ABŞ vitse-prezidenti Ceyms Devid Vens Donald Trampın “Truth Social” platformasında İranın enerji mərkəzi hesab olunan Xarq adası ilə bağlı paylaşımının Tehrana xəbərdarlıq mesajı olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Vens bazar ertəsi jurnalistlərə açıqlamasında Trampın Xarq adasının “kül qalağına” çevrilməsi barədə paylaşımına münasibət bildirib.
“Prezident bəzən sosial şəbəkələrdə öz üslubunu dəyişməyi xoşlayır. Hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə bəyanat vermədiyini ilk etiraf edən də məhz özü olacaq. Lakin məncə, o, iranlılara mesaj göndərir”, – deyə Vens qeyd edib.
Qeyd edək ki, fevral-mart aylarında ABŞ və İsrailin İrana qarşı müharibəsi başlamazdan əvvəl Xarq adası İranın neft ixracında mühüm rol oynayırdı. Ölkənin neft yüklərinin təxminən 90 faizinin məhz bu adadan yüklənərək ixrac edildiyi bildirilirdi.
Xarq adasına mümkün hücum İranın enerji ixracına ciddi zərbə vura və ölkə iqtisadiyyatında ağır nəticələrə səbəb ola bilərdi.


























