image-zelzele-11-696x391backend

Zəlzələnin gücü nədir və necə ölçülür?

image-reklam_sirab_01

Türkiyədə fevralın 6-da yerli vaxtla səhər saat 04:17-də Kahramanmaraşda baş verən və Türkiyənin ən azı 10 vilayətinə təsir edən 7.7 bal gücündə, daha sonra 13:24-də Kahramanmaraşın Elbistan rayonunda baş verən ikinci 7.6 bal gücündə zəlzələ minlərlə insanın ölümünə səbəb oldu.
Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarəediməsi Agentliyi (AFAD) əvvəlcə zəlzələnin 7.4 bal gücündə olduğiunu bildirsə də, hesablamanı yenidən apararaq təkanın gücünün 7.7 olduğunu açıqladı.

Kandilli Rəsədxanası da bəyanatını yenidən nəzərdən keçirərək, zəlzələnin gücünün 7.7 olduğunu bildirib.

Bundan əlavə, Kandilli Rəsədxanası zəlzələnin episentrinin əvvəlcə Kahramanmaraş olduğunu desə də, sonradan Gaziantepi zəlzələ mərkəzi kimi göstərib.

AFAD isə belə bir dəyişiklik etmədi və episentrin Kahramanmaraş Pazarcık olduğunu bildirdi.

ABŞ Geoloji Araşdırmalar Xidməti (USGS) zəlzələnin 7.8 bal gücündə olduğunu qeyd edib.

Bölgədə müxtəlif gücdə yeraltı təkanlar hələ də müşahidə edilir, mütəxəssislər bunun bir müddət davam edəcəyini deyirlər.

Zəlzələnin maqnitudası nə deməkdir?
Zəlzələ sınma xətlərində yığılmış enerjinin sərbəst şəkildə havaya çıxması zamanı yer qabığının qırılması nəticəsində baş verir.

Zəlzələnin gücü ilə bağlı bəzən müxtəlif açıqlamalar verilə bilər.

Qurumlar zəlzələnin gücünün ölçülməsi ilə bağlı müxtəlif sistemləri əsas götürürlər.

Kandilli Rəsədxanası zəlzələnin gücünü “parçalanmış səthin və sərbəst şəkildə atmosferə yol tapan enerjinin səviyyəsini göstərən ölçü” kimi təyin edir.

AFAD isə bildirir ki, zəlzələnin gücü “zəlzələ nəticəsində ayrılan ümumi enerjini xarakterizə edən instrumental ölçmə və hesablama nəticəsində müəyyən edilən kəmiyyətdir”.

Kandilli Rəsədxanasının məlumatına görə, zəlzələni yaradan tektonik çatlar adətən yer qabığının dərinliyində olur, lakin güclü zəlzələlərdə yer səthinə çatır və səthin üzərində yarıqlar yaradır ki, buna sınma xətləri deyirik.

Zəlzələnin gücü (maqnitudası) necə ölçülür?
Zəlzələ zamanı dərinliklərdə əmələ gələn çatı birbaşa görmək mümkün olmadığı üçün səthin sahəsi dolayı yolla təxmin edilir, onun ölçüləri haqqında isə yaratdığı təsirləri araşdıraraq təsəvvür əldə etmək olar.

Kandilli Rəsədxanası bu prosesi aşağıdakı kimi izah edir:

“Misal üçün, kimsə hovuza daş atıb, amma daşın ölçüsünü bilmirik. Daşın hovuza düşən səsinə qulaq asaraq ya da hovuzdakı dalğaların ölçüsünə baxaraq onun kiçik və ya böyük daş olduğunu təxmin edə bilərik. Zəlzələnin ölçüsünü təxmin etmək də buna bənzər bir prosesdir. Zəlzələ yer qabığında hovuzdakı suya bənzər dalğalanmalar yaradır”.

Yer qabığındakı bu dalğalanmaları ölçmək üçün seysmometr adlanan cihazlardan istifadə edilir.

Lakin bu asan proses deyil.

Eyni zamanda zəlzələnin maqnitudasını təyin edərkən vahid metoddan istifadə etmək mümkün deyil.

Kandilli Rəsədxanası fərqli üsullardan istifadə edilmənin səbəbini belə açıqlayır:

“Müəyyən bir üsulun müəyyən maqnitud diapazonunda və müəyyən məsafədə baş verən zəlzələlər üçün etibarlı olmasına baxmayaraq, daha güclü və ya daha uzaq zəlzələlər üçün fərqli üsullardan istifadə edilməlidir. Əslində, bu fərqli üsulların eyni zəlzələyə tətbiq edilməsi zamanı, fərqli nəticələr əldə etmək ehtimalı var. Bununla belə, ən etibarlısı həmin ölçü və məsafəyə uyğun olan sistemdən istifadə etməkdir”.

zəlzələ, təbii fəlakət
Müxtəlif ölçü sistemləri
Zəlzələnin gücünün ilk ölçü sistemi 1935-ci ildə ABŞ seysmoloqları Charles Richter ve Beno Gutenberg tərəfindən hazırlanmış və 1936-cı ildə istifadə edilməyə başlanmışdı.

Kandilliyə görə, Richter cədvəli kimi bilinən Yerli (Lokal) Maqnitud (ML) lokal təkanları qeydə almaq üçündür.

Bu üsul hovuza atılan daş nümunəsi ilə belə izah edilir:

“Bu, suyun içinə yerləşdirilmiş mikrofonla daşın suya dəydiyi zaman yaratdığı səs dalğalarını dinləməyə bənzəyir. Səsin yaratdığı ən yüksək amplituda məsafə ekvivalenti ilə ölçülərək, daşın həcmi haqqında təsəvvür yaradacaq”.

Kandilli Rəsədxanası Moment Magnitude (M)w adlı başqa bir ölçmə sisteminin ən etibarlı üsul olduğunu bildirir.

Müasir elmdə hesab edilir ki, əgər zəlzələ Moment Magnitude sistemi ilə hesablanarsa, o zaman başqa sistemlərdən istifadə etməyə ehtiyac qalmayacaq:

“Dəqiqləşdirmə baxımından bu daha qarışıq sistemdir. Bu metod mahiyyət etibarı ilə zəlzələnin əmələ gəlməsinin riyazi modelinin yaradılmasına bərabərdir. Bu, tədqiqatçının yerinə yetirə biləcəyi elmi iş prosesi ilə hesablana bilər və buna görə də hesablamalar müəyyən vaxt aparacaq. Bunu Avtomatik olaraq həyata keçirmək çətindir. Dünyada bir neçə rəsədxanada yalnız müəyyən maqnitudadan yuxarı zəlzələlər müntəzəm olaraq hesablanır. Praktikada yalnız müəyyən bal gücündə (M>4.0) zəlzələlər üçün Moment Maqnitudası sistemindən istifadə edilə bilər”.

Kandilli Rəsədxanası ML və Mw ölçü sistemlərindən istifadə edərkən, AFAD yalnız Mw sistemi ilə məlumatları dərc edir.

Kandilli Rəsədxanası tərəfindən sadalanan digər üsullardan bəziləri aşağıdakılardır:

Zamandan asılı maqnituda (Md) üsulu “daha böyük zəlzələ seysmometrdə daha uzun müddət titrəmələrə səbəb olacaq” prinsipinə əsaslanır. Zəlzələnin seysmometrdə nə qədər müddət ərzində titrəyiş yaratdığı ölçülür və masştabı zəlzələ mərkəzinə qədər məsafə ilə hesablanır.

Səth dalğasının miqyası (Ms) üsulu “böyük zəlzələləri (M>6.0) ölçmək üçün hazırlanıb. Hovuz nümunəsinə qayıdaraq, o, suyun səthində əmələ gələn və mərkəzdən yayılan dalğaların ən yüksək amplitudasının ölçülməsinə əsaslanır”.

Cism dalğasının miqyası (Mb) üsulu Ms metoduna bənzəyir, ancaq səthdən yayılan dalğaların əvəzinə dərinliklərdə yayılan dalğalardan istifadə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki