Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Kiyevin mövqeyinə görə Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli üçün əlverişli şərait mövcud deyil.
Vətəninfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Peskovun sözlərinə görə, hazırda Kiyev rejiminin mövqeyi fonunda münaqişənin dinc yolla nizamlanmasına dair nikbinlik üçün əsas yoxdur.
“Hazırda Kiyev rejiminin mövqeyinə görə dinc nizamlanma ilə bağlı nikbinlik üçün heç bir əsas yoxdur. Cəbhə xəttindəki dinamika hamıya məlumdur. Dövlət başçısı və Ali Baş Komandan bu barədə dəfələrlə danışıblar. Xüsusi hərbi əməliyyat davam edir”, – deyə Peskov bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya münaqişənin həllinə səmimi şəkildə töhfə verməyə çalışan ölkələrin səylərini yüksək qiymətləndirir. Peskovun sözlərinə görə, belə ölkələrin sayı azdır və buna görə də onların göstərdiyi səylər xüsusi əhəmiyyət daşıyır.
ABŞ prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Rusiyaya mümkün səfərinə də toxunan Peskov bildirib ki, onlar rusiyalı həmkarları üçün hər zaman arzuolunan həmsöhbətlərdir. Bununla belə, onun sözlərinə görə, ABŞ nümayəndələrinin mümkün səfərinin dəqiq tarixi hələ müəyyən edilməyib.


























