyat icra etmirəm. Yoxlamadan sonra verilən rəsmi qərarda mənim adıma xüsusi yer ayrılıb və heç bir nöqsan aşkar olunmayıb.” Baş Redaktor Nahid Canbaxışlı:
“Səhiyyə Nazirliyinin açıqladığı sertifikatlı plastik cərrahların rəsmi siyahısında adınız yoxdur. Ekspertiza Mərkəzi bildirir ki, həmin siyahıda adı olmayan şəxslərin bu fəaliyyəti həyata keçirməsi qeyri-qanunidir. Həmçinin, sizin şəxsi Instagram səhifənizdə plastik əməliyyatlarla bağlı paylaşımlar yerləşdirilib”-sualına cavabda isə Natavan Əmirova qeyd edib ki, o cərrahiyyə şöbəsinin müdiridir və rəhbərlik etdiyi şöbədə plastik cərrahlar və ümumi cərrahlar işləyir: “Mən onların işini sosial şəbəkədə təbliğ etməliyəm. İllərlə qazandığım böyük pasiyent kütləm var, onları itirmək istəmirəm. Pasiyent mənim yanıma gəlir, mən onu şöbəmizdəki müvafiq mütəxəssis həkimlə tanış edirəm və əməliyyatı həmin həkim icra edir”.
Natavan Əmirova açıqlamasında qeyd etdi ki, ümumi cərrah olaraq qanunvericiliyə və Səhiyyə Nazirliyinin təsdiqlədiyi qaydalara əsasən, onun (həmçinin müvafiq xüsusi hazırlıq keçmiş ümumi cərrahların) törəmə səbəbindən və ya müvafiq göstərişlərlə bəzi plastik cərrahiyyə üzrə əməliyyatları həyata keçirmək hüququ vardır. “Qeyd edim ki, bura – Ektopik süd vəzinin toxumasının kəsiklə çıxarılması, əlavə gilənin kəsiklə çıxarılması, İkitərəfli reduksiya mammoplastikası, amputasion mammoplastika, reduksiya mammoplastikası (ginekomastiya səbəbindən), Artırma məqsədilə mammoplastika, Auqmentasiya üçün süd vəzinə birtərəfli inyeksiya, Artırma məqsədilə döş vəzinə ikitərəfli inyeksiya , Süd vəzinə birtərəfli implant, Süd vəzinə ikitərəfli implant / Döş vəzinin implantı, Süd vəzinə piy qrefti (daxil edilib: autoloji qreft üçün piyin ekstraksiyası, autoloji piyin transplantasiyası və ya köçürülməsi, süd vəzinə piy qrefti, doldurulmuş qreftlə birlikdə və ya onsuz, mikro-piy qreftinin köçürülməsi), Süd vəzinə parçalanmış dəri qreftinin qoyulması, Süd vəzinə eninə tam dəri qreftinin qoyulması, Mastopeksiya, “Transverse rectus abdominis” əzələ-dəri (TRAM) yamağı, ayaqcıqda, Süd vəzinin digər total rekonstruksiya növləri, Gilənin transpozisiyası, Gilənin digər bərpa və ya rekonstruksiya növləri, Digər yerlərdə qoyulan digər dəri qreftləri, Ölçü kiçildilməsi üzrə plastik əməliyyat, adipoz toxumasının reduksiyası – abdominoplastika (qarın divarı (pendulous), əllər (“batwing”), sağrı budlar (troxanterik lipomatoz)). Qeyd etməliyəm ki, Siyahıda göstərilən bu əməliyyatlar xüsusi hazırlıq keçmiş cərrahlar tərəfindən icra edilə bilər”.
Redaksiya olaraq qarşı tərəfin,Natavan Əmirovanın mövqeyini təqdim etməklə yanaşı, onu da qeyd edirik ki, KİV haqqında qanuna müvafiq olaraq, Natavan Əmirovanın təqdim etdiyi müvafiq sənədləri də məqaləyə əlavə edirik.
Vətəninfo.az



























