image-reklam-veteninfo
image-1backend

İş saatları artır, bəs gəlirlər necə dəyişir?

image-reklam-veteninfo

Azərbaycanda işçilərin işlədiyi orta aylıq saatların artması əmək bazarında diqqət çəkən göstəricilərdən biridir. 2026-cı ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatı 144 saat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 saat və ya 2,2 faiz çoxdur. 2025-ci ilin ilk yarısında isə bu göstərici 140,9 saat olub.

İş vaxtının artması ilk baxışdan əmək bazarında fəallığın yüksəldiyini göstərsə də, burada əsas sual ortaya çıxır: işçilər daha çox işləyirsə, onların gəlirləri də buna uyğun artırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, iş saatlarının artmasını birbaşa əmək məhsuldarlığının yüksəlməsi kimi qiymətləndirmək doğru deyil.

Ekspertin sözlərinə görə, əmək məhsuldarlığında ciddi artım olsaydı, bunun ümumi daxili məhsulun göstəricilərində də daha aydın şəkildə özünü göstərməsi gözlənilirdi.

“Əmək məhsuldarlığı yüksəlsəydi, Azərbaycanda ümumi daxili məhsulda da ciddi artım müşahidə olunardı. Amma hazırda belə bir ciddi artım görmürük. Bu səbəbdən iş saatlarının artımını yalnız əmək məhsuldarlığının yüksəlməsi ilə izah etmək mümkün deyil. Məsələnin başqa səbəbləri də araşdırılmalıdır”, – deyə N.Cəfərli bildirib.

Onun sözlərinə görə, burada əmək qanunvericiliyinin tələblərinə əməl olunub-olunmaması da diqqətdə saxlanılmalıdır.

“Bu, ciddi məsələdir və araşdırılmalıdır. Əmək qanunvericiliyinə əməl olunurmu, işçilərin hüquqları pozulurmu, əlavə iş saatlarında çalışanlar bunu könüllü edirlərmi – bütün bunlara aydınlıq gətirilməlidir. Əlbəttə, işçinin əlavə saatlarda könüllü çalışması mümkündür. Lakin məhsuldarlığın da paralel olaraq artdığını söyləmək, təəssüf ki, mümkün deyil”, – deyə ekspert qeyd edib.

N.Cəfərli vurğulayıb ki, nominal əməkhaqqının yüksəlməsi işçinin hər əlavə işlədiyi saat üçün gəlirinin eyni nisbətdə artması demək deyil. Onun sözlərinə görə, əməkhaqqının dəyişməsinə yalnız iş saatları deyil, fəaliyyət sahəsi, vəzifə, əmək məhsuldarlığı, işəgötürənin ödəniş siyasəti və digər iqtisadi amillər də təsir göstərir.

Digər tərəfdən, iş vaxtının artması əmək bazarında əlavə iş yükünün olub-olmaması məsələsini də gündəmə gətirir. Əgər işçi daha çox işləyir, lakin bunun müqabilində gəliri və əmək şəraiti adekvat şəkildə dəyişmirsə, bu halda söhbət məhsuldarlıq artımından deyil, əmək yükünün yüksəlməsindən gedə bilər.

Ekspertin də vurğuladığı kimi, əsas məsələ təkcə iş saatlarının nə qədər artması deyil. Əsas sual budur: işçi daha çox işlədikcə onun gəliri, əmək hüquqları və sosial təminatı da eyni səviyyədə yaxşılaşırmı?

Nəticə etibarilə, 2026-cı ilin ilk yarısında orta aylıq işlənmiş iş saatlarının 2,2 faiz artması əmək bazarında diqqətlə araşdırılmalı olan göstəricidir. İş vaxtı ilə yanaşı, əmək məhsuldarlığının, real gəlirlərin və saatlıq əməkhaqqının dinamikası da qiymətləndirilməlidir. Yalnız bu göstəricilərin birlikdə təhlili Azərbaycanda işçilərin həqiqətən daha məhsuldar işlədiyini, yoxsa sadəcə daha çox işləməyə başladığını ortaya çıxara bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki