Bakı şəhərində və Abşeron rayonundakı DOST Mərkəzlərində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox şəhid ailəsi üzvü və müharibə iştirakçısı müraciət edib.
Veteninfo.az xəbər verir ki, Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan vahid əlaqələndirmə mərkəzləri şəhidlərimizin ailə üzvləri, müharibə əlilləri və Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlər göstərir.
Bu mərkəzlərdə hazırda 21 dövlət orqanı (6 mərkəzi, 15 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir.
Mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:
– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 1343 müraciət;
– Müdafiə Nazirliyi üzrə 1618 müraciət;
– Səhiyyə Nazirliyi üzrə 90 müraciət;
– Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 199 müraciət;
– Yerli icra hakimiyyəti orqanları üzrə 222 müraciət;
– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 95 müraciət;
– Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 278 müraciət;
– Çağrı mərkəzi-142 vasitəsilə 249 müraciət.