image-reklam-veteninfo
image-1backend

WP: İran üzərində qələbə qaçır — Tramp müttəfiqlərini getdikcə daha çox təhdid edir

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp İranı təslim olmağa məcbur edə bilmədikcə, getdikcə daha çox öz müttəfiqlərini təhdid etməyə başlayıb.

“The Washington Post” yazır ki, analitiklər Trampın son günlərdəki sərt ritorikasını İranla uzanan və dalana dirənən müharibədən yaranan artan məyusluğun göstəricisi hesab edirlər.

Tramp bu həftənin əvvəlində İranla müharibənin dayandırılması istiqamətində vasitəçilik edən ABŞ müttəfiqi Omanı bombalamaqla hədələyib. Ertəsi gün isə ABŞ prezidenti Hörmüz boğazını, Omanı, Birləşmiş Ərəb Əmirliklərini və İranın ətraf ərazilərini göstərən xəritə paylaşaraq həmin ərazini “YENİ ABŞ ƏRAZİSİ” adlandırıb.

Çərşənbə günü Tramp İrana qarşı “iqtisadi D-gün” elan edib və Tehranla əməkdaşlığı davam etdirən ölkələrin ciddi nəticələrlə üzləşəcəyini bildirib.

Analitiklərin fikrincə, Trampın sərtləşən ritorikası onun artan qıcıqlanmasını əks etdirir. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından təxminən yarım il sonra münaqişə hələ də başa çatmayıb və Trampın gözlədiyi nəticə əldə olunmayıb.

Karnegi Beynəlxalq Sülh Fondunun Yaxın Şərq üzrə eksperti Endryu Leberin sözlərinə görə, Tramp “çıxa bilmədiyi bir vəziyyətdədir”.

Ekspert hesab edir ki, nə hərbi güc, nə də sərt ritorika problemi həll edə bilir. Buna görə də Tramp İranı mövqeyini dəyişməyə məcbur edə bilmədikcə, narazılığını digər ölkələrə yönəldir.

Bununla belə, Ağ Ev İran kampaniyasının uğurlu olduğunu iddia edir. Administrasiyanın nümayəndələri ABŞ-ın İranın hərbi potensialına ciddi zərbə vurduğunu və dəniz blokadasının ölkə iqtisadiyyatına böyük ziyan yetirdiyini bildirirlər.

Müharibə isə son həftələrdə faktiki olaraq dalana dirənib. ABŞ-ın İrana zərbələri və İranın Fars körfəzindəki ABŞ müttəfiqlərinə hücumları azalıb. Vaşinqtonun silah ehtiyatlarının azalması ilə bağlı müzakirələr fonunda Tramp getdikcə daha çox hərbi əməliyyatlardan deyil, iqtisadi təzyiqdən istifadə etməyə çalışır.

Ekspertlər qeyd edirlər ki, ABŞ sanksiyaları İran iqtisadiyyatına ciddi zərbə vurub və bunun nəticələrini xüsusilə mülki əhali hiss edir. Lakin iqtisadi təzyiq Tehranı Vaşinqtonun tələb etdiyi güzəştlərə getməyə məcbur etməyib.

ABŞ üçün əsas məsələlərdən biri Hörmüz boğazında normal gəmiçilik hərəkətinin bərpa olunmasıdır.

Keçmiş ABŞ diplomatı Alan Eyra hesab edir ki, Trampın açıqlamaları onun qıcıqlandığını göstərir. Çünki boğazdan keçən gəmiçilik trafikini normal səviyyəyə qaytarmaq kimi minimum məqsəd belə hələlik əldə olunmayıb.

Hörmüz boğazında gəmiçilik son dərəcə məhdudlaşıb. TIME-ın məlumatına görə, avqustun ortalarında bir həftəsonu boğazdan cəmi beş yük gəmisi keçib; əvvəlki həftəsonunda bu rəqəm 31 idi.

Trampın xüsusi narazılıq göstərdiyi ölkələrdən biri Omandır.

Hörmüz boğazının digər sahilində yerləşən Oman ABŞ və İran arasında danışıqlarda vasitəçi rolunu oynayır. Tehran və Maskat boğazda kommersiya gəmiçiliyinin gələcək idarə olunması ilə bağlı razılaşma əldə etməyə çalışırlar. Ekspertlərin fikrincə, Tramp Omanla İran arasında boğazın idarə olunmasına dair mümkün razılaşmadan narazıdır. Bununla belə, maraqlı məqam ondan ibarətdir ki, daha əvvəl Omanın bu danışıqlarda iştirakına razılıq verən də məhz Tramp administrasiyası olub.

Trampın Omanı bombalamaqla bağlı hədələri Vaşinqtonun ənənəvi müttəfiqləri arasında da narahatlıq yaradıb.Trampın Hörmüz boğazını “YENİ ABŞ ƏRAZİSİ” adlandırması da ciddi mübahisələrə səbəb olub.

ABŞ prezidentinin bu açıqlaması İran tərəfindən kəskin şəkildə rədd edilib. Tehran bildirir ki, Hörmüz boğazı İran və Oman sahilləri arasında yerləşir və ABŞ-ın birtərəfli qərarı həmin ərazinin hüquqi statusunu dəyişə bilməz.

Beynəlxalq hüquq üzrə ekspertlər də Trampın birtərəfli qaydada boğazı ABŞ ərazisinə çevirə bilməyəcəyini vurğulayırlar. Boğaz İran və Oman arasında yerləşir və onun statusunun dəyişdirilməsi yalnız ABŞ prezidentinin bəyanatı ilə mümkün deyil.

Tramp isə ABŞ-ın faktiki olaraq boğaza nəzarət etdiyini bildirir. Onun sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi dəniz blokadası səbəbindən gəmilər yalnız Vaşinqtonun icazəsi ilə keçə bilir.

Tramp hərbi təzyiqlərlə yanaşı, İrana qarşı iqtisadi təzyiqi də maksimum həddə çatdırmağa çalışır.

ABŞ prezidenti İranla ticarət və maliyyə əlaqələrini davam etdirən ölkələri, bankları, neft şirkətlərini, gəmiçilik və digər strukturları sərt tədbirlərlə hədələyib.

ABŞ maliyyə naziri Skott Bessentin açıqlamalarına görə, Vaşinqton İranla bağlı “tarixdəki ən sərt sanksiyaları” tətbiq etməyə hazırlaşır. Məqsəd İranı iqtisadi baxımdan daha da təcrid etmək və Hörmüz boğazında gəmiçiliyin bərpasına nail olmaqdır. RReuters

Lakin ABŞ-ın sanksiya imkanları da əvvəlki qədər geniş deyil. İran 2018-ci ildən bəri ağır ABŞ sanksiyaları altındadır. Buna görə də yeni tədbirlər əsasən İranla əməkdaşlığı davam etdirən üçüncü ölkələrin və şirkətlərin cəzalandırılmasına yönələ bilər.

Ekspertlər mümkün hədəflər sırasında Çin, BƏƏ və Türkiyəni, həmçinin İran nefti ilə əlaqəli bankları, neft emalı zavodlarını və maliyyə qurumlarını göstərirlər.

Körfəz ölkələri isə son dərəcə mürəkkəb vəziyyətlə üzləşiblər.

Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ bir tərəfdən ABŞ-la strateji münasibətləri qorumağa, digər tərəfdən isə İranla iqtisadi əlaqələri və regional təhlükəsizliyi təmin etməyə çalışırlar.

Xüsusilə BƏƏ üçün vəziyyət həssasdır. Ölkə İranın mühüm ticarət tərəfdaşlarından biri olsa da, Vaşinqtonun təzyiqi fonunda Tehranla əlaqələri məhdudlaşdırmağa başlayıb.

Reuters-in təhlilinə görə, Körfəz regionunda gərginliyin artması ticarət və enerji marşrutlarına ciddi təzyiq göstərir, Hörmüz boğazından keçən gəmiçilik isə kəskin şəkildə azalıb.

Region ölkələri Hörmüz boğazından yan keçməklə yük və enerji daşımaları üçün alternativ marşrutları da nəzərdən keçirirlər.

Mümkün variantlardan biri Oman və İranın iştirakı ilə boğazdan keçən gəmilərin hərəkətinin tənzimlənməsi barədə razılaşmanın əldə olunmasıdır. Belə bir mexanizm çərçivəsində gəmilərin keçidi üçün müəyyən ödənişlərin tətbiqi də müzakirə olunur.

Körfəz ölkələri üçün bu variant ideal olmasa da, əsas prioritet iqtisadiyyatın “damarlarını” açıq saxlamaq, enerji ixracını və beynəlxalq ticarəti mümkün qədər qorumaqdır.

Nəticədə, Trampın İranı iqtisadi və hərbi təzyiqlərlə geri addım atmağa məcbur etmək cəhdləri hələlik gözlənilən nəticəni verməyib. Müharibənin uzanması isə ABŞ-ın yalnız İranla deyil, öz müttəfiqləri ilə də münasibətlərini çətinləşdirir. Hörmüz boğazının statusu və gəmiçiliyin bərpası məsələsi isə münaqişənin əsas düyünlərindən biri olaraq qalır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki