image-96214150-6040-4417-ba6f-9d925c79753dbackend

“XORUZU QOLTUĞUNDA” FRANSA DİPLOMATİYASI – Və Azərbaycanın çoxdan baş verməli olan diplomatik uğuru

image-reklam_sirab_01

İki gün öncə erməni mətbuatında Fransa Prezidenti Emmanuel Makronla Baş nazir Nikol Paşinyan arasındakı müzakirələrə dair maraqlı məlumat yayıldı. Məlum oldu ki, Fransa Prezidenti Paşinyana Ermənistanın KTMT-dən çıxmasını məsləhət görməyib. Yəni, deyib ki, bizə çox da bel bağlama. Bunu Paşinyan özü Ermənistanın xarici ölkələrdəki səfirlərilə keçirdiyi görüşdə bildirib. Baş nazir səfirlərə deyib ki, Makron ona KTMT-dən çıxmamaq barədə xəbərdarlıq edib. Çünki “Paris Ermənistanın təhlükəsizliyinə dair təminatı öz üzərinə götürə bilmır”.

Ötən gün isə məlum oldu ki, Fransanın BMT Təhlükəsizlik Şurasının(TŞ) üzvü kimi önə sürdüyü növbəti ermənipərəst təşəbbüsü uğursuzluğa düçar olub. Məlum olduğu kimi, dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı az qala “humanitar fəlakət”, “qırğın” görüntüsü yaradaraq, BMT TŞ-nın iclasını çağırmışdı. Bundan dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və TŞ-nın hazırkı sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı ermənipərəst, təxribatçı, fitnə-fəsad mahiyyətli mətn hazırladı. 10 gün idi ki, bu mətnlə bağlı əsl diplomatik savaş gedirdi və bu savaşda Parisi Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri təmsil edirdi.

 

Makron düşünürdü ki, onun “diplomatiya əsgərləri” bu bəyanatı qəbul etdirəcək və bundan sonra həmin bəyanatı qətnaməyə çevirəcək. Elə Ermənistan hakimiyyəti və xaricdəki diasporası da eyni ümidlərlə yaşayırdı. Lakin Azərbaycan təkcə döyüş meydanında deyil, diplomatiya savaşında da döyüşmək və qalib gəlmək bacarığını ortaya qoydu. Rəsmi Parisin həmin sənədi dəstək almadı. BMT TŞ-nin daimi üzvü və hazırkı sədri Fransa 10 gün ərzində bütün resurslarını işə salsa da, bu bəyanatı qəbul etdirə bilmədi. Hətta buna görə rəsmi Parisin BMT yanında Daimi nümayəndəsi və onun müavininin karyerası sual altına düşdü.

Məlum oldu ki, Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər. Nəticədə BMT TŞ üzvü kimi nüfuzu zədələnmiş Fransa geri çəkilmək məcburiyyətində qalıb.

Əlbəttə ki, yuxarıda adı sadalanan ölkələrin bu mövqeyi təqdirə layiqdir. Bu, xüsusilə də Böyük Britaniyanın Azərbaycanın maraqlarına uyğun olan ilk belə addımı deyil və bunun kifayət qədər geniş iqtisadi, siyasi və s. maraqlara, hətta tarixi köklərə malik olan səbəbləri var. Lakin ondan fərqli olaraq, Rusiyanın da eyni sırada durması bir çoxları üçün gözlənilməz, hətta sevindirici oldu. Əslində isə Rusiyanın mövqeyi Azərbaycanın yox, özünün siyasi maraqlarından irəli gələn məcburi mövqedir. Yəni ki, Rusiyanın ermənipərəst sənədin qəbulunun əleyhinə olması Azərbaycana qarşı sevgisindən yox, Ermənistanı Fransaya qapdırmamaq istəyindən irəli gəlir. Çünki Parisin Qafqazda və onun “arxa bağçası” olan Ermənistanda təşəbbüsü ələ alması qətiyyən Moskvanın maraqlarına uyğun deyil.

Uzun illər, hətta əsrlər boyu Rusiyanın siyasi hərəmxanasında özünəməxsus yeri olan Ermənistanın Fransa ilə nikahdankənar izdivacı Kremlin “namusuna” toxunur.

Digər yandan belə bir bəyanatın, ardınca isə qətnamənin qəbulu perspektivi Rusiyanın Qarabağda zatən gözdən düşmüş sülhməramlı missiyasının effektivliyini BMT TŞ səviyyəsində sual altına ala bilərdi. Bu isə Moskvaya lazım deyil. Odur ki, Moskvanın Fransanın iyrənc təşəbbüsünü dəstəkləməməsi Azərbaycanın deyil, məhz öz maraqlarını güdməsindən irəli gələn qərar oldu…

Azərbaycan isə sahədə, döyüş meydanında şəhidlərimizin müqəddəs qanı ilə qazandığı qələbəni dünyada qazandığı dost ölkələrin dəstəyi ilə diplomatiya sahəsində də gücləndirdi. Təsadüfi deyil ki, Azərbaycan hakimiyyətinin siyasi opponentləri daxili problemləri hər nə qədər qabarda bilsələr də, ölkə rəhbərliyinin xarici siyasətdəki uğurlarını etiraf etməli olurlar. Azərbaycanın bu diplomatik uğurunun kökündə ilk növbədə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən haqlı mövqeyi, daha sonra isə Prezident İlham Əliyevin uzaqgörən, çevik, dərindən düşünülmüş siyasəti durur. Ermənistana gəlincə, onun zatən itirəcəyi şey çox deyil. Fransa isə bununla da Qafqazda ciddi diplomatik zərbə aldı və onun onsuz da ermənipərəst mövqeyi ilə eybəcərləşən sifəti bir qədər də eybəcər, hətta iyrənc görkəm aldı. Özü də təkcə Azərbaycanın gözündə yox…”AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki