Yunanıstanda “F-4 Phantom” qırıcı təyyarəsi qəzaya uğrayıb. Hadisə Afinanın yaxınlığında, Tanaqra hava limanında keçirilən aviaşou zamanı baş verib.
“Reuters”in Yunanıstan Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən yaydığı məlumata görə, təyyarə aviaşou zamanı qəzaya uğrayıb.
Yunanıstan Teleradioyayım Korporasiyasının (EPT) məlumatına əsasən, təyyarə yerə çırpıldıqdan dərhal sonra partlayış baş verib. Hadisə şahidlərinin sözlərinə görə, qırıcı qəfil hündürlük itirərək yerə doğru enməyə başlayıb və daha sonra yerə çırpılıb.
İlkin məlumatlara görə, hadisə yerində paraşüt aşkarlanmayıb və pilotların taleyi müəyyənləşdirilməyib.
Daha sonra Yunanıstanın Afina-Makedoniya Xəbər Agentliyi (ANA-MPA) yerli hakimiyyət orqanlarına istinadən bildirib ki, qırıcının göyərtəsində olan hər iki pilot həlak olub. Onların meyitləri təyyarənin qəzaya uğradığı ərazidə aşkarlanıb.
Qəza nəticəsində yaranan yanğının söndürülməsi üçün hadisə yerinə iki helikopter cəlb olunub.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.


























